Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:20

Naxçıvan sakini: «İstehsal ili 1985-ci ilədək olan maşınları yığırlar...»


Foto: Arxiv
Foto: Arxiv

-

Naxçıvanda sovet istehsalı olan köhnə yük və minik avtomobilləri məcburi yığılır. Yerli sakinlərin AzadlıqRadiosuna bildirirlər ki, yol polislərinin başlatdığı bu prosesə bir neçə gündür start verilib. Texnikanın sazlıq dərəcəsi nəzərə alınmadan, hər belə avtomobilə 160 manat təklif olunur. Sakinlər avtomobil sahiblərinin razılıq verib-verməməyinin də rol oynamadığını vurğulayırlar.

«QOYUN SATIB, 3 AY ÖNCƏ MAŞIN ALMIŞDIM...»

Şərur rayon sakini Qurban Salehov deyir ki, təsərrüfat işlərini görmək üçün bir neçə ay öncə 500 manat verib «Volqa» QAZ-24 markalı avtomobil alıb. Bir müddət sonra Naxçıvan Muxtar Respublikası Yol Polisi İdarəsindən gələrək, həmin maşına 160 manat verib, aparıblar:

«Bir az pul toplamışdım, bir də qoyun satıb 3 ay öncə maşın aldım. Əlimdən tuturdu – bostana sürürdüm, ot gətirirdim... Bu yaxınlarda başladılar istehsal ili 1985-ci ilədək olan maşınları yığmağa. Ağına-bozuna baxmırlar. Elə adam var ki, bəlkə də ona sərf edir. Məsələn, illərdir həyətində atılıb-qalan maşınını 160 manat verib aparırlar. Buna sözüm yox, amma mənim maşınım işləkdir, 500 manat pul saymışam, axı. Heç ağzını açmağa imkan vermirlər. Gəlir, 160 manatı verir, götürüb gedir. Dərdimizi kimə deyək, bilmirik. Əvvəldən bilsəydim, uşaqların boğazından kəsib almazdım bu maşını».

«YÜK MAŞININA DA 160 MANAT VERİRLƏR»

Məmur basqısı ilə üzləşəcəyindən çəkinib adının çəkilməsini istəməyən bir başqa Naxçıvan sakini deyir ki, polislər onun «QAZ-51» markalı yük maşınını əlindən alıb, aparıblar:

«Yük maşınına da 160 manat verirlər. Düzdür, həyətdə qalmışdı, işlətmirdim. Ancaq mənim maşınımın qiyməti bir neçə dəfə çox olar. Bir neçə il öncə sovet istehsalı motosikletləri, daha sonra «Moskviç» markalı avtomobilləri zorla yığdılar camaatdan. Həmin maşınları Cinə göndərirdilər ki, Naxçıvanda yığılan «Lifan» avtomobillərinə ehtiyat hissə hazırlasınlar. Deyilənə görə, həmin «Moskviç»lərdən xeyli ehtiyat hissə hazırlayıb gətirmişdilər. İndi də əl atıblar bizim maşınlara. Deyirlər ki, istəsən də aparacağıq, istəməsən də. Səsimizi çıxara bilmirik. Bura Naxçıvandır».

«NAZ LIFAN»LARA EHTİYAT HİSSƏ HAZIRLANIR?

AzadlıqRadiosu deyilənlərə aydınlıq gətirmək üçün Naxçıvan Muxtar Respublika DYPİ ilə əlaqə saxlayıb. İdarədən bu haqda danışmaqdan imtina ediblər. Naxçıvan Muxtar Respublika Daxili İşlər Nazirliyində də AzadlıqRadiosunun suallarını cavablandırmaqdan boyun qaçırıblar.

Hissələri Çindən gətirilən «NAZ Lifan» markalı minik avtomobilləri Naxçıvan Avtomobil Zavodunda yığılır. Bəzi yerli sakinlərin bildirdiyinə görə, bu zavod Naxçıvandakı yüksəkvəzifəli məmurlardan birinə məxsusdur. Elə buna görə sakinlər hesab edir ki, əhalidən avtomobillərin məcburi yığılmasında məqsəd «NAZ Lifan» avtomobillərinə ehtiyat hissə hazırlamaqdır.

Rəsmilər avtomobil zavodunun yüksəkvəzifəli məmurlardan birinə məxsus olması ilə bağlı deyilənləri yalanlayırlar.

XS
SM
MD
LG