Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:58

"Bu qurultay qəbiristanlıq iyi verir"


Əkrəm Əylisli
Əkrəm Əylisli
-

"Ramiz Rövşən, Seyran Səxavət ortaya çıxıb miskincəsinə gəncliyi tənqid edir."

"İnanın ki, Anarı gecə-gündüz tənqid edən o adamların yüzü bir Anara dəyməz".



Azərbaycan Yazıçılar Birliyinin (AYB) son qurultayına yazıçılardan reaksiyalar


Əkrəm Əylisli

- Əlbəttə, bu, qurultay deyildi, maskarad idi. Belə qurultay olmur, qurultay işgüzar tədbirdir. Qəribədir ki, AYB bu qurultayı abstrakt bir bayramla birləşdirdi.

Bilirsiniz ki, SSRİ Yazıçılar İttifaqı 1934-cü ildə yaradılıb, belə çıxır AYB bu qurultayda Sovetlər Birliyinin Yazıçılar İttifaqının 80 illik yubileyini keçirir. Gəlin görək sovet hökümətinin ədəbiyyatı idarə etmək üçün qurduğu o təşkilat kimləri boğub. Hələ mən Azərbaycanı demirəm, bu təşkilatın əli ilə elə adamlar boğulub ki, bəlkə də indi dünya ədəbiyyatında par-par parıldayan böyük imzalar idi. Onların arasında Bulqakov, Platonov, Pasternak vardı. Bütün bu adamlar o təşkilatın əli ilə min bir müsibətə salınmışdı. AYB-nin kommunist partiyasının xəttinə xidmət edən, o xətti qoruyub-saxlamağa çalışan Sovet Yazıçılar İttifaqının yubileyini təntənəli surətdə keçirməsi şəxsən mənim üçün anlaşılmazdır.

Bunlar nədənsə ən yaxşı yazıçılarımızı məhv edən, sürgünlərə göndərən cinayətkar bir təşkilatı yaşatmaq istədilər. Mənim zənnimcə, belə tədbirlər keçirmək, Müşfiqin, Cavidin, Çəmənzəminlinin xatirəsinə hörmətsizlikdir, onları unutdurmaq üçündür.

Mənim 25 ildən çoxdur tanımadığım AYB hələ təzyiqlərə məruz qalan, sıxılan, əzilən bir yazıçının da tərəfini saxlamayıb. Siz təsəvvürünüzə gətirin, Çingiz Hüseynov kimi böyük bir yazıçının 85 yaşı tamam olanda, bu, AYB-də heç kimin yadına düşmədi. Amma orda hər ay Çingiz Hüseynovun əlinə belə su tökə bilməyən adamların yubileyləri bəh-bəhlə qeyd olunur. Bu mənəviyyatla təşkilat saxlamağın bizim ədəbiyyatımıza, mədəniyyətimizə nə xeyri dəyə bilər?

Hələ bir dəfə də AYB-də gizli səsvermə yolu ilə sədr seçilməyib, mən heç vaxt təsəvvürümə belə gətirə bilməzdim ki, bir vaxtlar mənimlə ən yaxın dost, məsləkdaş olan Anar kimi, Fikrət Qoca kimi adamlar belə seçkini qəbul edə bilərlər. Bu seçkilər qəti surətdə seçki deyil, alternativ olmayan bir şeyin adına necə seçki demək olar. Bunlar kimi aldadırlar, nə demək istəyirlər?

Mən o qurultayın rəyasət heyətinə bir nəzər saldım, gördüm ki, hamısı yaşı altmışdan yuxarı olan adamlardır. Onda dedim ki, bu qurultay qəbiristanlıq iyi verir. Yazıçılar Birliyində orta yaş həddi 55-60 yaşdır. Bu məmləkət 20 ildən çoxdur ki, müstəqildir, bəs gənc ədəbi qüvvələr yaranmadımı? İnanın ki, o təşkilat sovet dövründə belə seçkilərin keçirilməsinə heç cür razı olmazdı. Ən acınacaqlısı budur ki, təşkilatın 1500 üzvü bu seçkiləri normal qəbul edir.

