Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 13:56

Qara zurna camış kimidi, gərək suya salasan...


Kamran kişinin qara zurna sevdası...
Gözlə

No media source currently available

0:00 0:06:17 0:00

Kamran kişinin qara zurna sevdası...

"Tam 7 il sərasər klarnet çaldım. Gördüm ki, boyun damarım şişir, əl saxladım".

O, 65 ildir ki, el sənətini yaşatmaqdan ötrü nəfəs verir - qara zurna, yastı balaban və klarnetdə ifa edir.

Bu alətlər həm də «çörək ağacı»dır - onların hesabına ev tikib, bir külfət saxlayıb, oğul evləndirib, qız köçürüb. İndiyədək saysız-hesabsız ictimai tədbirlərin iştirakçısı olub, «Biz qayıdacağıq» filminə çəkilib. Minlərlə qız onun ifası altında gəlin köçüb, onlarla yetirməsi var. O, həm də adları çəkilən musiqi alətlərini hazırlayır. Söhbət 82 yaşılı Kamran Fərzəliyevdən gedir.

O, Ermənistan hərbi qüvvələri Füzuli şəhərini işğal edəndən bəri (1993-cü ildən) ailəsi ilə birgə köçkün həyatı yaşayır. 2 il əvvəl İmişli rayonunda məcburi köçkünlər üçün salınmış qəsəbədə evlə təmin olunub. Daha qocalıb, klarnetə nəfəs verməyə gücü çatmır. Amma 82 yaşında da Kamran Fərzəliyev zurna və balabanı üfləməyindən qalmır...

«OBA KÖÇDÜ OYMAQDAN, AY BÜLBÜLLƏR...»

İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində məskunlaşan, yaxın vaxtlaradək «fin evləri»ndə yaşayan məcburi köçkünlər üçün yeni qəsəbə salınıb. Magistral yoldan baxanda qutu-qutu evlər görünür. 115 saylı evi axtarmağa çox da vaxtımız getmir - burada yaşayanların hamısı «tütək çalan kişi»ni yaxşı tanıyır...

Təzə yurda cəmi iki ildir ki, köçüblər. Nar ağacları bu il bar gətirib, üzüm, tut, ərik, alça, gilas tingləri hələ körpə uşaq kimi böyüməkdədir. Çəpər döşündəki gül kolları səhərlər çiçək açır və həyət-bacaya ecazkar gözəllik gətirir. Kiçicik torpaq sahələrində nələr yetişdirməyiblər - kələm, xiyar, bibər, badımcan, balqabaq, günəbaxan. Hər təzə yurda köçəndə, «Ay bülbüllər»dəki qəhrəmanı kimi, Kamran kişi qarşısına məqsəd qoyur: «Bu dağı bağ eylərəm...».

İçərisində 15 il yaşadıqları G061 saylı fin evini də həyətlərinə gətiriblər, ərzaq məhsullarını və bəzi əşyalarını onda saxlayırlar. Köçkünlük onları o qədər sərt sınaqlara çəkib ki, qışın odun tədarükünü yayda görməli olublar.

«16 YAŞIMDA ARTIQ MƏNİ TOYLARA APARIRDILAR»

Kamran Fərzəliyev və həyat yoldaşı
Kamran Fərzəliyev və həyat yoldaşı

Kamran Fərzəliyev 1933-cü ildə Füzuli rayonunda doğulub. 8 yaşında atasını itirib. Bir yandan da müharibənin gətirdiyi həyəcan, yoxsulluq, qıtlıq...

«Məni oxudan olmadı. Uşaq yaşlarımdan kotanla yer şumlamışam, əkin əkmişəm. Qamışdan, küləşdən balaban düzəldib çalırdım. Bu, ötəri uşaqlıq həvəsi deyildi, sənətə ciddi marağım vardı. Toy olan vaxtlarda saatlarla musiqiyə qulaq asardım, xalq mahnılarını, oyun havalarını öyrənərdim. Həmin gecə yatmayıb öyrəndiklərimi öz alətimdə məşq edirdim».

16 yaşında artıq onu toylara aparıblar. 3 ildən sonra hərbi xidmətə çağırılıb. O vaxtadək qonşu qızı ilə evlənibmiş. Əsgərliyi düz üç il yarım çəkib. Orada da balabanı əlindən yerə qoymur. Qayıdanda böyük sənətkarların əhatəsinə düşür:

«CAMAAT TOYA MUĞAMAT DİNLƏMƏYƏ GƏLƏRDİ»

«Zurna-balaban dədə-baba alətləridir. Əvvəllər bunsuz toy olmazdı. O vaxtın toyu tamam ayrı aləm idi. Musiqi də, müğənni ifası da təbii səs idi. Toylara Ağabala, Süleyman, Yaqub, İslam kimi sənətkarlarla getmişəm. Onda heç ortaya girib oynayan, növbə üstündə dava salan yox idi, adamları zorla oynadırdılar. Camaat toya muğamat dinləməyə gələrdi. Ağsaqqallar, ağır-ağır kişilər otururdu məclisdə. Hansısa qəzəldən bir beyt deyilməsə, o saat nöqsan tuturdular. «Koroğlu» cəngini vura-vura evdən gəlin çıxarmağa gedirdik. Qapıda it quyruğunu bulayırdı, pişik ayaqlarımıza sürtüşürdü».

