Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 14:30

Siyavuş Novruzov: «Elektron media ilə bağlı xüsusi tədbirlər görüləcək»


Siyavuş Novruzov
Siyavuş Novruzov

-

Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Siyavuş Novruzov Qafqazinfo-ya açıqlamasında bildirib ki, elektron media ilə bağlı xüsusi tədbirlər görüləcək. O, bu haqda təkliflərin payız sessiyasında parlamentin müzakirəsinə çıxarılacağını deyib:

«Elektron media ilə bağlı müzakirə olunan bir neçə məsələ var. İstər saytlarda, istərsə də sosial şəbəkələrdə istənilən istifadəçi öncədən şəxsiyyət vəsiqəsinin seriya nömrəsini daxil edib sonra şərh yaza biləcək. Xarici ölkələrdə bu təcrübə var. Bu gün saytlarda nə qədər söyüşlər, təhqirlər var. Hamısı da müxtəlif saxta adlarladır. Bu, həm də digər oxucuların etiket qaydalarının pozulmasına gətirib çıxarır. Bəzən də şəxslər buna görə müsahibə verməkdən imtina edir».

Siyavuş Novruzovun dediyinə görə, məlumatın yayılması ilə bağlı məsuliyyəti isə ilkin mənbə daşıyacaq:

«İlk olaraq dezinformasiyanı kim veribsə, o, məsuliyyətə cəlb ediləcək. Çünki başqaları deyir ki, mən ona istinadən vermişəm. Bundan başqa ilkin mənbələrin yayılan informasiyanı sonradan silmə halları da var. Bunun da həlli üçün uyğun variant tapılacaq və qanunvericilikdə öz həllini tapacaq».

QANUNLARA DƏYİŞİKLİKLƏR EDİLƏCƏK, CƏZALAR SƏRTLƏŞDİRİLƏCƏK

YAP-çı deputat media ilə bağlı təkliflərdən də söz açıb:

«Media müxtəlif mənbələrdən məlumat ala bilər. Amma bu, dəqiq olmalıdır. Aldığı məlumatı hər bir təşkilatın, dövlət strukturunun mətbuat xidməti ilə dəqiqləşdirməlidir. Ola bilər şəxsiyyət əleyhinə dəqiqləşdirilməmiş məlumat yayılsın. Bu zaman həmin şəxs özü qərar verəcək ki, məhkəməyə müraciət etsin, ya yox. Amma elə strukturlar var ki, onunla bağlı dəqiqləşdirilməmiş məlumatların yayılması üzrə maddələr ağırlaşdırılacaq».

Komitə üzvü dəqiqləşdirilməmiş məlumat yayan media orqanının külli miqdarda cəzalandırılacağını bildirib:

«Biz məsələ qaldıracağıq ki, KİV haqda qanuna da dəyişiklik edilsin. Belə hallarda dəqiqləşdirilməmiş məlumat yayan media orqanı külli miqdarda vəsait və digər vasitələrlə cəzalandırılacaq. Parlamentin builki payız sessiyasında bu məsələ qaldırılacaq. Bununla da təxribat xarakterli, dəqiqləşdirilməmiş məlumatların qarşısı alınacaq. Bir də görürsən, hansısa media orqanı yazır ki, filankəs dedi əsgərlikdə filankəsin oğlunu döyüb qabırğasını sındırıblar. Nə valideynə, nə də rəsmi məlumata əsaslanırsan. Bunu da yayırsan, sonra digər valideynlər də narahat olur ki, yəqin, mənim övladımı da döyürlər».

Siyavuş Novruzov bir sıra qanunlara ediləcək yeni dəyişikliklərlə cəzaların sərtləşdiriləcəyini də söyləyib:

«Yeni qanun layihələri var. Bəzi qanunlara əlavə və dəyişikliklər də təklif edilib. Artıq komitələrdə müzakirə edilir. İş planına təqdim etdikdən sonra təsdiq olunacaqsa, parlamentdə müzakirə edəcəyik. Hərbi sirrin yayılması, kəşfiyyat və əks-kəşfiyyat haqda, ordu haqda mətbuatda düzgün olmayan məlumatların yayılması haqda cəzalar sərtləşdiriləcək. Siyasi partiyaların maliyyələşməsi ilə bağlı da yeni təklif var».

XS
SM
MD
LG