Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:38

GUAM sülhməramlı qüvvələrin yaradılması prosesini sürətləndirir


GUAM-a üzv ölkələrin - Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın Xarici İşlər nazirləri Şurası qurumun sülhməramlı və mülki polis qüvvələrinin yaradılması prosesini sürətləndirmək qərarına gəlib. Şura qərarı sentyabrın 25-də Nyu-Yorkda - BMT Baş Assambleyasının 61-ci sessiyası çərçivəsində keçirdiyi görüşdə verib.


Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, həmin görüşdə qərara alınıb ki, gələcəkdə GUAM-ın mülki polis qüvvələrinin Abxaziya və Cənubi Osetiyada yerləşdirilməsi məsələsi də müzakirə oluna bilər.


Ermənistan mediasının məlumatına görə, Rusiyanın Müdafiə naziri Sergey İvanovsa Yunanıstanın «Katimerini» qəzetinə müsahibəsində deyib ki, GUAM təkcə Abxaziya və Cənubi Osetiya üçün deyil, Dağlıq Qarabağ və Dnestryanı üçün də sülhməramlı missiya planı hazırlayır. Bu münaqişələrin siyasi həllinə tərəfdar olan Rusiya belə bir ssenarinin qarşısını almaq üçün adekvat tədbirlər görəcək.


Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə Rusiyanın yüksək rütbəli rəsmisinin belə bir fikir söyləməsinə şübhəylə yanaşır. Çünki ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyaya bəllidir ki, regionda təhlükəsizliyi təmin edəcək addımlara sülhməramlı qüvvələrin yerləşdirilməsi də daxildir: «Bu sülhməramlı qüvvələrə isə nə regional ölkələr, nə də Minsk Qrupu həmsədri olan dövlətlər daxil ola bilər».


Konfliktlərin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyevsə GUAM sülhməramlılarının münaqişə bölgələrinə yerləşdirilə biləcəyinə şübhə edir. Bu şübhə də məhz Abxaziya və Cənubi Osetiyada MDB qüvvələri adı altında Rusiya qüvvələrinin olmasıyla bağlıdır. O, hesab edir ki, gələcəkdə yalnız GUAM qüvvələrinin Dağlıq Qarabağda yerləşdirilməsi də real deyil. Çünki BMT, yaxud ATƏT bu münaqişə zonasına beynəlxalq qüvvələrin gəlməsi barədə qərar verəcək.


«Xəzər» Gələcək Naminə Tərəfdaşlıq Mərkəzinin rəhbəri Rüstəm Məmmədovsa düşünür ki, GUAM üzvlərinin sülhməramlı qüvvələrin yaradılması artıq gerçəyə çevriləcək bir ideyadır və regionda qarşıdurmaya səbəb olsa da, bu işin qarşısını ala biləcək bir qüvvə yoxdur. Cənab Məmmədov GUAM sülhməramlılarının gələcəkdə Dağlıq Qarabağ zonasında olacağını də real sayır.


BMT Baş Məclisi GUAM ərazisində münaqişələrlə bağlı məsələyə noyabrın 6-da baxacaq. Bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov «AzərTAc» İnformasiya Agentliyinə bildirib.


XS
SM
MD
LG