Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:30

«Araz Kurslarının şagird və müəllim heyəti sərbəst seçim edə biləcək»


Arxiv foto
Arxiv foto
-
Təhsil Nazirliyi daxil olan müraciətlərə cavab olaraq bildirir ki, Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin nəzdində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin ləğv edilməsi ilə bağlı təsisçilərin qərarı bu gün nazirliyə daxil olub.

Nazirliyin saytının iyunun 19-da yerləşdirdiyi məlumatda deyilir ki, Təhsil Nazirliyi təsisçilərin qanunvericilik çərçivəsində qəbul olunmuş qərarına hörmətlə yanaşır və onu şərh etmir. Qərarın qəbul olunması özəl təhsil müəssisələrinin tabe olduğu ictimai birliyin müstəsna səlahiyyətlərinə daxildir.

«Eyni zamanda, Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin liseylərində təhsil alan şagirdlərin və çalışan pedaqoji heyətin ölkəmizin təhsil şəbəkəsində yerləşdirilməsi üçün Təhsil Nazirliyi tərəfindən işçi qrup yaradılıb və prosesin normal gedişini təmin etmək üçün hazırlıq işlərinə başlanılıb».

Təhsil Nazirliyi ABTK-da təhsil alanların və onların valideynlərinin diqqətinə çatdırır ki, onların sərbəst seçimi əsasında müvafiq təhsil müəssisələrində təhsillərinin davam etdirilməsi, eləcə də bu məktəblərdə çalışan pedaqoji heyətin yeni dərs ili başlayanadək müvafiq qaydada yerləşdirilməsi üçün lazımi şərait yaradılacaq.

«Dövlət məktəblərinin kifayət qədər şagird qəbul etməyə imkan və şəraiti vardır. Bununla bağlı heç bir narahatçılığa əsas yoxdur. Azərbaycan təhsili zəngin ənənələrə, güclü maddi-texniki və pedaqoji potensiala malikdir. Ölkəmizin bir çox ümumtəhsil müəssisələri dünya miqyasında keçirilən müxtəlif yarışma və müsabiqələrdə yüksək nailiyyətlər qazanırlar. İnanırıq ki, bu uğurlarımız bundan sonra da artacaqdır», - deyə məlumatda bildirilir.

İyunun 18-də Dövlət Neft Şirkəti Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin (ABTK) ümumtəhsil müəssisələri və «Araz Kursları»nın fəaliyyətinin dayandırılması haqqında məlumat yayıb. Dövlət Neft Şirkəti bu təhsil müəssisələrinin bağlanmasını əlavə xərclərin qarşısının alınması ilə izah edir.

«Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin təsisçilərinin ümumi yığıncağının 18 iyun 2014-cü il tarixli qərarı ilə Birliyin təsisçisi olduğu Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin (ABTK) nəzdində fəaliyyət göstərən «Araz Kursları» MMC, onun təsisçisi olduğu digər qurumların və ümumtəhsil məktəblərinin fəaliyyəti ilə bağlı ABTM-də yaranmış əlavə xərclərin qarşısının alınması və bu layihənin maliyyə və idarəetmə baxımından mürəkkəbliyini nəzərə alaraq qeyd olunan qurumların ləğv edilməsi məqsədəmüvafiq hesab edilmişdir».

Birliyin ümumi yığıncağında, o da qeyd olunub ki, «Araz Kursları» MMC-nin fəaliyyəti ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatanadək davam etdiriləcək və ABTK-da təhsil alan və əmək münasibətlərində olan şəxslərin hüquqları və qanuni mənafeləri qanunvericiliyə uyğun şəkildə təmin olunacaq.

«Belə ki, hər bir təsisatda təhsil alan və çalışan şagird və pedaqoji heyətin yeni dərs ili başlayanadək müvafiq qaydada yerləşdirilməsi üçün lazımi tədbirlər görüləcək».

Sosial şəbəkələrdə gedən məlumatlarda adı çəkilən təhsil müəssisələrinin «nurçuluq»la bağlı olduğu bildirilir və həmin müəssisələrin bu səbəbdən bağlandığı iddia olunur.
XS
SM
MD
LG