Bu seçkidən sonra yəqin növbəti seçkilər on il sonra olacaq. Belə çıxır onda Anarın artıq 90 yaşı olacaq və onun adı Ginnesin rekordlar kitabına düşəcək.

Mən bunu dönə-dönə demişəm ki, ədəbiyyatın əsas canlı qüvvəsi AYB-dən kənarda yaşayır və AYB buna məmnuniyyətlə dözür. Biz sevinməliyik ki, belə bir ədəbi qüvvə var və hələ də mövcudluğunu saxlayır.

Bizim ədəbi həyatımızın tarixində ən acınacaqlı günlər indi başlayır və bu heç kimin vecinə deyil. Özündən əvəzolunmaz fiqur yaratmaq bizim dövrümüzdə çox absurd şeydir. Anarla eyni dövrdə Azərbaycanın xalq yazıçısı Sabir Əhmədov yaşamışdı, o, dünyasını dəyişəndə Azərbaycanın heç ikinci fəxri xiyabanında belə onu dəfn etməyə yer tapılmadı. Musa Yaqub, Ramiz Rövşən, Seyran Səxavət, Vaqif Bayatlı kimi yazarlarımız xalq yazıçısı adına layiq olsalar da AYB rəhbərliyinin etinasız münasibətinə artıq öyrəşiblər. İndi qurultay qurtardı, üç-dörd gün sonra yenə hər şey yaddan çıxacaq, yenə hər kəs öz işində olacaq, yenə yazıçılara, istedadlara qayğı göstərilməyəcək. Təəssüf ki, belə-belə biz hər şeyə öyrəşirik.

Qan Turalı
Qan Turalı
Qan Turalı

- Mən qurultayda ancaq 20-25 dəqiqə iştirak edə bildim. Səsverməni gözləmədim. Amma qurultay haqda ümumi təəssüratlarımı bölüşmək istərdim.

Anarın seçilməsi əvvəlcədən məlum olan bir məsələ idi, bu haqda əlavə şərhə ehtiyac duymuram. Lakin qurultayda diqqətimi çəkən və məni həqiqətən məyus edən bir məsələ haqda danışmaq istərdim. Mən qurultayda gəncliyə qarşı amansız, sonsuz, səxavətli bir nifrət hiss etdim.

Məsəlçün, Seyran Səxavət gənclərlə bağlı “ədəbiyyatın bic balaları” ifadəsini işlətdi. Ramiz Rövşən gənclərin “hansı yuvanın quşu olduğunu bildiyini" dedi. Məmməd İsmayıl dedi ki, qurultayda alternativ fikir yoxdur. Əslində estetik baxımdan Məmməd İsmayılın fikri də alternativ fikir deyildi, ancaq yeganə tənqidi fikir ona məxsus idi.

Mən elə sizin sayt vasitəsilə Seyran Səxavətdən, Ramiz Rövşəndən soruşuram: Məgər qocalar arasında istedadsızlar, əxlaqsızlar azdırmı, niyə gənclərin üstünə düşürsünüz? Bu qədər nifrət sizin içinizə haradan yığılıb? İkincisi də Azərbaycan ədəbiyyatında adı-sanı olan, kitabları çap olunan, oxunan Aqşin Yenisey, Günel Mövlud, Seymur Baycan, Qismət, Mirmehdi Ağaoğlu, Nərmin Kamal, Sevinc Elsevər, Şərif Ağayar, Fərid Hüseyn, Şəhriyar Del Gerani kimi müəlliflər var, onların heç birisi qurultayda gözə çarpmırdı, nə biri durub çıxış etdi, nə söz verildi. Onların neçəsi AYB üzvüdür ki? Üzv deyilsə niyə deyillər?

