Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:57

Vardan Oskanyan Bakını ittiham edir


Ekspertlər hesab edir ki, Ermənistanın təklif etdiyi şərtlərlə razılaşmaq mümkün deyil
Ekspertlər hesab edir ki, Ermənistanın təklif etdiyi şərtlərlə razılaşmaq mümkün deyil

Ermənistanın Xarici İşlər naziri Vardan Oskanyan Bakını konstruktiv mövqedə olmamaqda ittiham edir. Azərbaycanın politoloqları isə Ermənistanın XİN başçısının açıqlamasını Yerevanın hücumu, danışıqlara təzyiq göstərmək cəhdi kimi qiymətləndirirlər. Onların qənaətincə, məqsəd Azərbaycanı şantaj edərək konkret cavab almaq, sazişin imzalanmasına nail olmaqdır. Ermənistanın fəallaşmasına səbəb son zamanlar beynəlxalq güclərin, xüsusən də Birləşmiş Ştatlar və Avropa Birliyinin bölgədə sülhün bərqərar olmasını istəməsidir. Yerevan da bundan istifadə edərək onların vasitəsilə Azərbaycanın mövqelərinə hücum edir.


Siyasi icmalçı Rauf Mirqədirovsa deyir ki, Ermənistanın, istərsə də həmsədrlərin təklif etdikləri şərtlərlə razılaşması mümkün deyil. Çünki referendumun keçirilməsi və ya Kəlbəcərlə Laçının aqibəti ilə bağlı açıq qalan suallar var. Onun fikrincə, belə bir sənədə imza atmaq təslimçi sülhə qol çəkmək olardı: «Bu halda Ermənistan beynəlxalq vasitəçilərin vasitəsilə bir suala cavab istəyir. Azərbaycan sülh danışıqlarının bu ilin sonu və ya gələn ilin əvvəlində başa çatmasında maraqlıdırmı və o sazişi imzalayacaqmı? Bu hücum taktikasıdır».


Politoloq Rasim Musabəyova görə, nazirlərin görüşməyə lüzum görməməsi çox şeydən xəbər verir. Onların prosesi irəli aparmaq imkanları yoxdur. Odur ki, tərəflərdən biri-Yerevan təzyiq etməyə çalışır, Bakı isə müqavimət göstərir: «Ermənistan deyir ki, müharibəni udmuşam, mükafatım da olmalıdır. Bakı isə deyir ki, olan olub, indi də mən güclənirəm. Mən də torpağın bir qarışını da güzəştə getmək istəmirəm. Təbii ki, bu şəraitdə kompromis əldə etmək çətindir».


Ekspertlərə görə, indiki mərhələdə müzakirə mövzusu münaqişənin həlli yönündə verilmiş təkliflər deyil. İndiki məqamda müzakirə mövzusu nə zaman sülh sazişinin imzalanıb -imzalanmamasıdır. Azərbaycanın bu şantaja nə cür cavab verəcəyini isə demək çətindir. Amma politoloqlara görə, bir şey aydındır, həm regionda, həm ölkədə gedən proseslər sazişin mümkün qədər tez imzalanmasını tələb edir. Elə əhali də danışıqların uzanmasından narahatdır. Əslən Ağdamdan olan İlqar Əliyev Bakının mövqeyindən narazı olduğunu söyləyir. «Elmar Məmmədyarov deyir ki, London danışıqlarının nəticələri haqda fikir söyləmək çətindir. Nəticə yoxdursa danışıqlar niyə davam etdirilir? Bakı təklif gözləməli deyil, tələb qoymalıdır: «Torpaqlar boşaldılmalıdır». Əks halda proses uzanacaq».


Əslən Laçından olan Zahid Əhmədovun narahatlığı başqadır. O, Qarabağdan olan yaşlıların sürətlə dünyasını dəyişdiyini, orta nəslin isə yaşlandığını önə çəkir: «Camaat yaşlanır. Bir azdan Qarabağ yaddan çıxacaq». Buna görə həmsöhbətim də danışıqların uzanmasının əleyhinədir. Bununla belə, tələm-tələsik sülh sazişi imzalanmasının tərəfdarı deyil.


Yerli politoloqlarsa qarşı tərəfin və ölkə əhalisinin tələskənliyinə rəğmən London danışıqlarından, hətta nazirlərin növbəti görüşündən xüsusi nəsə gözləmirlər. Bakı yenə də ənənəvi bəyanatlarla çıxış edərək danışıqları davam etdirməyə hazır olduğunu bəyan edəcək…


XS
SM
MD
LG