Minskdə sülh axtarışı...
Minskdə Ukrayna böhranı üzrə Kontakt qrupunun iclası başlanıb.
İclasda Ukrayna, Rusiya, ATƏT nümayəndə heyətləri iştirak edir.
Ukraynanı keçmiş prezident Leonid Kuchma, Rusiyanı bu ölkənin Ukraynadakı səfiri Mikhail Zurabov, ATƏT-i təşkilatın hazırkı sədrinin Ukrayna böhranı üzrə nümayəndəsi Heidi Tagliavini təmsil edir.
İclasa «Donetsk Xalq Respublikası»nın baş nazirinin müavini Andrei Purgin, «Luqansk Xalq Respublikası»nın Ali Sovetinin sədri Alexei Karyakin də gəlib.
İclasdan qabaq Purgin deyib ki, o, hərbi əməliyyatların və qurbanların sayının azaldılması üçün təkliflərlə gəlib. Təkliflər 8-9 bənddən ibarətdir.
O deyib ki, «bu gün fikir mübadiləsi olacaq və ortaq mövqelərin tapılmasına çalışılacaq».
- #Ukrayna-da Kim hansı ölkədəndir? Niyə vuruşur?.. #ukraine - Beslan faciəsindən 10 il ötür, ancaq cavabsız... http://t.co/n3vSJF3Lpx
— AzadliqRadiosu (@RadioAzadliq) 1.9.2014
Separatçılar Ukraynada qalmağa «xüsusi status» istəyir
Minskdə kontakt qrupunun iclası başlanmazdan əvvəl iclasa gələn Şərqi Ukraynadan olan rusiyapərəst separatçılar bəyanatla çıxış ediblər.
Onlar bildiriblər ki, Ukraynanın tərkibində qalmağa hazır ola bilərlər, bir şərtlə ki, Donetsk və Luqansk regionları ərazisinə «xüsusi status» verilsin.
Bunu «Reuters» Rusiyanın xəbər agentliklərinə istinadla bildirir.
Separatçıların irəli sürdüyü əsas şərtlərdən biri də hərbi əməliyyatın dərhal dayandırılmasıdır.
«Reuters»in fikrincə, ilk baxışdan separatçıların şərtləri Kiyev üçün məqbul görünmür.
UKRAYNA LUQANSK AEROPORTUNU İTİRİR
Ukrayna müdafiə naziri Heletey FB səhifəsində yazır ki, Ukraynadakı antiterror əmliyyatı qələbə ilə başa çatıb, Rusiya ilə müharibə başlayıb. Müdafiə nazirinin fikrincə indiyədək "hibrid" müharibə aparan Rusiya artıq Ukraynanın yeni ərazilərini işğal etmək üçün açıq hərbi müdaxilə yoluna qədəm qoyub.
Ukrayna prezidenti Petro Poroshenko da bu günlərdə Rusiyanı öz ölkəsinə qarşı müharibə aparmaqda ittiham edib. Ukrayna tərəfi dəfələrlə öz qoşunlarına Rusiya ərazsindən hücumların baş verdiyini və bu hücumlarda Rusiya silahlı qüvvələrinin hissələrinin və hrəbi texnikasının iştirak etdiyini bəyan edib.
Separatçıların lideri Donbassda 4000 minə yaxın Rusiya hərbçisinin vuruşduğunu təsdiqləsə də, onların döyüşlərdə könüllü kimi iştirak etdiyini bildirib. NATO-nun bəyanatında bu rəqəmlər 1000-ə yaxındır. Bundan başqa NATO Ukraynaya soxulan Rusiya hərbi karvanlarının kosmosdan çıkilən şəkillərini açıqlayıb.
Rusiya prezidenti Vladimir Putin isə Rusiya qoşunlarının Donbassdakı hərbi əməliyyatlarda iştirakını inkar edərək bəyan edir ki, oradakı vətəndaş müharibəsidir.
Sentyabrın 1-də Ukrayna tərəfi növbəti hərbi məğlubiyyətini boynuna alıb. Bu dəfə Ukrayna hərbçiləri strateji əhəmiyyəti olan Luqansk aeroportundan geri çəkilməyə məcbur olub. Rusiyameylli qüvvələr bu uğurlarını möhkəmlədə biləsələr, artıq ancaq quru yolu ilə deyil, hava yolu ilə də Rusiyadan hərbi yardım almaq imkanı qazanacaqlar.