Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:42

Həftəsonu Ukraynada münqaişə başa çata bilər, 5 səbəb


Petro Poroshenko və Angela Merkel
Petro Poroshenko və Angela Merkel

-

Daisy Sindelar

Ukraynadakı münaqişənin necə bitəcəyini proqnozlaşdırmaq asan məsələ deyil. Lakin Almaniya kansleri Angela Merkel-in bu həftəsonu Kiyevə səfərinin Ukrayna-Rusiya qarşıdurmasına və Donbasdakı qanlı döyüşlərə son qoyacağına ümid yaradıb. Bunun 5 əsas səbəbini nəzərdən keçirək:

1. Ağzımızda Almaniya deyirik…

Ukrayna hərbçiləri ilə Rusiyayönlü separatçılar arasında döyüşlər başlanandan bəri Kiyevə bir çox Qərb rəsmiləri səfər edib. Kanadanın baş naziri Stephen Harper, ABŞ-ın vitse-prezidenti Joe Biden, NATO-nun baş katibi Anders Fogh Rasmussen. Lakin onlardan heç biri danışıqlar masasına Merkel qədər ümid gətirmir. Axı, o, Avropanın ən böyük iqtisadiyyatına rəhbərlik edir, Avropa İttifaqında gedən xarici siyasət debatlarında aparıcı rol oynayır, rus dilini bilən birisi kimi kommunist Şərqi Almaniyasında böyüyüb və Rusiya prezidenti Vladimir Putinlə Avropa İttifaqı üzrə hər hansı başqa həmkarından daha işgüzar münasibətlərə malikdir.

Vladimir Putin
Vladimir Putin

Kiyevə Ukrayna prezidenti Petro Poroshenko-nun dəvəti ilə gələn Merkel-in səfəri Avropa İttifaqının aylardır davam edən ölgün münasibətindən sonra ölkədəki əhval-ruhiyyəni yüksəldəcək. Lakin Almaniya lideri artıq bəri başdan ortalığa barışdırıcı ton qoyub. Avqustun 18-də Riqadakı çıxışında Merklel Qərb və Şərqin maraqları arasında incə balans yanaşması irəli sürüb: NATO Rusiyanın Baltikyanı regionda və Polşada hər hansı gələcək təcavüzünə cavab verməli, lakin regionda NATO-nun daimi qüvvələrinin mənzillənməsi baş verməməlidir. Bir sıra sosial şəbəkələrdə yayılan məlumatlara görə, Merkel Kiyevə bütün tərəflərə fayda verən, lakin güzəştlər tələb edən təkliflərlə gəlir.

«The İndependent» qəzetində dərc olunmuş məqalədə deyilir ki, Merkelin planı Krımın rəsmən Rusiya ərazisi kimi tanınması müqabilində Moskvanın Donbasdakı separatçılara dəstəyi dayandırması və Qara dəniz donanmasının mənzillənməsi üçün ödənən kirayə haqqı da daxil olmaqla, Ukraynanın Krımın ilhaqından itirdiyi gəlirin Rusiya tərəfindən ödənməsidir. Bu sazişlə Rusiya həmçinin gələcəkdə Kiyev-Aİ inteqrasiyasına əngəl törətməməyə öhdəlik götürməlidir. Bunun əvəzində Kiyev NATO-ya qoşulmayacağını vəd etməlidir. Bu məqalədəki məlumatlar hələlik müstəqil şəkildə təsdiq edilməyib.

2. Tarixin Allahları «Hə» deyirlər

Merkelin səfəri tarix baxımdan iki əhəmiyyətli hadisə ilə eyni vaxta təsadüf edir. Avqustun 23-də faşist Almaniyası və Sovet İttifaqı arasında hücum etməmək barədə bağlanmış Molotov-Ribbentrop paktının 75-ci ildönümüdür. Bu pakta daxil edilmiş gizli protokol Sovet «nüfuz dairəsi»nin tanınmasına və Baltikyanı ölkələrin və Rumıniya, Polşa və Finlandiyanın bəzi ərazilərinin Moskva tərəfindən zorakı ilhaqına yol açmışdı.

Bundan bir gün sonra, avqustun 24-də Ukrayna Sovet İttifaqından qoparaq müstəqil olmasının 23-cü ildönümü qeyd edəcək. Hər il ənənəvi hərbi paradla qeyd olunan bu tarix bu il xüsusi bir rezonansla yad ediləcək.

Tarixi hadisələrin üst-üstə düşməsi müasir zəmanədə uğurlu əməkdaşlığa təminat olmaya bilər, lakin Kremlin Ukraynadakı revanşist kampaniyasına son qoyacaq hər hansı razılaşma doğrudan da tarixi nailiyyət olardı.

3. Poroshenko və Putin-in üzlərini ağartmaq üçün vaxt

Bu iki şəxsin son görüşü ötən iyunda, onlar Fransada Normandiyaya desant çıxarılmasının 70 illik yubileyini qeyd etməyə gəlmiş dünya liderlərinə qoşulanda baş verib. Onlar Merkelin araçılığı ilə çox qısa söhbət ediblər, lakin nəticə hasil olmayıb. Onlar bir də avqustun 26-da, Avropa İttifaqının xarici işlər komissarı Catherine Ashton-nun başçılığı ilə nümayəndə heyətinin, həmçinin Putinin iki regional müttəfiqinin – Belarus prezidenti Alyaksandr Lukashenka və Qazaxıstan lideri Nursultan Nazarbaev-in Minskdə keçiriləcək görüşündə bir araya gələcəklər.

