Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 15:47

İki oğlu həbsdə olan və reanimasiyada yatan ananın əl çantası da aparılıb...


Fərəc Kərimli
Fərəc Kərimli

-

Həbsdə olan Müsavat Gənclər Təşkilatının üzvü, bloqqer Fərəc Kərimliyə vəkili və ailə üzvləri ilə görüşə icazə verilmir. Gənc fəalın atası Raqif Kərimli AzadlıqRadiosuna belə deyib:

«Vəkili getmişdi, görüş vermədilər. Eyni ittihamla həbs olunan böyük oğlum da Kürdəxanıdadır. Vəkil onunla görüşüb, amma kiçik oğlum Fərəclə nə tutulanda, nə də təcridxanada saxlandığı müddətdə vəkil üzü görüb. Ola bilsin ki, oğlum tutulanda ona işgəncə verilib, xəsarət yetiriliub deyə onu bizə gösətmirlər. Başqa hansı səbəb olmalıdır ki, saxlanan adamı öz vəkilinə belə göstərməsinlər. Hökumətin təyin etdiyi vəkil də bizə bir dəfə telefon açıb deməyib ki, oğlunuz filan yerdədir. Halbuki iyulun 23-də anasını xəstəxanaya aparan oğlumu bir neçə mülki geyimli naməlum istiqamətə aparıb və biz onu axtara-axtara qalmışıq».

«ONLAR SİYASİ FƏALİYYƏTLƏRİNƏ GÖRƏ TUTULUBLAR...»

Raqif Kərimli deyir ki, oğlu xəstəxanada tutulanda anasının əl çantası da onda olub. İndi həmin çantanın harada olduğu məlum deyil:

«Yoldaşım Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdiriləndə, əl çantası oğlumda olub, indi o çanta hardadı məlum deyil. Böyük oğlum Siracı həbs edəndən sonra onun da lizinq yolu ilə aldığı avtomobili aparıblar. Bu barədə baş prokurorluğa da müraciət etmişəm».

Laçından olan məcburi köçkün, Müsavat Partiyasının üzvü Raqif Kərimlinin iki oğlu bu günlərdə narkotik ittihamı ilə həbs edilib. Ata övladlarına qarşı sürülən ittihamları əsassız sayır və hesab edir ki, onlar siyasi fəaliyyətlərinə görə tutulublar.

XS
SM
MD
LG