Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:17

Thomas de Waal: «Atəşkəsi Azərbaycan tərəfi pozub» və ya «Qarabağın Avqust topları»


Thomas de Waal
Thomas de Waal

-

Tanınmış beynəlxalq təhlilçi, «Qara Bağ» kitabının müəllifi Thomas de Waal Azərbaycan və Ermənistan arasındakı təmas xətti boyunca son günlər yaşanan zorakılıqlardan yazıb.

Thomas de Waal yazır ki, Dağlıq Qarabağdakı ucqar müharibə zonasından etibarlı informasiya almaq çox çətindir, lakin hər iki tərəfdən gələn məlumatlardan son bir neçə gündə 30-dək hərbçinin həlak olduğu bəlli olur.

Ermənistan tərəfi iddia edir ki, 25 Azərbaycan hərbçisi öldürülüb.

GENERAL BELƏ DEYİR, NAZİRLİK ELƏ

«Bir Azərbaycan generalı deyir ki, 71 erməni hərbçi öldürülüb, Azərbaycanın Müdafiə Nazirliyi isə itkilərin 13 nəfərdən ibarət olduğunu açıqlayır», təhlilçi yazır.

Thomas de Waal bu nəticəyə gəlir ki, əldə olan rəqəmlər cəbhə xəttində son bir həftə ərazində həlak olanların sayının bütövlükdə 2013-cü ildən çox olduğunu göstərir.

Təhlilçi qeyd edir ki, Qarabağ cəbhəsi Avropanın ən çox hərbiləşdirilmiş hissəsidir.

«Orada sülhyaradanlar yoxdur və ağır silahlanmış 20 min əsgərdən ibarət iki ordunu müharibəyə qayıtmaqdan yalnız rasional maraq saxlayır», de Waal belə yazır.

ERMƏNİSTAN ÜRƏKLƏNİB

Thomas de Waal qeyd edir ki, son 15 il ərzində təmas xətti boyunca ildə 20-30 nəfər həlak olur, lakin bu il bir neçə amillə əlaqədar bu rəqəm xeyli yüksəlib.

Təhlilçinin fikrincə, bunlar sülh prosesinin absurd vəziyyətə düşməsi və Rusiya tərəfindən körüklənən silahlanma yarışıdır.

Məqalədə deyilir ki, Ermənistan Rusiyanın Avrasiya İttifaqına qoşulmaqla daha Moskvayönlü xətt götürüb.

Thomas de Waal düşünür ki, ola bilsin, buna görə Yerevanda münaqişə yenidən alovlanarsa, Rusiyanın müdaxilə edərək, MDB Kollektiv Təhlükəsizlik Təşkilatındakı öhdəliklərini yerinə yetirəcəyinə daha çox inanmağa başlayıb.

HÜCUM…İNSAN HAQLARI ÜZƏRİNƏ

Məqalədə deyilir kİ, Azərbaycan daha müdafiəsiz və daha aqressiv görünür.

Leyla Yunus
Leyla Yunus

«Ölkədə insan haqları və vətəndaş cəmiyyəti fəalları üzərinə tammiqyaslı hücum davam edir. Arif və Leyla Yunuslar dövlətə xəyanət və casusluq kimi cəfəng ittihamlarla saxlanıblar. Saxlanandan bəri, diabetdən əziyyət çəkən Leyla Yunusun səhhəti həbsxanada təhlükəli şəkildə pisləşib», təhlilçi yazır.

Məqalədə deyilir ki, ümumiyyətlə, son iki ayda Ermənistan-Azərbaycan sərhədi boyunca, hətta Naxçıvan sərhədi kimi nisbətən sakit yerdə də sərhədboyu toqquşmaların sayı artıb.

HÜCUMLARA RƏSMİ KOMANDA VERİLİB

Təhlilçinin fikrincə, atəşkəsin pozulması halları adətən lokal və əlaqəsizdir, lakin cəbhə xəttinin üzərindən reydlər siyasi xeyir-dua olmadan baş verə bilməz.

Məqalədə ehtimal olunur ki, bu hücumları atəşkəsi möhkəmlətmək məqsədilə təmas xəttindən snayperləri yığışdırmaq barədə beynəlxalq təşəbbüsləri rədd edən Azərbaycan tərəfi başlayıb.

«Münaqişənin məğlub tərəfi kimi, Azərbaycan status kvonu sual altında qoymağı, digər tərəfin əsəbləri ilə oynamağı və dünyanın diqqətini münaqişəyə çəkməyi qarşısına vəzifə kimi qoyub», Thomas de Waal belə düşünür.

Təhlilçi əlavə edir ki, bu, hadisənin ən ağla batan təhlilidir və indikinə bənzər gərginlik 2012-ci ildə ABŞ dövlət katibi Hillary Clinton-un Azərbaycana səfəri ilə üst-üstə düşmüşdü.

Məqalədə deyilir ki, Ermənistan da bu hadisələrdən siyasi fayda götürməyə çalışır, belə ki erməni mediası Azərbaycana aid bir neçə radio cihazının şəkillərini yayıb və bununla da erməni qüvvələrinin də Azərbaycan mövqelərinə reyd etdiklərini göstərmək istəyib.

NAZİR DƏ, PREZİDENT DƏ MƏZUNİYYƏTDƏ OLUBLAR

Novruz Məmmədov
Novruz Məmmədov

Azərbaycan prezidentinin müşavirlərindən Novruz Məmmədov bildirib ki, Bakı heç bir hücum əməliyyatı üçün əmr verə bilməzdi, çünki həm prezident, həm də müdafiə naziri məzuniyyətdə idilər.

Təhlilçi belə bir ehtimalı da dilə gətirir ki, son zorakılıqlar Azərbaycanın çoxsaylı kiçik hücumlarına Ermənistanın böyük əməliyyatla cavab verməsinin nəticəsi ola bilər.

«Döyüş qızışandan sonra «kim başlayıb» sualı yersiz səslənir», təhlilçi qeyd edir.

PUTİNLƏ SEPARAT DANIŞIQLAR

Məqalədə deyilir ki, avqustun 4-də Avropa Birinci Dünya Müharibəsinin 100 illiyi çərçivəsində «Avqust topları» mərasimini keçirib.

O zamanla indini müqayisə edən Thomas de Waal yazır ki, dünya müharibəsində həlak olanlar döyüşən tərəfləri nəhayət ayıltmışdı.

Məqalədə deyilir kİ, prezidentlər İlham Əliyev Serzh Sargsyan-ın avqustun 8 və 9-da Rusiya prezidenti Vladimir Putinlə separat danışıqlar keçirəcəyi barədə xəbərlər yayılıb, lakin məhz iki prezidentin görüşə biləcəyi barədə ilkin məlumatlar rəsmən təsdiqlənməyib.

XS
SM
MD
LG