Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 17:40

NATO Ukraynaya «yox» deməyəcək


Petro Poroshenko və Anders Fogh Rasmussen - 7 avqust 2014
Petro Poroshenko və Anders Fogh Rasmussen - 7 avqust 2014

-

NATO-nun baş katibi Anders Fogh Rasmussen deyib ki, Rusiyadan gələn etirazlara rəğmən Ukrayna Şimali Atlantika Alyansının üzvü olmaq arzusunda azaddır.

Cənab Rasmussen bildirib ki, NATO Ukraynanın hərbi və siyasi müttəfiqliyə dair qəbul etdiyi istənilən qərara hörmətlə yanaşacaq.

«Mən Ukraynanın daxilindəki siyasi diskussiyalara qoşulmaq istəmirəm. Lakin icazə verin xatırladım ki, NATO-nun 2008-ci il Buxarest sammitinin qərarına görə, Ukrayna zəruri kriteriyalara cavab vermək şərtilə NATO-ya üzv ola bilər» - deyib Rasmussen.

Anders Fogh Rasmussen bu bəyanatı NATO səfirləri ilə Ukraynanın alyansdakı elçisi arasında keçirilən fövqəladə iclasdan sonra verib.

Bununla belə baş katib bildirib ki, avqustun 29-da keçirilən görüşdə Ukraynanın NATO-ya üzvlük məsələsi müzakirə olunmayıb. Buna baxmayaraq, bir sıra NATO ölkələri Ukraynanın hərbi qüdrətinin artırılmasına yardım göstərilməsi təklifi ilə çıxış ediblər.

Rasmussen, həmçinin, Ukrayna prezidenti Petro Poroshenko-nun NATO-nun gələn həftə Uelsdə keçiriləcək sammitində iştirak edəcəyini bir daha təsdiqləyib.

ALMANİYA VƏ FRANSA ƏLEYHİNƏDİR

Siyasi ekspertlər yada salırlar ki, NATO-nun 2008-ci ildə qəbul etdiyi Buxarest bəyannaməsinə baxmayaraq, alyansın üzvləri Ukrayna, Gürcüstan və ya Çernoqoriya kimi ölkələrin üzvlüyü məsələsinə o qədər də həvəslə baxmırlar.

2008-ci ildə Gürcüstan və Ukraynaya NATO-ya üzvlük hazırlığı kimi hərəkət planının verilməsini Almaniya və Fransa bloklamışdı.

Almaniya kansleri Angela Merkel ötən həftə bəyan edib ki, Ukraynanın NATO-ya üzvlüyü məsələsi gündəlikdə deyil. Bununla belə, Almaniya ABŞ-la birlikdə yeni üzv ölkələrin – Litva, Latviya və Estoniyanın suverenliyinin qorunması üçün vuruşmağa hazır olduğunu bildirib.

KİYEV NATO-YA DOĞRU HƏRƏKƏTDƏ

Bu bəyanatdan əvvəl Ukraynanın baş naziri Arseniy Yatsenyuk demişdi ki, hökumət ölkə parlamentinə Ukraynanın bloklara qoşulmamaq statusunun ləğv edilməsinə dair qanun layihəsi təqdim edəcək.

Arseniy Yatsenyuk əlavə edib ki, yeni qanunda Ukraynanın Rusiyanın daxil olduğu hər hansı blok, təşkilat və ya ittifaqda təmsilçiliyi qadağan olunacaq.

MOSKVAYA QARŞI YENİ SANKSİYALAR

Avropa İttifaqının xarici işlər nazirlərinin Milan şəhərindəki görüşü şənbə günü də davam edəcək.

Bu görüşdə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi məsələsi müzakirə olunmalıdır.

Xəbər verilir ki, şənbə günü günortadan sonra Petro Poroshenko da bu iclasa qatılmalıdır.

Hazırda Polşada NATO-nun «Qılınc Qovşağı» («Sabre Junction») kod adlı təlimləri başlanıb.

Əsasən Şərqi Avropa ölkələrinin qatıldığı bu manevrlərə Ukraynanın dəvət edilməsinə Hollandiya mane olmuşdu. Hollandlar bildirmişdilər ki, Ukraynanın manevrlərdə iştirakı bu ölkədə gedən münaqişənin çözülməsinə mənfi təsir göstərə bilər.

UKRAYNA XƏBƏRLƏRİNİ DAİM YENİLƏNƏN CANLI BLOQDA İZLƏ

XS
SM
MD
LG