Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:41

Referendum ideyasına münasibət dəyişməkdədir


Politoloq Rasim Musabəyov
Politoloq Rasim Musabəyov

Bir müddət əvvəl Azərbaycanda politoloqlar Dağlıq Qarabağda referendum keçirilməsi ideyasını yaxına buraxmaq istəmirdilər. Ancaq indi bu ideyaya münasibət dəyişməkdədir.


Politoloq İlqar Məmmədov hesab edir ki, Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən söhbət gedirsə referendum qaçılmazdır. Sadəcə, onun keçirilmə qaydaları diqqətlə müzakirə olunmalıdır. Cənab Məmmədova görə, referendumun birmənalı şəkildə Ermənistan və ya Azərbaycanın maraqlarına xidmət etdiyini də demək çətindir: «Referendum Azərbaycanın da maraqlarına xidmət edə bilər, Bakı ərazi bütövlüyünü təsdiqlətdirə bilər. Sadəcə, referendum üçün lazımi hazırlıq görülməlidir».


«Üçüncü sektor» jurnalının redaktoru və əslən Şuşadan olan Hikmət Sabiroğlu isə düşünür ki, Dağlıq Qarabağda referendum keçirilməsinə razılaşmaq onun itirilməsi fikri ilə barışmaqdır. O, hesab edir ki, Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyünə xələl gətirmədən istənilən səlahiyyətləri vermək olar. Bircə şərtlə ki, referendum keçirilməsin. «Hər hansı referendumun keçirilməsi Azərbaycana təhlükə vəd edir. Lap neft gəlirlərinin 70 faizini ermənilərə bəxş etsək də, onlar Dağlıq Qarabağın müstəqilliyi və ya Ermənistana birləşdirilməsi fikrindən vaz keçməyəcəklər».


Politoloq Zərdüşt Əlizadəyə görə, Azərbaycan öz hüquqlarını danışıqlarda qoruya bilmirsə, həmsədrlər də, vasitəçilik edən başqa beynəlxalq qurumlar da bundan yararlanacaqlar: «Atalar sözü var, yeməyənin payını yeyərlər. Azərbaycan Qarabağı qaytarmaq üçün heç nə etmir. Azərbaycan tələb etməlidir ki, yalnız ümumdövlət məsələləri ilə bağlı ümumxalq referendumu keçirilə bilər. Konstitusiyaya dəyişiklik də referendum şəklində mümkünüdür. Ya Azərbaycan Konstitusiyanı ayaq altına atmalıdır, ya da dirəniş göstərməlidir».


Bu günlərdə bir qrup politoloq, yəni Eldar Namazov, Rasim Musabəyov, Zərdüşt Əlizadə ATƏT-in Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan Minsk Qrupu həmsədrlərinin bir ay öncə yaydıqları bəyanata cavab veriblər. Onlar Kəlbəcər və Laçının statusu ilə yanaşı referendum məsələsinə də münasibət bildiriblər. Politoloqlara görə, beş rayon azad olunduqdan, Dağlıq Qarabağda yaşamış azərbaycanlılar evlərinə qayıtdıqdan sonra ümumxalq referendumu keçirilə və Dağlıq Qarabağın statusu müəyyənləşdirilə bilər. Amma politoloqlar hesab edirlər ki, söhbət Azərbaycanın Konstitusiyasına zidd olmayan statusdan gedir. Yalnız bu halda həmsədrlərin təkliflərini balanslı və Azərbaycan üçün məqbul saymaq olar.


Politoloqların bu bəyanatı da birmənalı qarşılanmır. Bunu həmsədrlərin diskussiya aparmaq cəhdinə cavab kimi qiymətləndirənlər də var, həmsədrlərin təşəbbüsü ilə ictimaiyyəti sülhə hazırlamaq yönündə ilkin addım kimi dəyərləndirənlər də.


Hikmət Sabiroğlu deyir ki, Qərbin istədiyi azərbaycanlıların Dağlıq Qarabağ itkisi ilə barışması, bu torpaqların Ermənistana birləşdirilməsi ilə Yerevanı Rusiyanın təsir dairəsindən qoparmaqdır. Ona görə də Qərb Ki-Uest, Rambuye cəhdlərindən sonra artıq yalnız hakimiyyətlə yox, müxalifətlə, eləcə də cəmiyyətin müxtəlif kəsimləri ilə daimi işləməyə başlayıb.


Həmin bəyanatı imzalayanlardan biri Rasim Musabəyov isə Hikmət Sabiroğlunun fikirləri ilə razılaşmır. O deyir ki, həmsədrlər son təklifləri açıqlamaqla cəmiyyəti diskussiyaya dəvət ediblər. Qarabağla bağlı müzakirələrdə fəal olan politoloqlar da sənədi müzakirə edib onun məqbul olan və narazılıq doğuran məqamlarına münasibət bildiriblər. O ki qaldı, ictimaiyyəti nəyəsə hazırlamağa: «Biz ictimai rəyin bir hissəsiyik. Sözümüzün də çəkisi var və ictimaiyyət rəyini müəyyənləşdirəndə bizim sözümüzü nəzərə alacaqlar».


XS
SM
MD
LG