Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:42

Əli Hüseynli həbsə atılan QHT rəhbərlərini «xəyanətkar» adlandırır


Millət vəkili Əli Hüseynli
Millət vəkili Əli Hüseynli

-

Millət vəkili Əli Hüseynli beynəlxalq təşkilatların hüquq müdafiəçiləri Leyla Yunus, İntiqam Əliyev və digərlərinin həbslərinə reaksiyalarına cavab verib. APA-nın məlumatına görə Ə. Hüseynli bildirib ki, əslində onları «tanınmış» edən elə həmin beynəlxalq təşkilatlardır:

«O təşkilatlar ki, qeyri-şəffaf yollarla onlara qrantlar ayırıb, müxtəlif növlü, həmçinin Azərbaycan əleyhinə fəaliyyətə yönəldiblər. Bəziləri xəyanətkar, bəziləri isə zəif iradəli olan belələri nəhayət ki, qanun qarşısında cavab verəcəklər. Onlar necə hüquq müdafiəçiləridirlər ki, heç özlərini müdafiə edə bilmirlər? Təəssüf ki, Qərbin bir sıra dairələri, bəzən də xüsusi xidmət orqanlarının idarə etdiyi beynəlxalq fondlar və QHT-lər təkcə Azərbaycanda yox, digər ölkələrdə də bu cür qanunsuz fəaliyyətlə məşğuldur. Belə təşkilatlardan Ermənistanın işğalı nəticəsində azərbaycanlıların pozulmuş hüquqlarının müdafiəsini gözləmək, buna çağırışlar etmək əbəsdir».

Millət vəkili Avropa Şurasının baş katibi Thorbjorn Jaglandın «siyasi məhbus»larla bağlı məsələlərin müzakirəsi işçi qrupunun fəaliyyətinin bərpasını xahiş etməsinə də aydınlıq gətirib:

«Əgər ümumi siyasi qərar olarsa, bunu etmək mümkündür. Bununla yanaşı, milli və beynəlxalq QHT-lər, həm də beynəlxalq təşkilatlar milli məhkəmə-hüquq sisteminin qərarlarına hörmətlə yanaşmalıdırlar. Biz hüquqi və cinayət təqibi problemlərin hüquqi mexanizmlər ilə həll olunmasının vacibliyini qəbul etməliyik, bu cür məsələləri uzun-uzadı siyasi diskussiyalara çevirmək lazım deyil».

Qeyd edək ki, millət vəkili Əli Hüseynli özü də QHT rəhbəridir. Onun idarə heyətinə rəhbərlik etdiyi Azərbaycan Hüquqşünaslar Konfederasiyası da xarici donor təşkilatlardan iri məbləğli qrantlar alır.

Son bir ayda 4 hüquq müdafiəçisi həbs edilib, onların QHT-lərinin bank hesabına həbs qoyulub. Hüquq müdafiəçiləri İntiqam ƏliyevRəsul Cəfərov qanunsuz sahibkarlıq, vergidənyayınma və vəzifə səlahiyyətlərini aşmada ittiham olunur.

Leyla və Arif Yunusovlar əvvəlcə dövlətə xəyanətdə ittiham olunaraq jurnalist Rauf Mirqədirovun işi üzrə şahid qismində dindiriliblər. İyulun 30-da Leyla Yunusa dövlətə xəyanət maddəsi də daxil olmaqla 6, Arif Yunusa qarşı isə iki ittiham irəli sürülüb. Yunusovlar ittihamları qəbul etmir, həbslərini hökumətin siyasətini tənqid edən fəaliyyətləri ilə əlaqələndirirlər.

«Amnesty International» Leyla Yunusu vicdan məhbusu kimi tanıyıb.

XS
SM
MD
LG