Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 15:26

Məktəbi bitirməmiş hərbi xidmətə...


Arxiv fotosu
Arxiv fotosu
“Oğlum hərbi xidmətə yararsız idi. Buna baxmayaraq hərbi xidmətə apardılar. 9 gündən sonra vəziyyəti ağırlaşdı, hərbi xidmətdən tərxis etdilər”.

Daşkəsən sakini Urfan Niyazov danışır. O bildirir ki, oğlu Kamran Niyazov uşaqlıqdan bir neçə xəstəlikdən əziyyət çəkirmiş. Buna baxmayataq ötən ilin aprel ayında onun sağlam olması barədə rəy verərək hərbi xidmətə aparıblar:

"RÜŞVƏT VERMƏDİM, XƏSTƏ OĞLUMU ƏSGƏR APARDILAR"

“Daşkəsən rayon hərbi kommisarlığına getdim. Onlara dəfələrlə oğlumun gözlərində problem olduğunu, irsi xəstəlikdən əziyyət çəkdiyini dedim. Amma dediklərimə məhəl qoyan olmadı. Hərbi komissarlıqda yoxladılar, baxdılar, dedilər tam sağlamdır. 13-14 həkimin verdiyi rəy əsasında ailənin yeganə övladı olan xəstə oğlumu əsgər apardılar. Oğlumun sağlam, orduya yararlı olması barədə həkimlərin verdikləri rəyi sübut kimi özümdə saxlamışam. Hərbi komissarlıqda oğlumun orduya yararsız hesab edilməsi üçün 3000 manat rüşvət istədilər. Bu məbləği verməyə maddi imkanım olmadığına görə uşağımı əsgər apardılar”.

Kamran Niyazov Giləzidəki hərbi hissədə xidmət keçib. Amma cəmisi 9 gün:

“9 gündən sonra Kamranda şiddətli ağrılar başlayıb, hospitala aparıblar. Qaraciyərində exnokok kista aşkarlanıb. Təcili əməliyyat ediblər. Qaraciyərinin sol pay hissəsini kəsib götürmüşdülər. Oğlumun qaraciyərində xəstəlik olduğunu bilməmişdik”.

Ata deyir, bir aydan sonra yenidən hərbi hissəyə qaytarılan əsgər Kənan Niyazov 3 gündən artıq tab gətirə bilmir. Buna əsgər yoldaşları ilə onun arasında baş vermiş mübahisə səbəb olub, nəticədə özünə bıçaqla xəsarət yetirib:

“Əsgər yoldaşları tərəfindən incidildiyi üçün özünə bıçaqla xəsarət yetirmişdi. Təkrar hospitala qaytardılar. Bundan sonra ordudan tərxis olundu”.

HƏRBİ PROKURORLUQ ARAŞDIRIB, AMMA...

Ata deyir, Kamran hərbi xidmətə orta məktəbi bitirməmiş göndərilib:

“Xəstəlikləri ilə əlaqədar məktəbə gec gedib. Onu hərbi xidmətə aparanda 10-cu sinifdə oxuyurdu. Ancaq hərbi komissar bunu da nəzərə almadı”.

Hərbi Prokurorluqdan “Qaynar xətt”ə bildiriblər ki, bir müddət əvvəl övladının hərbi xidmətə yararsız olduğu barədə rəy verilməsi üçün ondan 3 min manat rüeşvət istənilməsi və hərbi hissədə əsgər yoldaşları tərəfindən incidilməsi barədə şikayət edib. Ancaq araşdırmalar zamanı şikayətlər təsdiqini tapmadığı üçün işə xitam verilib.

Hərbi komissarlığın mətbuat xidməti:

“Urfan Niyazov hərbi prokurorluğa ərizə ilə müraciət edərək oğlu Kənan Niyazovun qanunsuz hərbi xidmətə aparıldığını, onun yarasız hesab olunması üçün bölmə rəisi Qulu Əsədovun ondan 3000 manat istəməsini və oğlunun hərbi hissədə döyülməsini göstərib. Göstərilən faktlar hərbi prokurorluqda araşdırılıb, bu xüsusatların heç biri öz təsdiqini tapmayıb, Kamranın hərbi hissədə döyülməsi faktı isə ümumiyyətlə təkzib olunub. Buna görə də CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət tərkibi olmadığından cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib”.

Ata isə deyir, indi Kənan 3-cü qrup əlildir, əmək qabiliyyətini itirib. O, son ümidini prezidentə müraciətdə görüb və hazırda Prezident Administrasiyasına göndərdiyi məktubun casbanı gözləyir.
XS
SM
MD
LG