Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:48

«Kölgə iqtisadiyyatı»na son qoymağın yolları…


Prezident İlham Əliyev vergidən yayınma hallarının artdığını etiraf edib
Prezident İlham Əliyev vergidən yayınma hallarının artdığını etiraf edib

Ərəstun Məmmədovun 34 yaşı var. Dörd ildir ailəlidir. İşindən-maaşından narazılığı yoxdur. Amma deyir ki, indiyədək ev almaqdan daşınıb, bir otaqda yaşamağa razı olub ki, ürəyinə yatan geniş bir mənzil alsın. İndisə ortaya bir «əmma» çıxıb. Rəsmi sənədlərdə maaşı aldığından az göstərildiyi üçün ipoteka kreditindən yararlanmaq imkanı yoxdur. Çünki ipoteka kreditinin şərtlərinə görə mənzili kreditə alan şəxs hər ay borcunu qaytararkən aldığı maaşın ancaq yarısını ödəyə bilər. Bu məbləğ isə standartlardan aşağı aşağı olanda ipoteka kreditinin verilməsi imkanı da azalır. «Mənim maaşım 600 dollardır, amma tabeldə 150 dollara qol çəkib götürürəm. Yerdə qalanı mənə paketdə verilir. Amma aldığım maaş olduğu kimi göstərilsə, mən ev problemimi çox asanlıqla həll edərdim».


Ərəstun Məmmədov deyir ki, əvvəllər maaşının iki şəkildə verilməsinə o qədər də əhəmiyyət verməyib. Əksinə sevinib də. Fikirləşib ki, bu şəkildə dövlətə ödəyəcəyi vergidən yayınır. Ərəstun kimi maaşının bir hissəsini «konvert»də alanlar isə az deyil. Elə iyulun 31-də prezident İlham Əliyev də keçirdiyi müşavirədə bu məsələyə toxundu. O vergidən yayınma hallarının artdığını, ticarət obyektləri, şadlıq evləri və başqa obyektlərin vergi ödəmədiyini dedi. Prezidentin sözlərinə görə, bu cür müəssisələrdə işləyənlər yüksək maaş alsalar da, əmək haqları qeydiyyata düşmür. İlham Əliyev etiraf edib ki, dövlət özü də bir müddət bilərəkdən buna göz yumub, konkret istehsal sahələrini inkişaf etdirmək üçün güzəştə gedib. Ancaq prezident artıq bu sahələrin gəlirlə işlədiyini nəzərə alaraq tapşırıq verib ki, vergidən yayınma hallarının qarşısını almaq üçün tədbir görülsün.


Əslindəsə, "kölgə iqtisadiyyatı" haqda bəyanatlar yeni məsələ deyil. Gizli iqtisadiyyat gəlirlərinin Dövlət Statistika Komitəsinin elan etdiyi göstəricilərdən çox olduğunu Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri də ayrı-ayrı vaxtlarda bildiriblər. Yerli ekspertlərsə gizli gəlirlərin az qala qanuni gəlirlərə bərabər olduğunu bəyan ediblər.


«Büdcə şəffaflığı və büdcəyə nəzarət» layihəsinin koordinatoru Azər Mehtiyev hesab edir ki, hökumətin bilə-bilə "kölgə iqtisadiyyatı"nın göz yumması və bunu güzəşt kimi dəyərləndirməsi düzgün deyil. Bəzi sahələrin inkişafı üçün gizli iqtisadiyyatın yaranmasına rəvac verməkdənsə, həmin sahələri vergidən azad etmək olardı. Dünyada bu təcrübə daha geniş yayılıb.


Deputat Əli Məsimli isə hesab edir ki, ikili mühasibatın aradan qaldırılması ilk növbədə vətəndaşın xeyrinə işləyə bilər. Əli Məsimli deyir ki, bəzi çətinliklər ucbatından vətəndaşlar ikili mühasibatla işləməyə razıdırlar. Amma zaman keçdikcə uduzduqlarının çox olduğunu görəndə geri çəkiləcəklər. Vətəndaşların müqaviməti dövlətin mübarizəsinə də yardım edəcək.


Ekspert Azər Mehtiyev bildirir ki, bu sahədə dönüş yaratmaq heç də asan olmayacaq. «Çünki əksər ticarət obyektləri, istehsal müəssisələri, şadlıq evləri yüksək vəzifəli məmurların nəzarətindədir. Belə inhisarçılıq isə onlara bütün obyektləri və gəlirləri leqallaşdırmağa imkan vermir». Ekspertlərə görə, "kölgə iqtisadiyyatı"nın çəkisini azaltmaq üçün prezident siyasi iradə nümayiş etdirməlidir.


İqtisadi Tədqiqatlar Mərkəzindən Rövşən Ağayevsə ona təəccüblənir ki, prezident özəl sektorda ikili mühasibatın olduğunu desə də, dövlət və xüsusən də büdcə təşkilatlarında maaşların «konvert»də verilməsinə nədənsə toxunmur.


Vergilər Nazirliyi mətbuat xidmətindən Fariz Səmədov isə dövlət və ya büdcə təşkilatlarında ikili mühasibatın olması haqda heç nə deyə bilməyəcəyini söylədi. Amma ümumilikdə prezidentin tapşırığından sonra iradların aradan qaldırılması üçün tədbirlər planı hazırlandığını bildirdi.


XS
SM
MD
LG