Bütün tərəflərdən olan rəsmilər görüşün gündəliyini ən bəsit sözlərlə ifadə ediblər: enerji, humanitar ehtiyaclar və «geniş siyasi narahatlıqlar»…Üstəlik Poroshenko və Putinin bu tədbirdə üzbəüz görüşəcəyi barədə dəqiq məlumat yoxdur. Lakin Ukrayna rəsmiləri işarə ediblər ki, müəyyən irəliləyiş olub. Poroshenko-nun köməkçisi Valeriy Chaliy qeyd edib ki, tərəflərə «hərbdən sülhə doğru addımlamaq imkanı verəcək aydın diplomatik yol xəritəsi formalaşır».

4. Hərbi qabarma deyəsən çəkilir

Hazırda Ukrayna rəsmilərinə ümid verən diplomatiya yox, hərb meydanındakı uğurlardır. Aprel və may aylarında, münaqişənin başlanğıcında Ukrayna ordusu zəif təlim və silahlanmaya görə uğur qazana bilmirdi.

Arxiv fotosu: Rusiyayönlü etirazçılar, Luqansk
Arxiv fotosu: Rusiyayönlü etirazçılar, Luqansk

Rusiyadan təzə silah və sursat dəstləri aldıqları söylənən moskvayönlü separatçılar çox tezliklə Donbas rayonunda iri əraziləri ələ keçirdilər və bu ərazilərdə separatçı Transdnestr və Abxaziya kimi yerlərdə döyüş təcrübəsi qazanmış Rusiya əsilli agentlər tərəfindən idarə olunan de-facto hökumətlər quruldu. Regionun iki iri şəhəri – Donetsk və Luqansk tez bir zamanda separatçıların nəzarətinə keçdi. Qiyamçılar yerli sakinləri oğurlamağa və bəzən də öldürməyə başladılar. Onlar yer-göy raketlərindən istifadə etməklə, Ukraynanın hərbi təyyarələrini vurub salırdılar. Şübhələrə görə göyərtəsində 298 sərnişin olan Malayziya sərnişin təyyarəsi də dəhşətli səhv nəticəsində onlar tərəfindən vurularaq beynəlxalq hiddəti onları dəstəkləməkdə şübhəli bilinən Putinin üstünə yönəldiblər.

Lakin son həftələrdə Ukrayna qüvvələri strateji uğurlar qazanaraq, Donetsk və Luqansk arasında separatçıların dəhlizini kəsmiş və ordu sözçüsü Andriy Lysenko-nun təbirincə desək, bu şəhərlərin azad edilməsinə hazırlığa başlamışlar. Bununla belə, döyüşlər hələ başa çatmayıb. Müharibə zonasından alınan xəbərlər dolaşıq və ziddiyyətlidir. Bir çox məlumatlarda Rusiya BTR-lərinin və tanklarının geriyə çəkilməkdənsə, Ukraynanın içərilərinə doğru hərəkət etdiyi bildirilir. Ən dəhşətlisi isə budur ki, intensivləşən zorakılıq ümumilikdə 2080 mülki şəxsin və döyüşçünün ölümünə bais olub. Əgər hətta separatçı qüvvələr tələsik şəkildə çəkilib getsələr də, Kiyev darmadağın edilmiş, kinli əhalisi olan regionla baş-başa qalacaq.

5. Bəlkə Rusiyanın özü də bu vəziyyətdən çıxmaq istəyir.

Bir ara belə görünürdü ki, Moskva Ukraynadakı kampaniyadan yaxşıca faydalanıb və heyrətamiz bir bacarıqla Krımı – bu dəbdəbəli ərazini Rusiyaya qaytara bilib. Burada yaxasında Georgi lentləri ilə gəzənlər bu ərazini onsuz da həmişə Rusiyanınkı hesab edirdilər.

MH17-nin düşdüyü ərazidə dayanan Ukrayna qüvvələri
MH17-nin düşdüyü ərazidə dayanan Ukrayna qüvvələri

Lakin indi müharibə ağrı-acı gətirməyə başlayıb. MH17 sərnişin təyyarəsinin vurulmasında ittiham edilməkdən əlavə, Kreml bir neçə maliyyə zərbəsinə məruz qalıb. Bunlardan bəzilərini Kremlin özü özünə endirib. Avropa İttifaqı və ABŞ-ın sanksiyaları Kremlin bir sıra ən zəngin himayədarlarını hədəfləyib. Bu tərəfdən də Putinin «vətənpərvər» təşəbbüsü ilə Qərb ərzağının Rusiyaya idxalına qadağan qoyulması ölkədə qiymətlərin kəskin qalxmasına səbəb olub və Rusiyanın kənd təsərrüfatının nə dərəcədə bərbad vəziyyətdə olduğunu nümayiş etdirib. Öz siyasi karyerasını portmanat prinsiplərinə bağlayan Rusiya prezidenti ölkədaxili narazılığa yol verməmək istəyir və Ukrayna məsələsində geriyə çəkilə biləcəyinə işarə edib. Moskvada doğulmuş əməliyyatçıların Donbasdan geri çağırılması və onların yerli ukraynalılarla əvəz edilməsi bunun göstəricisidir.

Ötən həftə ona xas olmayan dumanlı çıxışında Putin Krımın tarixən Rusiyaya məxsus olmasını vurğulasa da, işarə edib ki, ölkənin imperialist ambisiyaları elə bununla da bitməlidir.

Ola bilsin ki, hazırkı ümidlər və çəkinmələr barədə hökm vermək hələ çox tezdir. Lakin Moskvanın Krım iddialarını legitimləşdirəcək hər hansı saziş Putinin öz ölkəsində qalib kimi görünməsinə imkan verərdi. O, lap Ukraynanı itirsə də belə.

XS
SM
MD
LG