Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:52

«Azərbaycan ordusunda NATO standartları... haradasa 10 faiz civarındadır»


Cəsur Sümərinli
Cəsur Sümərinli

-

Gözlə

No media source currently available

0:00 0:11:20 0:00
Direct-ə keçid

İyunun 26-da Azərbaycan öz silahlı qüvvələrinin – Milli Ordunun yaranma gününü qeyd edir. «Doktrina» Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli AzadlıqRadiosuna Azərbaycan ordusunun bugünkü vəziyyətini şərh edir.

- Bugünkü Azərbaycan ordusunu, böyük iqtisadi imkanlara malik ölkənin uzun illər ərzində tam formalaşdıra, müasirləşdirə bilmədiyi bir ordu sayıram. Azərbaycan 23 ildir müstəqildir. Bu, ordu quruculuğu üçün böyük müddətdir. Amma bu qədər iqtisadi imkanlar ola-ola, istədiyimiz orduya hələ də nail ola bilməmişik. Bunun günahı ordunu uzun illər idarə edənlərdədir. Səfər Əbiyevin 19 illik nazirliyi dönəmində inkişafda xeyli gecikmələr olub. İndi görünən odur ki, ordunu yenidən formalaşdırırıq. Müdafiə naziri Zakir Həsənovun son günlər dediklərindən belə çıxır ki, ən xırda detalları da yenidən işləməyə başlayıblar. Halbuki həmin detalları hər hansı nazir indiyədək çoxdan həyata keçirilməli idi...

- NATO standartlarından çox danışılır... Azərbaycan ordusu bu standartları nə qədər qəbul edə bilib?

- Azərbaycanla NATO arasında hərbi əməkdaşlıq 1997-ci ildən başlasa da, sonradan əlaqələr zəifləyib. Birinci itki ondan ibarət idi ki, NATO standartlarına uyğun kadrlardan istifadə olunmadı, bir çoxu sıradan çıxarıldı. NATO-Azərbaycan əməkdaşlığının ikinci dövründə-2005-2008-ci illərdə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı çərçivəsində müəyyən işlər görüldü. Aşağılarda aparılan uyğunlaşma yuxarılaradək davam etdirilmədi. Fikrimcə, Azərbaycan ordusunda NATO standartlarının tətbiqi, haradasa, 10 faiz civarındadır.

- Qalan 90 faizlik standartı hara aid etmək olar?

- Qalanı sovet dövründən qalma standartla Rusiya standartlarının qarışığından ibarətdir. Azərbaycan ordusunda tətbiq olunan kiçik bir faiz də elə Azərbaycan standartlarıdır. Bunu ona görə deyirəm ki, biz araşdırmalar aparanda aydın oldu ki, bəzi məsələlər nə NATO, nə də Rusiya standartlarında var. Söhbət rəhbər idarəetmə strukturlarında bir-birini təkrarlayan yeni departamentlərin yaradılmasından gedir. Ümumiyyətlə son 7 ildə orduda qarışıq tipin tətbiqinə üstünlük verilir. 2007-ci ildə qəbul edilmiş Milli Təhlükəsizlik Konsepsiyasında birmənalı şəkildə NATO standartlarına öncəlik tanındığı qeyd edilir. 2010-cu ildə qəbul edilən Hərbi Doktrinada balanslı siyasət, milli standartlar kimi məsələlər yer alıb.

- Müdafiə naziri Zakir Həsənov ANS-ə müsahibəsində NATO standartlarına keçmənin çətinliklərindən danışaraq deyib ki, NATO ölkələrinin Azərbaycana silah satmasına embarqo qoyulduğundan həmin standartlara keçməkdə çətinliklər var. Bu fikirlə razılaşırsınız?

- Bu durum Azərbaycan hakimiyyətinə Rusiya ilə hərbi əməkdaşlığa bəhanə verir. Nəticədə Rusiyanın Azərbaycana basqıları yaranır, həm də Rusiya silahından asılılıq çoxalır. Bu, regiona sabitlik vəd etmir. Buna görə NATO həm Azərbaycana, həm də Ermənistana silah satışı embarqosunu aradan qaldırmalıdır.

- Orduda korrupsiya halları ilə bağlı nə demək olar? Mediaya məzuniyyətə buraxmağa görə əsgərlərdən pul alınmasından tutmuş, zabitlərə telefon danışıq kartlarının alınmasınadək müxtəlif məlumatlar sızır...

- Nazir dəyişikliyindən sonra hərbçilərin əməkhaqqından tutulmalar, pulla məzuniyyətə buraxılma halları tədricən aradan qalxır. Təəssüflər olsun ki, bu işlər 23 ildən sonra görülməyə başlanıb. Amma ara-sıra da olsa, hələ də zabitlərin məvacibi hesabına tikinti aparılır, hərbi texnika təmir olunur. Bir də yuxarılarda büdcə vəsaitinin mənimsənilməsi halları müşahidə edilir. Büdcədən Müdafiə Nazirliyinə təxminən 1.5 milyard manat ayrılır. Bunun hara və necə xərclənməsi bizdə şübhələr doğurur.

- Əsgər ölümü necə, azalıb?

- Əsgər ölümü azalmayıb. İlin əvvəlindən bu günədək hərbi və təhlükəsizlik sektorunda 46 hərbi qulluqçu ölüb. Onlardan 35 nəfəri Müdafiə Nazirliyinə aiddir. Xəsarət alanların sayı isə ötən illərlə müqayisədə bu il daha çox olub, təxminən 80 nəfər. Fikrimcə, Azərbaycan ordusunun gücləndirilməsi və yüksək standartlara cavab verən bir orduya çevrilməsi üçün hələ gediləsi uzun bir yol var...

XS
SM
MD
LG