Niyə Cavid Zeynallı qurultay üzvü deyildi? AYB qurultayı gənclikdən tamamilə təmizləmişdi. AYB gənclərdən tamamilə təmizlənib. Onun əvəzinə Ramiz Rövşən, Seyran Səxavət ortaya çıxıb miskincəsinə gəncliyi tənqid edir. Əgər yetkinlik yaşına çatmış yazarlarımız on ildən bir əllərinə düşən qurultay tribunasını gəncliyin əleyhinə istifadə edirsə, məncə bunun üzərində bir qədər düşünmək lazımdır. AYB Azərbaycan ədəbiyyatında köhnə təmayüllü, mühafizəkar bir qurumdur, Azərbaycan ədəbi gəncliyinin AYB-yə heç bir dəxli yoxdur. AYB sözün əsl mənasında həm estetik planda, həm yaş məsələsində qocaları təmsil edir. Ölkədə az-çox gəncləşdirmə prosesi gedir, ədəbiyyat bu prosesdə daha öndə olmalıdır, amma qurultay onu göstərdi ki, AYB qocaların təşkilatıdır, köhnə, ibtidai ədəbi zehniyyətin qalasıdır. Məsəlçün 80 yaşlı Fikrət Qocanı yenidən katib seçdilər, belə çıxır ki, növbəti qurultay da on ildən sonra keçirilsə Fikrət Qoca 90 yaşına qədər o postda olacaq.

Əlabbas
Əlabbas
Əlabbas

- Mən qurultaydan nə gözləyirdimsə, onlar oldu. Sevindirici məqam o oldu ki, uzun müddət görüşmədiyim yazar dostlarımla görüşə bildim.

O ki qaldı təşkilatı məsələlərə, deyim ki, orda hansısa gənc insanın, yaxud da Anarın seçilməsinin mənim üçün elə bir fərqi yoxdur. Ona görə ki, bu seçkiylə ədəbiyyatda heç nə dəyişilməyəcək, nə qədər ki, Azərbaycan yazıçılarına müğənnilərə, incəsənət adamlarına yaradılan şərait yaradılmayıb, yazıçı həmişə bu kökdə yaşayacaq.

İnanın ki, AYB-nin rəhbərliyinə istər istedadlı Salam Sarvanı qoysunlar, istər Aqşin Yeniseyi qoysunlar, istərsə də Şərif Ağayarı qoysunlar, heç nə dəyişməyəcək. Ola bilər, bircə şey dəyişər ki, AYB dağılar. Mənə elə gəlir, Anarın orda olması təşkilatı ayaqda saxlayır. Bu birliyin hesabına heç olmasa dövlətin nəzarətində jurnallarımız çap olunur, “Ədəbiyyat” qəzetimiz çap olunur, “Ulduz” jurnalımız çıxır. İndi ədəbiyyat elə vəziyyətə düşüb ki, gərək bunlara da şükr edək. Ola bilər Anarın AYB-dəki idarəçilyində hansısa kəm-kəsir var, amma mən onun atasına rəhmət oxuyuram, onun ədəbiyyatımız üçün gördüyü işlər danılmazdır. O həm də istedadlı yazardır, axı bu ölkədə Anarın istedadına kim şübhə edə bilər.

Şair Məmməd Arazın bir sözü var, deyir “Yüzümüz bir Sabir deyilik hələ”. İnanın ki, Anarı gecə-gündüz tənqid edən o adamların yüzü bir Anara dəyməz. Onların hansını gətirib AYB-yə sədr qoysan, sabahısı AYB dağılacaq.

Çox istərdim ki, mənim də Anar kimi uzun bir ömrüm olsun, onun qədər tənqidlərə səbrim olsun, mən də “Ağ liman”, “Gün keçdi” kimi əsərləri yaza bilim.

Azad Qaradərəli
Azad Qaradərəli
Azad Qaradərəli

- Bilirsiniz, mən əslində bitərəf bir yazıçıyam, heç vaxt AYB üzvü olmamışam, bu qurultaydan da heç bir şey gözləmirdim. Əslində Azərbaycan Yazıçılar Birliyi köhnə Yazıçılar İttifaqının qalığıdır.

