Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:56

Azərbaycanda 9 jurnalist və 8 bloqqer həbsdədir


Foto: Arxiv
Foto: Arxiv

-

Azərbaycanda 9 jurnalist və 5 bloqqer həbsdədir.

Media Hüququ İnstitutunun hazırladığı siyahıda «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının adı 1-ci çəkilir. 2011-ci ilin oktyabrında rüşvət almaqda suçlanaraq həbs edilən jurnalistə sonradan «külli miqdarda rüşvətalma», «hədə-qorxu tətbiq olunmaqla rüşvətalma», «məhkəmə qərarlarını icraetməmə» və «vergidən yayınma» ittihamları da irəli sürülüb. O, 2013-cü ilin martında 9 il azadlıqdan məhrum edilib. Əvəz Zeynallı vergidən yayınmaya görə də 4 min manatdan çox cərimə olunub, qurucusu olduğu həftəlik «Xural» qəzetinin fəaliyyəti dayandırılıb.

«Tolişi Sədo» qəzetinin 2012-ci ilin iyununda həbs olunan baş redaktoru Hilal Məmmədov əvvəlcə narkotik maddə saxlamaqda suçlanıb. Sonradan ona qarşı «dövlətə xəyanət» və «milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması» ittihamları irəli sürülüb. Məhkəmə ona 5 il həbs cəzası kəsib.

Bu həbsdən iki ay sonra www.xeber44.com saytının redaktoru Araz Quliyev tutulub. Əvvəlcə Masallıda folklor festivalını pozmaqda günahlandırılan redaktor sonradan 5 əlavə maddə ilə ittiham olunub və 8 il azadlıqdan məhrum edilib.

2012-ci ildə həbs edilən 4-cü jurnalist www.azadxeber.org saytının baş redaktoru Nicat Əliyevdir. Dini məzmunlu yazıları ilə tanınan Nicat Əliyevə də əvvəlcə narkotik ittihamı irəli sürülüb. Həbsindən 8 ay sonra ona daha 3 ittiham artırılıb və 10 il həbs cəzası kəsilib.

Media Hüququ İnstitutunun siyahısında növbəti məhbus jurnalist «PS.Nota.com» saytının rəhbəri Sərdar Əlibəylidir. 2013-cü ilin iyulunda şahid qismində saxlanan jurnalistə sonradan «xuliqanlıq» ittihamı irəli sürülüb və ona 4 il həbs cəzası verilib.

Həbsdə olan daha bir jurnalist www.moderator.az saytının direktoru, «Bizim yol» qəzetinin əməkdaşı Pərviz Həşimlidir. Odlu silah və döyüş sursatı qaçaqmalçılığı, saxlama və daşımada ittiham olunan jurnalist 8 il azadlıqdan məhrum edilib. Jurnalistin özü və vəkilləri bütün ittihamların qurama olduğunu söyləyirlər.

«Yeni Müsavat» qəzetinin yazarı, Müsavat başqanının müavini Tofiq Yaqublu 2013-cü ilin yanvarında İsmayıllı rayonunda baş verən etiraz aksiyaları ilə bağlı «ictimai qaydanı pozma» və «hakimiyyət nümayəndəsinə müqavimət» ittihamı ilə həbs olunub. O, daha sonra kütləvi zorakılıqların törədilməsində də günahlandırılıb və haqqında 5 il azadlıqdan məhrumetmə cəzası çıxarılıb.

Həbsdə olan səkkizinci jurnalist «Ayna» və «Zerkalo» qəzetlərinin Türkiyə təmsilçisi Rauf Mirqədirovdur. 2014-cü ilin aprelində həbs olunan jurnalist «dövlətə xəyanət»də suçlanır. Hazırda Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanan jurnalist bu ittihamları rədd edir.

Media Hüququ İnstitutunun siyahısında sonuncu məhbus-jurnalist «Azadlıq» qəzetinin keçmiş əməkdaşı Ərşad İbrahimovdur. O, hədə-qorxu gəlməklə pul tələb etməkdə təqsirli bilinir. Jurnalist həbs olunmazdan öncə «Youtube»da rayonlardan birinin təhsil şöbəsinin sabiq müdirinin zorlama cinayətinə yol verməsini iddia edən videogörüntü yerləşdirib.

HƏBSDƏKİ BLOQQERLƏR

Media Hüququ İnstitutu sosial şəbəkələrdə hökuməti tənqidə tutan fikirlərinə görə həbs edilən bloqqerlərin də siyahısını hazırlayıb. İnstitutun hazırladığı siyahıda 8 bloqqerin adı çəkilir.

9 il azadlıqdan məhrum edilən bloqqer Rəşad Ramazanovun həbsi irəli sürülən ittihamla deyil, onun hökuməti sərt tənqid etməsiylə əlaqələndirilir.

Sosial şəbəkə fəalı İlkin Rüstəmzadə «Harlem Shake» videosunun hazırlanmasında iştirakına görə xuliqanlıqda ittiham olunaraq həbs edilib.

Daha bir neçə bloqqer – Məmməd Əzizov, Bəxtiyar QuliyevÖmər Məmmədov kütləvi iğtişaşların təşkilində, narkotik vasitələr, partlayıcı maddə və qurğular əldəetmədə ittiham suçlanırlar. Media Hüququ İnstitutu həmin şəxslərin facebook şəbəkəsində Heydər Əliyev səhifəsinin idarəçiləri olduqlarına və hökuməti sərt tənqid etdiklərinə görə həbs olunduqlarını bildirir.

Facebook sosial şəbəkəsində «Yaltaqlara dur deyək!», «Seçki saxtakarlıqları» səhifələrinin idarəedicilərindən olan Əbdül Əbilov 2013-cü ilin noyabrında həbs edilib və 5 il 6 ay həbs cəzası alıb. Bloqqer ona qarşı irəli sürülən narkotik maddə saxlamaq ittihamını rədd edir və həbsinin sosial şəbəkələrdəki fəaliyyətindən qaynaqlandığını bildirir.

Lənkəran sakini Şaiq Ağayev də sosial şəbəkələrdəki tənqidi çıxışlarından sonra həbs olunub. O, övladının orta məktəbdə döyülməsinə dair videomüsahibə hazırlayıb, sosial şəbəkələrdə yayandan sonra narkotik maddə satışında suçlanaraq həbs edilib.

XS
SM
MD
LG