Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:37

ABŞ rəsmisi: «Azərbaycanda insan haqları pozuntuları davam edir»


Arxiv foto
Arxiv foto
-
İyunun 5-də ABŞ-ın ATƏT-dəki missiyasının siyasi məsələlər üzrə müşaviri Christopher Robinson ATƏT Daimi Şurasında çıxış edib. O, Birləşmiş Ştatlar adından bütün azərbaycanlıları 28 may bayramı münasibətilə təbrik edib, 1918-ci il mayın 28-də müstəqil Azərbaycanın yaradılması ilə dünyada ilk dünyəvi, demokratik müsəlman dövlətinin əsasının qoyulduğunu vurğulayıb.

«Kədərli haldır ki, iki ildən sonra Azərbaycan Demokratik Respublikası Sovet Rusiyasının Qızıl Ordusu tərəfindən yenidən işğal olunub. Azərbaycan 1991-ci ildə suveren dövlət kimi yarandı və ATƏT-in iştirakçı üzvünə çevrildi. Bu gün biz Azərbaycandakı dostlarımızı ölkələrinin insan haqları və fundamental azadlıqları sahəsində aparıcı rolunu özünə qaytarmağa çağırırıq».

MƏKAN DARALIR

Christopher Robinson Azərbaycanla Birləşmiş Ştatların enerji təchizatının şaxələndirilməsi və regional təhlükəsizliyin gücləndirilməsinə dair birgə öhdəlikləri olduğunu deyib. O, ABŞ-ın Azərbaycanı açıq bazar iqtisadiyyatının inkişafı və Dağlıq Qarabağ münaqişəsinin dinc həllində dəstəklədiyini vurğulayıb.

«Azərbaycanın Avropa Şurasında sədrliyə başladığı bir vaxtda Birləşmiş Ştatlar demokratik inkişaf, insan haqları və fundamental azadlıqların qorunması sahəsində bu ölkə ilə işləməyə sadiqdir. Ancaq təəssüf ki, Azərbaycan hökuməti vətəndaş cəmiyyətinin işlədiyi məkanı daraltmaqdadır. Durum getdikcə pisləşir və bu, bütün regionda təhlükəsizliyə hədə yaradır».

ŞÜBHƏ YARADAN MƏHKƏMƏ HÖKMLƏRİ

Anar Məmmədli
Anar Məmmədli
«Biz Azərbaycan hökumətini sərbəst toplaşma və birləşmə, ifadə və vicdan azadlıqlarının qorunması üçün beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq. Birləşmiş Ştatlar mayın 26-da Seçkilərin Monitorinqi və Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 5 il yarım müddətinə azadlıqdan məhrum edilməsindən dərin narahat olub».

«Bu məhkəmə hökmləri Azərbaycanın dostlarında onun demokratik inkişafa sadiq qalmasının səmimiliyinə şübhə yaradır. Biz həmçinin Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və ərinin pasportlarının alınmasından narahatıq. Leyla Yunus xalq diplomatiyası layihəsinin güclü tərəfdarıdır. Ona və jurnalist Rauf Mirqədirova qarşı təhqiqat vətəndaş cəmiyyətinə, özəlliklə Dağlıq Qarabağ münaqişəsinin dinc həllinə çalışanlara mənfi təsir göstərir».

ANCAQ BİR YOL VAR

«Azərbaycan gələcək sabitliyi və çiçəklənməsini ancaq bir yolla təmin edə bilər – demokratik inkişaf üçün vacib sayılan daha açıq cəmiyyətə şərait yaratmaqla. Bu da öz növbəsində ölkə vətəndaşları üçün sabitlik və çiçəklənmənin uzunmüddətli əsasını yarada bilər. Biz Azərbaycan hökumətini siyasi plüralizm mühitini gücləndirmək üçün işə başlamağa, müstəqil media və vətəndaş cəmiyyətinin işləməsi üçün məkanı genişləndirməyə çağırırıq.»

«Birləşmiş Ştatlar demokratik inkişafın irəlilədilməsi və insan haqları və fundamental azadlıqların qorunması üçün Azərbaycan hökuməti və xalqı ilə işləməyə hazırıq,» Christopher Robinson çıxışını yekunlaşdırıb.
XS
SM
MD
LG