Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:55

ARDNŞ neft-qaz yataqlarını təkbaşına istismar etmək niyyətindədir


Ekspert hesab edir ki, Dövlət Neft Şirkətinin arzuları ilə imkanları üst-üstə düşmür
Ekspert hesab edir ki, Dövlət Neft Şirkətinin arzuları ilə imkanları üst-üstə düşmür

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) bundan sonra neft-qaz yataqlarını işləmək üçün öz imkanlarından istifadə etmək, həm istismar, həm də kəşfiyyat işlərini özü aparmaq, bu işə imkan daxilində xarici neft şirkətlərini dəvət etməmək niyyətindədir. Şirkətdə əmindirlər ki, bunu etməyə hökumətin həm maliyyə imkanları, həm də kadr potensialı kifayət edər.


ARDNŞ-ın Mətbuat Xidmətinin rəhbəri Nizaməddin Quliyev əlavə edir ki, bu, şirkətin gələcəkdə ümumiyyətlə, xarici neft şirkətləri ilə əməkdaşlıqdan imtina etməsi demək deyil. Əgər hər hansı yatağın birgə işlənməsi üçün hansısa xarici neft şirkətinin daha sərfəli təklifi olarsa, şirkət bunu müzakirə edə bilər. Cənab Quliyev bildirir ki, Xəzərdə işlənməmiş yataqlar, perspektivli strukturlar az deyil. 2005-2015-ci illər üzrə Azərbaycanın yanacaq-energetika kompleksinin inkişafı üzrə Dövlət Proqramına görə, «Qarabağ» və «Əşrəfi» yataqları sənaye işlənməsinə hazırlanmalı, «Günəşli» yatağının qalan hissəsi istismar olunmalı, «Ümid», «Babək», «Naxçıvan» perspektiv strukturlarında kəşfiyyat işləri aparılmalıdır. Nizaməddin Quliyev deyir ki, bu işlərin hamısını ARDNŞ özü həyata keçirməyi nəzərdə tutur.


Enerji məsələləri üzrə ekspert İlham Şaban isə hesab edir ki, Dövlət Neft Şirkətinin arzuları ilə imkanları üst-üstə düşmür. Ən azı ona görə ki, bu illər ərzində onun peşəkar kadrları aşağı maaşla razılaşmayıb, xarici şirkətlərə keçiblər, şirkətin özü isə fəaliyyətini bazar iqtisadiyyatına uyğun qurmur, dövlət borclarını ödəyir, onun sosial siyasətini həyata keçirir, strukturu həddən artıq şişirdilib, islahatlara meylli deyil, maliyyə hesabatlarını tam açıqlamır: «Əgər ARDNŞ buna qadir idisə, bəs, niyə platformalarda qazma işləri üçün Şotlandiya şirkəti ilə birlikdə «Azəridrilling kompany»ni yaratdılar. Bu da onu göstərir ki, qazma işlərini həm texnoloji, həm də kadr baxımından xaricilər həyata keçirəcəklər, Azərbaycan isə həmişə olduğu kimi, ancaq təşkilatçı mövqe tutacaq».


Cənab Şaban hesab edir ki, bu gedişlə ARDNŞ-ın nəinki xarici neft şirkətlərinə ehtiyacı olmayacaq, hətta 10 il ərzində onu öz missiyasını başa çatdırmaq təhlükəsi də gözləyə bilər. «Bu, həddindən artıq ağrılı bir prosesdir, əgər şirkət islahatlara 5-10 il əvvəl başlasaydı, bəhrə verə bilərdi, amma şirkət beynəlxalq mühasibatlığa hələ 2008-ci ildə keçəcək, bütün bu proseslər 2010-cu ilə qədər uzanacaq, onun normal şirkət halına gəlib çatması 2020-ci ilə qədər davam edəcək, onda da Azərbaycanın cəmi 5 milyon ton nefti qalacaq ki, bunun öhdəsindən «Azpetrol» boyda şirkət də gələ bilər. Mən buna «itirilmiş imkanlar» deyərdim», - deyə ekspert vurğulayır.


ARDNŞ-a bir il rəhbərlik etmiş Sabit Bağırov isə daha nikbindir. O, əmindir ki, şirkət bundan sonra Xəzərdəki enerji yataqlarını özü işləyə bilər, bunun üçün həm maliyyə, həm də kadr potensialı var: «Yetmiş il ərzində kim məşğul olurdu bu işlərlə?! Neftçilərin əksəriyyəti elə öz yerlərində işləyirlər. Dövlət Neft Şirkətində işləyələr kifayət qədər bacarıqlı adamlardır».


Maraqlıdır görəsən, Azərbaycandakı xarici neft şirkətlərinin ARDNŞ-ın bu qərarına münasibəti necə olacaq? Ekspertlər elə bir ciddi narazılığın yaranacağını gözləmirlər, birincisi versiya budur ki, hansı quyunu özü, hansını xarici şirkətlərlə birlikdə işləmək şirkətin daxili işidir. İkincisi, xarici şirkətlər ARDNŞ-ın imkanlarını daha real qiymətləndirirlər və gələcəkdə şirkətin Xəzərdəki enerji yataqlarını işlədəndə özünün vəd etdiyi kimi, xaricilərə ehtiyacının olub-olmayacağını zaman göstərəcək.


O zaman Azərbaycanın neft yataqlarının iri xarici şirkətlərlə birgə işlənməsi, az qala bir əsrə yaxın dövrdən sonra Xəzərə yenidən iri transmilli şirkətlərin dəvət edilməsi siyasi cəhətdən olduqca riskli addım sayılırdı. Amma həmin vaxt həm Azərbaycanın öz neft şirkətinin maliyyə və texniki imkanları indikindən qat-qat aşağı idi, həm də hökumət xarici şirkətləri neft sektoruna cəlb etməklə, ümumilikdə ölkəyə investisiya axınına nail olmaq niyyətində idi.


1994-cü il sentyabr ayının 20-də ARDNŞ ilə 11 xarici şirkət Xəzərdə «Azəri, Çiraq, Günəşli» (AÇG) neft yataqlarının birgə işlənməsi barədə saziş - «Əsrin müqaviləsi»ni imzalayıb. Aparılan əməliyyatların operatoru BP şirkəti AÇG-də olan hasilatın pay bölgüsü dövrü - 1994-2024-cü illər ərzində neftin sənaye ehtiyatlarını 5.4 milyard barel həcmində qiymətləndirir.


XS
SM
MD
LG