Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:30

Seymur Baycan. Din adıyla qulaq kəsənlərə


Seymur Baycan
Seymur Baycan

-

Həzrəti İsa da bunu deyirdi. Deyirdi ki, bu üzünə vuranda o biri üzünü çevir, köynəyini istəyəndə şalvarını da ver...

Seymur Baycan

İNSAN HAQQINDA BƏDİİ-FƏLSƏFİ ESSE

Hər dövrün öz cəzaları, öz cəza alətləri olub. Hərdən internetdə özümü sıxıb, özüm-özümə zülm edib, tarixin bəzi dövründə icad edilmiş cəza alətlərinə baxıram.

Bu alətləri icad edərkən, düzəldərkən, maksimum çalışıblar ki, insan əzabla və özü də uzun müddət əzab çəkərək ölsün. Hətta insanı asan yolla öldürməyi də ona çox görüblər.

Özü də bunu başqa məxluq etməyib. Şüurlu canlı edib. O şüurlu canlı ki, özünü dünyanın əşrəfi sayır. Roman yazır, musiqi bəstələyir, kino çəkir, iş görür, danışır, gülür, ağlayır, ən nəhayət, başqa canlılardan fərqli olaraq, bir gün öləcəyindən xəbərdardı. Bu şüurlu canlı başqa bir şüurlu canlının maksimum əzab çəkməsi üçün fantaziyasını işə salıb.

Adam o alətlərə baxanda düşünür, bu alətlər nə qədər ağrılara, göz yaşlarına, yalvarışlara səbəb olubdur. Bunu etmək üçün din və millət adından danışıblar. Bu dəhşətlər hələ də davam etməkdədi. Hələ də millət və din adına qanlar tökülür, evlər dağılır, insanlar yaşadıqları məkanları tərk etmək məcburiyyətində qalır, başlar kəsilir. Halbuki təxminən hər şey yazılıbdır, bir qalır oxuyub maariflənmək və insan kimi yaşamaq. Təəssüf ki, bu qədər yazılmasına, bu qədər çəkilməsinə baxmayaraq, hələ də bu dəhşətlər müxtəlif formalarda, müxtəlif məkanlarda adamların həyatlarını məhv etməkdədi.

Bir Qərb təmayüllü, Qərb təfəkkürlü yaradıcı adam Şərq ölkələrinin birindən səyahətdən qayıtmışdı. Soruşdum necə idi? Çox sərrast bir cümlə dedi. Bu sənətin gücü idi.

İşgəncə alətləri
İşgəncə alətləri

Moppasan ya Mərakeşi, ya da Əlcəzairi belə təsvir etmişdi: "Burda hamı kölgə axtarır".

Bu bir cümlə özündə qalın bir kitabın informasiyasını daşıyır. Bəli, adamdan soruşdum ki, filan Şərq ölkəsi necə idi? Oranı necə gördün? Adamlar nə düşünürlər? Nə edirlər? Dedi, qardaş, orda adamı yerə yıxıb camaatın gözünün qabağında döyürlər.

Bəzən gözümüz bəzi hadisələrə, hərəkətlərə o qədər alışır ki, bu hadisələrin, bu hərəkətlərin nə qədər ayıb olması haqqında oturub düşünməyə sadəcə ərinirik. Təsəvvür edin, adamı yerə yıxırlar və camaatın gözünün qabağında döyürlər ki, başqaları da baxıb qorxsun. Öz payların götürsünlər.

Adamı tutub camaatın gözünün qabağında döymək, camaatın gözünün qabağında öldürmək tarixin müxtəlif dövrlərində, müxtəlif məkanlarında olub. Amma ta indi gedib Belçikada, Danimarkada car çəkib camaatı yığasan meydana və deyəsən ki, indi sizdən birini yerə yıxıb döyəcəyik, siz də baxın, bu, bir az ayıb iş olar.

Hələ 200 il bundan əvvəl Axundov yazırdı ki, İngiltərədə öküzlərə hörmət etməyə başlayıblar, bizdə isə tutub adamın qulağını kəsirlər. Təsəvvür edin, tutub bir canlının qulağını kəsirlər ki, özünü yaxşı aparsın. Bu nə deməkdir? Bu, cəmiyyətin səviyyəsini göstərir. Adamın da qulağın kəsərlər?

Bəli, tarixin müxtəlif dövrlərində bir çox xalqlar bunu ediblər. Amma indi elə bir səviyyəyə çatıblar ki, etməkdən utanırlar. Edəndə də, heç olmasa, bir az arxada edirlər. Ta tutub adamı yerə yıxıb, meydanın ortasında döymürlər. Bəzən bir çoxları cığallıq edərək deyir ki, filan mədəni, sivil, inkişaf etmiş ölkələrdə də polislər icazəsiz mitinqə çıxan adamları döyürlər. Bəli, döyürlər. Olur belə hallar. Lakin orda azad məhkəmələr, qeyri-hökumət təşkilatları, azad mətbuat var. Döyəndə hökuməti danlayırlar ki, niyə camaatı döyürsən?

Bəzi ölkələrdə isə azad mətbuat yoxdur. Məhkəmələr hakimiyyətdən asılı vəziyyətdədi, hakimiyyətin sifarişini yerinə yetirir, ziyalılar sot yerindən, putovkadan, ordendən, medaldan alıb, həm də övladlarını gömrükdə, səfirlikdə, filanda işə düzəldib, ağızlarına su alıb susurlar. Belə ölkələrdə gedib polisdən harasa şikayət etsən, tutub bir az da döyəcəklər. Əgər keflərinə düşsə, azadlıqdan da məhrum edəcəklər. Bax, fərq bundadı.

Tarix göstərdi ki, döymək və cəzalandırmaq bir çox hallarda əks-effekt verir. İnsanı başa salmaq, maarifləndirmək, bağışlamaq, onu anlamağa çalışmaq lazımdır.

Bəşər tarixinin ən böyük sənət əsərlərindən birini xatırlayaq. Əgər yepiskop Jan Valjanı bağışlamasaydı, Jan Valjanı təzədən həbsxanaya qaytaracaqdılar. Lakin yepiskopun bir hərəkəti, bir sözü Jan Valjanı təzədən bu dünyaya qaytardı, onu diriltdi. Onun ruhunu xilas etdi.

Yepiskop şamdanları bağışlamaqla onun ruhunu satın aldı. Beləliklə, Jan Valjanın insanları sevməkdən savayı yolu qalmadı. Həzrəti İsa da bunu deyirdi. Deyirdi ki, bu üzünə vuranda o biri üzünü çevir, köynəyini istəyəndə şalvarını da ver. Çətindi. Amma bəzi insanlar bu prinsipə əməl etməkdə özlərində güc tapırlar. Əsl mərhəmət odur ki, cəzalandıra bildiyin halda, güclü olduğunu bilə-bilə cəza vermirsən.

Tarix göstərdi ki, insan anlayışı din və millət anlayışından daha yüksəkdə dayanmaqdadı. İnsan anlayışı din, millət, ideya anlayışlarından daha qiymətlidir. İndi elə bir zamandır ki, din və ideya adına insanları öldürəndə həmin din və ideya gözdən düşür. Deməli, artıq heç bir dinin, təriqətin, ideyanın insanı öldürməyə, onu məhv etməyə haqqı yoxdu. Əksinə, dinlər, ideyalar, təriqətlər, təmayüllər, cərəyanlar insanın daha xoşbəxt, daha firavan yaşamasına xidmət etməlidir.

Reytinq qəzeti

XS
SM
MD
LG