Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:42

Gürcüstan azərbaycanlı hüquq müdafiəçisinə sığınacaq vermədi


Gürcüstan hakimiyyəti azərbaycanlı hüquq müdafiəçisi, «Qafqaz Vicdan və Dini Müdafiə Azadlığı Mərkəzi»nin rəhbəri Azər Səmədova siyasi sığınacaq verməkdən imtina edib. Səbəb kimi isə onun Azərbaycanda öz siyasi və dini düşüncələrinə görə, izləndiyi iddiasını sübut edə bilməməsi göstərilib.


Azər Səmədov bu ilin mayında Gürcüstanın Qaçqınların İşi ilə Məşğul olan Nazirliyinə müraciət edib və bu ölkədə ona qaçqın statusu verilməsini xahiş edib. O, siyasi baxışlarına görə izlənildiyini deyib. Lakin adı çəkilən nazirlik dörd ay davam edən araşdırmalardan sonra cənab Səmədova qaçqın statusunu verməkdən imtina edib.


Bir müddət əvvəl Gürcüstanın Qaçqınların İşi ilə Məşğul olan Nazirliyin Qaçqınlar, Miqrasiya və Reportasiya İşləri üzrə Şöbəsinin rəhbəri İrakli Kokayya «Azadlıq» radiosuna verdiyi müsahibədə demişdi ki, «sübut olunsa ki, o, həqiqətən də siyasi düşüncələrinə görə, təqib olunur, Səmədova Gürcüstanda müvəqqəti yaşamaq üçün qaçqın statusu veriləcək».


Gürcüstanın hüquq müdafiəçisi Sozar Subari imtinaya səbəbin onun üçün də anlaşılmaz olduğunu deyib. İrakli Kokayya Azər Səmədova Norveçdə sığınacaq verildiyi halda, onun imtina etdiyini və siyasi düşüncələrini həyata keçirtmək üçün məhz Gürcüstanı seçdiyini deyir.


Azər Səmədov martın 31-də Azərbaycanın rəsmi müraciəti əsasında Tbilisidə həbs olunub, sonra Gürcüstan Apellyasiya Məhkəməsinin qərarı ilə zaminə buraxılıb. Cənab Səmədov, 2003-cü il 16 oktyabr hadisələrinin təşkilində, dövlət mülkiyyətinə ziyan vurmaqda günahlandırılır.


Azər Səmədov oktyabrın 16-da «Azadlıq» meydanında olduğunu, lakin hadisələri bir hüquq müdafiəçisi kimi izlədiyini deyir. O, BMT-nin Qaçqınların İşi üzrə Ali Komisarlığına müraciət edib, günahsızlığını sübut etmək niyyətindədir.


XS
SM
MD
LG