Sabah sentyabrın 15-i Azərbaycanın bütün ali və orta ixtisas məktəblərində dərslər başlayır. Elə yeni dərs ilinin başlanmasıyla bağlı Təhsil naziri Misir Mərdanov bu gün keçirdiyi mətbuat konfransında nazirliyin dərs ilinə tam hazır olduğunu bildirib. Cənab Mərdanovun dediyindən belə məlum olub ki, bu ilin sentyabrına qədər 145 yeni məktəb binası və köhnə məktəblərin həyətində yeni korpuslar tikilib. 248 orta məktəb müasir avadanlıqla təmin edilib, onlardan 218-də kompyuterlər quraşdırılıb. Misir Mərdanovun dediyinə görə, məktəblərin kompyuterləşdirilməsi məsələsi 2007-ci ilin sonuna qədər tam yekunlaşmalıdır. Nazir onu da bildirib bu il 127 mindən artıq uşaq birinci sinfə gedəcək. Ümumilikdə, ölkə məktəblərinə gedəcək şagirdlərin sayı isə 1 milyon 500 mindən artıqdır. Nazirin dediyinə görə, bu il 108 adda 5 milyon nüsxədən artıq dərslik çap olunaraq orta ümumtəhsil məktəblərinə paylanıb. Bundan başqa Gürcüstandakı azərbaycanlıların təhsil aldığı məktəblərə də 70 min kitab göndərilib.
Nazirin sözlərinə görə, sentyabrın 15-i həm də bilik günü kimi qeyd ediləcək.
Məktəblərin yeniləşməsindən, kompyuterləşməsindən danışan nazir yeni dərs ilində müəllimlərin maaşlarında artım olacağını da bildirib. Amma o, bu artımın nə qədər və nə vaxt vaxtdan olacağı barədə konkret bir söz deməyib.