Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:23

«İntiqam Əliyevin həbsinin arxasında siyasi motivlər dayanır»


Hüquq müdafiəçisi İntiqam Əliyev
Hüquq müdafiəçisi İntiqam Əliyev

-

Vəkil Anar Qasımlı dünən - avqustun 9-da təcridxanada hüquq müdafiəçisi İntiqam Əliyevlə görüşdüyünü deyir. Onun sözlərinə görə, hər ikisi həbsin səbəblərini birlikdə müzakirə ediblər:

«İntiqam Əliyev ona qarşı irəli sürülmüş ittihamları qəbul etmir, həmin ittihamların arxasında siyasi motivlər dayandığını düşünür. Onun həbsi hüquq müdafiəçisi kimi fəaliyyətinə görə, susdurulmaq məqsədilə siyasi sifariş əsasında həyata keçirilib».

Anar Qasımlı bildirir ki, İntiqam Əliyev Azərbaycanda insan haqlarının pozulması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə çoxsaylı şikayətlər göndərib. Vəkilin sözlərinə görə:

«O, 2010-cu il Parlament seçkiləri ilə bağlı Avropa Məhkəməsinə 40-dan çox şikayət göndərib, hazırda həmin şikayətlər üzrə hökumətlə kommunikasiya gedir. İntiqam Əliyevin həbsi həmin seçki işləri üzrə Azərbaycana qarşı Avropa Məhkəməsinin qərar çıxarmasını əngəlləməyə xidmət edir»- deyə vəkil bildirib.

Vəkili İntiqam Əliyevin rəhbərlik etdiyi «Hüquq Maarifçiliyi Cəmiyyəti»də axtarış zamanı götürülən sənədlərdən danışıb:

«Bu zaman həmin seçki işlərinə aid bütün sənədləri (vəkil dosyesi) istintaq orqanının qanunsuz olaraq və ittihama heç bir əlaqəsi olmadan götürməsi təsadüfi deyil. Həmin sənədlərin götürülməsi məhkəmə işinin «Hüquq Maarifçiliyi Cəmiyyəti»nin başqa əməkdaşları və ya şikayətçilərin özlərinin davam etdirməsi də əngəllənib. Avropa Məhkəməsinin prosedur qaydaları baxımından bu halda seçki işlərini şikayətçinin işin nəticəsinə marağının itməsinə görə siyahıdan çıxarılması mümkündür».

Vəkil Anar Qasımlı bildirir ki, İntiqam Əliyevin Avropa Məhkəməsinə mülkiyyət hüququnun, ifadə azadlığı və sərbəst toplaşmaq hüququnun pozuntusu və başqa işlərlə bağlı da göndərdiyi şikayətlərin dosyeləri də götürülüb:

«Düşünürük ki, hüquq müdafiəçisi İntiqam Əliyevin həbsi onun Avropa Məhkəməsində işlərin aparılmasına yönəlik vəkillik fəaliyyətidir. Onun həbsinin başqa bir səbəbi hüquq müdafiəçisi kimi Avropa Şurası Parlament Assambleyasının ötən ay keçirilən iclasında etdiyi çıxışdır. Həmin çıxışında o, Azərbaycan hakimiyyətinin insan haqları ilə bağlı siyasətini sərt tənqid etmiş, ölkədə siyasi məhbuslar problemindən, müstəqil qeyri-hökumət təşkilatlarına basqılardan, hakimiyyətin tənqidçilərinin saxta ittihamlarla şərlənib tutulmasından, ölkədə insan haqlarının acınacaqlı durumundan, vətəndaşların mülkiyyət hüquqlarının kütləvi pozuntusundan və s. söhbət açmışdı».

Vəkil Anar Qasımlı bildirir ki, İntiqam Əliyevin həbsi həm də ifadə azadlığının pozuntusudur:

«Hüquq müdafiəçisi İntiqam Əliyev hesab edir ki, onun həbsi həm də ölkədə müstəqil QHT-lərin susudurulması və tamamilə sıradan çıxarılması istiqamətində görülən işlərin tərkib hissəsidir. Bu mənada onun həbsi həm də birləşmək hüququnun pozuntusudur».

Hüquq müdafiəçisi İntiqam Əliyev avqustun 8-də həbs edilib. O, qanunsuz sahibkarlıq, vergidənyayınma və vəzifə səlahiyyətlərini aşmada ittiham olunur. Nəsimi Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qərarı verib.

XS
SM
MD
LG