Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:47

«BDU-nun tələbə şəhərciyinin tikintisinə icazə verilmir»


Nəbi Ramazanlı
Nəbi Ramazanlı

-

Bakı Dövlət Universitetinin (BDU-nun) keçmiş yataqxanalarının ərazisində – tələbə şəhərciyində 4 korpusdan ibarət çoxmərtəbəli yataqxana binalarının tikilməsi nəzərdə tutulur.

Şəhərcikdə piyada və velosipedçilər üçün yollar da olacaq. Yataqxana kompleksində sərgi salonu, tibb məntəqəsi, kitabxana, mağaza, tutumlu iclas və fitnes zalları, bərbərxana, internet-kafe və ikimərtəbəli yeməkxana da tələbələrin xidmətinə veriləcək.

Bəs bütün bunlar nə vaxt hazır olacaq? BDU-nun inzibati-təsərrüfat işləri prorektoru Nəbi Ramazanlı AzadlıqRadiosunun bu və başqa suallarını cavablandırıb.

– Nəbi müəllim, ötən il şəhərcikdə söküntü işlərinə başlandı. İndi vəziyyət necədir?

– Layihələndirməni başa çatdırsaq da, bəzi səbəblər var ki, imkanımız xaricindədir. Maliyyə və Bakı şəhər İcra Hakimiyyətinin inşaat pasportu – tikintiyə icazəsi ilə bağlı məsələlərdən söhbət gedir. Hörmətli Hacıbala Abutalıbov tikintiyə icazə vermədiyi üçün yerimizdə sayırıq, işin davamı gəlmir.

– Bakı şəhər İcra Hakimiyyəti tikintiyə niyə icazə vermir ki?

– Səbəbləri bizə açıqlamırlar.

– Bəlkə layihədə hər hansı çatışmazlıq var və geri qaytararlar ki, onu-bunu düzəldin?

– Layihədə heç bir problem yoxdur. Əslində, öncə layihələndirməyə icazə üçün sərəncam verilməlidir. Bu sərəncama Hacıbala müəllim, hələ ki, qol çəkmir. Səbəbini mən bilmirəm.

– BDU Azərbaycanın böyük, nüfuzlu təhsil ocaqlarından sayılır. Universitet rəhbərliyi niyə nüfuzundan yararlanıb problemin çözümü üçün Təhsil Nazirliyinə və ya başqa səlahiyyətli dövlət qurumuna üz tutmur?

– Hamısına müraciət etmişik. Bəlkə maliyyəyə görədir, bəlkə başqa səbəblərdəndir, – bunu bilmirik. Səbəb nədirsə, bunu Bakı şəhər İcra Hakimiyyətində bilirlər. Bakı şəhər İcra Hakimiyyətinin başçısına, arxitektura idarəsinə, şəhərsalma idarəsinə müraciət etmək lazımdır ki, BDU niyə indiyədək layihələndirməyə icazə ala bilmir? Səbəb olmalıdır. Ya da deməlidirlər ki, ideya eskizin yerində deyil. Amma tələbə şəhərciyinin eskizi çox yaxşıdır, mətbuatda da yayılıb. Hər kəs bəyənib. Hətta Bakının baş memarının da çox xoşuna gəlib. Amma göndərdiyimiz məktuba Bakı şəhər İcra Hakimiyyətindən cavab almadığımızdan səbəbləri bilmirik.

– Nəbi müəllim, tikintiyə maliyyəni kim ayırmalıdır?

– Birbaşa Maliyyə Nazirliyi, amma Nazirlər Kabinetinin sərəncamı ilə. İqtisadi İnkişaf Nazirliyi və Maliyyə Nazirliyi öz təkliflərini verir, maliyyə mənbəyi tapılandan sonra həmin qurumlar öz təkliflərini Nazirlər Kabinetinə göndərirlər. Baş nazir də məsələ barədə sərəncam imzalayır və icra üçün müvafiq qurumlara tapşırıq verir.

– Bəs ayrılan maliyyə BDU-ya yönəldilir, yoxsa başqa dövlət qurumuna?

– Birbaşa Maliyyə Nazirliyinə, oradan da bizə.

– Keçmiş tələbə şəhərciyinin söküntüsünü, yəqin ki, müvafiq dövlət qurumları ilə razılaşdırmısınız...

– Əlbəttə. Söküntü barədə ayrı-ayrı qurumların qərarları var. Yataqxana hansı vəziyyətdə olub, binalar neçənci ildə tikilib, nə qədər istifadə olunub, məcburi köçkünlər 20 ildir orda yaşayandan sonra binalar hansı aşınmaya məruz qalıb – bütün bunlar araşdırılıb. Bir tərəfdən binalar aşınmışdı, digər tərəfdən, açıq danışaq, ölkəmiz inkişaf edir, gözəl və yaraşıqlı binalar tikilir, şəhərimizin gözəl bir yerində köhnə sovet üslublu tikintiyə ehtiyac yox idi, axı. Üstəlik, o vaxt bu binalar 7 ballıq zəlzələyə hesablanmışdı, bu gün tikilən binalarsa müasir normativlərlə 9 bala hesablanır.

– Söküntü işləri nədən tamam başa çatdırılmayıb?

– Birinci səbəb – maliyyədir, söküntünün özünə də pul lazımdır. İkincisi, Qaçqın və Məcburi Köçkünlərlə İşi üzrə Dövlət Komitəsi bir neçə ailəni köçürə bilməyib. Belə deyim, 4 binanı sökmüşük, 3 bina qalıb. Üç binanın hər birində də bir ailə qalıb ki, köçmək istəmir.

– Belə söhbətlər var ki, bəzi ali məktəblər şəhər kənarına köçürüləcək. Bəlkə BDU-nun tələbə şəhərciyinin də tikintisi elə bu üzdən ləngiyir?

–Belə bir məlumatım yoxdur. İnanmıram ki, BDU çəkisində bir universiteti tez bir zamanda kənarda yaratmaq mümkün olsun. Amma ölkəmiz inkişaf edir. Məsləhət bilsələr, nəinki şəhər qırağına, hansısa regiona da köçürə bilərlər.

– Nəbi müəllim, məcburi köçkünlər çıxarılsaydı, köhnə şəhərcik universitetin tələbatına nə dərəcədə cavab verərdi? Özəlliklə yataqxanadakı yerlərin tələbə sayına uyğunluq dərəcəsini nəzərdə tuturam?

– Yox, nə normativləri uyğun idi, nə də yer sayı. Vaxtilə şəhərcik salınanda universitetdə 6 min tələbə oxuyur və 2000-2500 tələbənin yataqxanada yerləşdirilməsi nəzərdə tutulurdu. Ötən əsrin 60-cı illərinin normativlərinə uyğun tikilmiş bir şəhərcik idi. Bu günsə 10 min tələbənin yerləşə biləcəyi bir kampusa ehtiyac var. İndiki eskizlə 6 min tələbə yerləşdirilə bilər.

– BDU tikintiyə icazə üçün ölkə prezidentinə müraciət edə bilər?

– Müraciət etmişik. Fikrimcə, möhtərəm prezidentimiz universitetin yataqxana məsələsini bir gün gündəliyə salıb özü buna müdaxilə edəcək və məsələ müsbət həllini tapacaq.

XS
SM
MD
LG