Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:31

İranda azərbaycanlı fəalların bəziləri azadlığa buraxılıb


Urmiyənin imamcüməsi Azərbaycan fəallarını himayə etdiyini bildirib
Urmiyənin imamcüməsi Azərbaycan fəallarını himayə etdiyini bildirib

May ayında karikatura qalmaqalı zamanı İranda həbs edilən tanınmış Azərbaycan fəallarının bir neçəsi son günlərdə azad edilib. İyulun 31-də azad edilənlərin arasında mühəndis Qulamrıza Əmani də var. Mühəndis Əmani öncə də İran dövlətinin əleyhinə iş aparmaqda təqsirləndirilərək 3 il həbsdə olmuşdu. May hadisələrindən sonra isə Əmani təkrar həbs edilmişdi.


Ərdəbil universitetinin müəllimi Vüdud Əsədi və mühəndis Məhbub Təqəvinin də iyulun 30-da azad edildiyi bildirilir.


Həmçinin «Şəms Təbriz» internet qəzetinin baş redaktoru Hamid İman, eləcə də xarici şəbəkələrlə əlaqədə günahlandırılaraq həbs olunmuş Təbriz teleradiosunun əməkdaşı Rəşid Daneşcui zaminə buraxılıb.


Həbsdən buraxılanların bir qisminin may hadisələrində iştirakları sübuta yetirilmədiyindən, digərlərinin isə zaminə buraxıldığı bildirilir.


Tehranda yaşayan azərbaycanlı jurnalist Səid Muğanlının verdiyi məlumata əsasən Azərbaycan məhbuslarının azad edilməsində Təbrizdən olan millət vəkilli Əkbər Ələminin böyük rolu olub.


Verilən xəbərlərə görə, Təbrizdə Azərbaycan Evinin rəhbəri Həsən Raşidinin son günlərdə ailəsi və dostları ilə təmaslarına qadağa qoyulub, vəkil Saleh Kamraninin isə həbs müddəti uzadılıb.


Həbsdə olan şair və publisist Abbas Lisani dostlarının müraciətini nəzərə alaraq, Tehran zindanında keçirdiyi aclıq aksiyasını dayandırıb. Həmin müraciətə bir neçə min tələbənin də imza atdığı bildirilir.


Digər tərəfdən, «Azadtabriz.com» internet səhifəsinin verdiyi məlumata əsasən, qadağan edilmiş “Vətəndaş” və “Sırdaş” saytlarının yaradıcısı, eləcə də bir sıra qəzetlərlə əməkdaşlıq etmiş Cəmşid Pur-İsmayıl Niyazi iyulun 29-da ofisində ordersiz axtarış aparıldıqdan sonra nəzarət altına alınıb.


“Urmu News” xəbər agentliyinin verdiyi xəbərə görə, iyulun 31-də Azərbaycan fəalları Urmiyənın imamcüməsi Höccətülislam Həsəni ilə görüşərək, təhlükəsizlik və ədliyyə məmurlarının etiraz aksiyalarının iştirakçıları ilə rəftarından şikayət ediblər. Onlar eyni zamanda İranın Qərbi Azərbaycan vilayətində həbs edilənlərin azadlığı üçün imamcümənin səy göstərməsini xahiş ediblər.


Şikayətlərin məğzi ilə razılaşdığını deyən Höccətülislam öz növbəsində təhlükəsizlik əməkdaşlarının naşılığı ucbatından baş verən Sulduz (Nəqədə) faciəsinin azərbaycanlıların yadından illər boyu silinməyəcəyini qeyd edib. Xatırladaq ki, may aksiyaları zamanı Sulduz şəhərində təhlükəsizlik qüvvələrinin açdığı atəşdən yaralanan və həlak olanların sayı xüsusilə çox olub.


Görüş zamanı İmamcümə Qərbi Azərbaycan vilayətinin baş hakimi höccətülislam Feyzə zəng vuraraq, ona son həbslərin ədalətsiz və yanlış olduğunu bildirib. İmamcümə Höccətülislam həbsdə olanların vəziyyəti ilə maraqlanıb.


Telefon danışığından sonra İmamcümə Həsəni fəallara Qərbi Azərbaycan vilayətinin baş hakimi ilə görüşəcəyini söz verib.


XS
SM
MD
LG