Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:45

Bələdiyyə seçkilərinə maraq niyə yoxdur?


MSK bildirir ki, seçkilər rəqabət şəraitində keçəcək
MSK bildirir ki, seçkilər rəqabət şəraitində keçəcək

600-dən çox bələdiyyəyə keçiriləcək seçkilərə az qalır, amma nə ölkənin daxilində, nə də beynəlxalq təşkilatlarda bu seçkilərə maraq yoxdur. İctimai nəzarətin bu qədər sönüklüyü nəylə bağlıdır? Oktyabrın 6-sı 600-dən çox yerə təkrar, əlavə, yeni və ilk dəfə keçiriləcək bələdiyyə seçkilərinə marağın azlığını ən müxtəlif səbəblərlə izah etmək mümkündür. Bir neçə aparıcı müxalifət partiyasının birləşdiyi «Azadlıq» siyasi bloku bu seçkiləri boykot edib. Onlar hesab edirlər ki, nə qədər ki, seçki komissiyaları paritet əsasda formalaşmayıb, hər-hansı bir seçkidə iştirak etməyin elə bir əhəmiyyəti yoxdur. Üstəlik də, bildirirlər ki, bu seçkilər bütün ölkəni əhatə etmir, yalnız 600-dən bir qədər çox bələdiyyəyə seçkilər keçirilir. Ancaq bu təkrar, əlavə, yeni və ilk dəfə keçiriləcək bələdiyyə seçkilərini boykot etməyən müxalifət partiyalarında da bir qədər könülsüzlük halları müşahidə edilir. Məsələn, Müsavat Partiyasından yalnız 30-a yaxın şəxs namizədliyini verib. Onlardan biri - 59 saylı Salyan Seçki Dairəsindən namizədliyini verən Müsavat Partiyası yerli təşkilatının sədri Mirzağa Axund deyir ki, əhali seçkilərin demokratik keçirləcəyinə o qədər də inanmadığından, xüsusi fəallıq göstərmirlər. Salyan şəhər sakini Mahir Əliyev isə seçkilərin demokratik keçiriləcəyinə inamsızlığını belə izah edir: «Biz bir vətəndaş kimi istədiyimiz şəxsi seçə bilmirik. Seçilən şəxs də əhalinin qayğısına qalmır».


Cənab Axund deyir ki, əgər seçicilər gündəlik qarşılaşdıqları problemlərin həllini istəyirlərsə, bu seçkilərə mütləq maraq göstərməlidirlər: «Əhali bilməlidir ki, sabah küçələri vaxtlı-vaxtında təmir olunacaq. Nəqliyyat vaxtlı-vaxtında işləyəcək. İşdən qayıdanda qazı, suyu, işığı olacaq».


Mərkəzi Seçki Komissiyasında isə bu seçkilərə istər beynəlxalq, istərsə də yerli marağı yetərli hesab edirlər. Bu qurumun Mətbuat Xidmətinin rəhbəri Azər Sarıyev deyir ki, 603 bələdiyyəyə təqribən 2000-ə qədər üzv seçilməlidir və bu yerlər uğurunda 4000-dən çox şəxs mübarizə aparır. Bu isə onun qənaətinə görə, seçkilərin rəqabət şəraitində keçəcəyindən xəbər verir. Cənab Sarıyev bildirir ki, 6 oktyabr seçkilərini müşahidə etmək üçün Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresindən bir qrup nümayəndənin Azərbaycana gəlişi gözlənilir. Onun sözlərinə görə, bundan başqa, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun və Beynəlxalq Respublikaçılar İnstitutunun da bu seçkiləri izləyəcəyi gözlənilir.


Ancaq Beynəlxalq Respublikaçılar İnstitutunun Siyasi Proqramlar üzrə direktoru Fariz İsmayılzadə deyir ki, 6 oktyabr seçkilərini müşahidə etməklə bağlı MSK-a ilə müzakirələr aparsalar da, hələ ki, qəti qərarlarını verməyiblər: «Adətən prezident və parlament seçkilərinə daha çox maraq göstərilir. Bu da bir reallıqdır. Ancaq biz namizədlər və müşahidəçilər üçün daim təlimlər keçirik. Bu iş indi ə də davam edir».


Yerli qeyri hökumət təşkilatlarında da bu seçkilərə bir elə böyük maraq hiss edilmir. Azərbaycanda keçirilən istər son prezident, istərsə də son parlament seçkilərini bütün mərhələlərdə izləyən Seçki Monitorinq Mərkəzi bu dəfə yalnız seçki günü müşahidəçiliklə kifayətlənəcək. Mərkəzin rəhbəri Anar Məmmədli deyir ki, istər bu seçkilər ərəfəsində şərait yaxşılaşdırılmadığından, istərsə də komissiyalar dəyişdirilmədiyindən onlar geniş monitorinqə ehtiyac görməyiblər. Ancaq o, bir sıra müxalifət partiyalarının boykot qərarını da düzgün saymır. Onun sözlərinə görə, bəzi müxalifət partiyalarının boykot qərarı həm əhalinin seçim imkanını məhdudlaşdırır, həm də həmin partiyaların əhali ilə sıx təmasının qarşısını alır.


XS
SM
MD
LG