Yenə də 37-ci ildəki kimi, yazıçıların boynuna kəndir keçirib idarə edirlər, onların heysiyyatına toxunurlar, kitablarını yandırırlar, yaxud maaşla, iş yeri qorxusu ilə susdururlar. Yazıçı müstəqil bir adam olmalıdır, xalqına, oxucusuna münasibətdə ayıq olmalıdır, vicdanlı olmalıdır, həqiqi sözü deməyi bacarmalıdır. Təəssüf ki, beş-altı istisnadan başqa Azərbaycanda əsl yazıçı tipi heç vaxt olmayıb, ona görə də böyük ədəbiyyatımız, böyük şeirimiz yaranmayıb. Təəssüf edirəm ki, AYB-nin qurultayında Ramiz Rövşən Pasternakdan misal çəkir ki, Anarı müdafiə etsin. Anarın 80 yaşı var, bundan sonra onu müdafiə etmək nəyə lazımdır? Anar yazarları müdafiə etməlidir. Bundan sonra Anarın o vəzifədə qalmağı bu qədərmi lazımlı bir şeydir.

Qurultayda yeganə yaddaqalan hadisə Məmməd İsmayılın çıxışı oldu. O bildirdi ki, bu alternativsiz, qeyri-müəyyən komediya, bu teatr kimə lazımdır? Anarsa cavabında Məmməd İsmayıla dedi ki, sən sus, sən Azərbaycanda yaşamırsan, Azərbaycan gerçəkliyini bilmirsən. Bu həm də o demək idi ki, Azərbaycanda bütün seçkilər elə belə keçirilir.

Bu qurultaydan sonra ədəbi mühitimizin gələcəyi ilə bağlı ümüdlərim bir az da sarsıldı, təəssüf edirəm ki, Azərbaycanda böyük ədəbiyyatın yaranması bir az da ləngiyəcək, çünki onun qarşısında başı baltalanmış böyük kötüklər var. O kötüklər təzə çıxan pöhrələrin ortaya çıxmasına mane olacaq və böyük ədəbiyyat, böyük yazıçı yaranmayacaq.

Fərid Hüseyn
Fərid Hüseyn
Fərid Hüseyn

- Mənim gözlədiyim o idi ki, Anar müəllim seçiləcək və belə də oldu.

Amma bundan sonra AYB-də nəyin necə olacağı ilə bağlı proqnoz verə bilmərəm.

Qurultaydakı çıxışında Elşad Ərşadoğlu danışdı ki, gənclərin xarici ölkələrə yaradıcı səfərlərinin təşkili, gənclərin kitablarının çapı və hətta Azərbaycanda “Litinstitut” kimi bir ədəbiyyat instituyunun yaradılması yaxşı olardı.

Bütün bu hallar gənc yazarlarla bağlı gözlənilən bir haldır.

Mən seçkidə Anar müəllimə səs vermişəm, bir halda ki, səs verdiyim adam seçilib, necə narazı qala bilərəm?

Emin Piri
Emin Piri
Emin Piri

- Bu dəfə qurultay nümayəndələri arasında gənclərin sayının artırılması alqışalayiq idi. Bu öz yerində. Bundan sonra əlbəttə gözləntilərimiz var. Sədr və katiblik öncədən məlum idi və bu yerlərə bizim iddia etməyimiz yersiz olar.

Qurultaydan daha çox qurultaydan sonrakı hadisələri gözləyirdik. Yeni gəncliyin bəzi gözləntiləri bu mərhələdə həyata keçməlidir. Buna inanırıq. Gözləntimiz azad ve istedadli genclərin bu yay aylarinda AYB-də iş baxımından öz yerini tapmasıdır. İstər təşkilatın media orqanlarında, istərsə də digər qurumlarında.

Rəşad Məcid istedadlı gənclərçün əlindən gələni edir. Amma tək onunla iş bitmir, digərləri ondan nümunə götürməlidir.
XS
SM
MD
LG