«ŞAMAMA HƏSƏNOVA PAMBIQ PLANINI DOLDURANDA ZURNA ÇALDIRARDI»

Kamran Fərzəliyev ictimai konsertlərin bircəciyini də buraxmadığını, bir çox tədbirlərdə pulsuz-parasız iştirak etdiyini deyir: «El şənlikləri, «Məhsul bayramı» keçiriləndə, bizə mədəniyyət şöbəsindən geyim verib çıxarırdılar camaat qabağına. «Raykom»da işləyənlər ifamdan həmişə razı qalıb. Şamama Həsənova planını dolduranda, içərisi pambıqla dolu «lapetdə» çala-çala gedirdik məntəqəyə».

Kamran kişi köçkünlük illərində bir müddət İmişlidəki Uşaq Yaradıcılıq Mərkəzində işləyib.

DİDƏRGİNLİK İLLƏRİNDƏ ZURNA-BALABANI BAŞININ ALTINA QOYUB YATIRMIŞ

Yataq otağında iki çemodan var. Birində ifa etdiyi zurna, balaban və səsgücləndirici vasitə, digərində isə müxtəlif diləklər, qamış və odun parçaları, sifariş olunan işlər. Bu çemodanlarla haraları gəzməyib? Kamran kişi deyir ki, didərginlik illərində gecə çemodanlar başının altında olub: «Qaçaqaç düşəndə birinci zurna-balaban olan çemodanları götürürdüm. Bilirdim ki, hara getsəm, onlarla çörək qazanacam».

«ƏVVƏLLƏR «VAĞZALI»NI ZURNA İLƏ ÇALDIRARDILAR Kİ, QOY OBADA SƏS ÇIXSIN»

Zurnada ifa etməyə başlayarkən bir az çətinlik çəkir, mətbəxə keçib qayıtmalı olur:

«Zurna elə bir alətdir ki, barmaqların rahat işləməsi və səsin ahəngə düşməsi üçün gərək çox çalına. Camış kimidir, gərək suya salasan. Sulamasan, çalan deyil».

Kamran kişi İmişlidə zurna-balabanı toylara qaytardığını deyir:

«Mən buralara gəlib çıxanadək zurna-balaban toylardan yığışmışdı, təzədən dəbə mindirdim».

O, alətlər barədə də məlumat verir:

«Zurna ərik ağacından hazırlanır. Onun gövdə hissəsini tornaçılara yondururuq. Qalan işlər əl əməyi ilə görülür. Gövdənin üst və alt hissəsindən deşiklər açılır, ağacdan maşa hazırlayıb ona taxırıq. Maşaya mil, milə isə qamışdan hazırlanan müştük keçirilir. «Qapança» da düzəldirəm ki, çalıb qurtarandan sonra ağzını örtmək mümkün olsun.

Əvvəllər usta zurnaçının böyründə daha bir zurnaçı - «dəmkeş» olurdu. Dəm zurnasının müştüyü ikiqat qamışdan hazırlanır ki, yaxşı üfürülsün. Zurna güclü və zil səs çıxarır, balaban isə həzin. Əvvəllər «Vağzalı»nı zurna ilə çaldırardılar ki, qoy obada səs çıxsın. Amma xanəndənin ifası balabanla müşayiət edilir. Nəfəsi ağızdan buruna, burundan ağıza dövretmə ilə ötürərək, balabanla arası kəsilmədən çalmaq olur. Mərhum Üzeyir Hacıbəyov bu alətə çox böyük qiymət verib».

KLARNET BOYUN DAMARINI ŞİŞİRDİB

Kamran Fərzəliyev deyir ki, onu daha çox məşhurlaşdıran klarnetdə ifası olub:

«Klarnet çətindir. Cavan adamın işidir, gərək nəfəs çatdıra biləsən. Alətin 1 kiloqram 400 qram çəkisi var. Mən vaxtilə onda ifa edə bilmirdim, əlimə yatmırdı. Rəhmətlik İslam Rzayevlə məsləhətləşdim, dedi gündə 4-5 saat məşq elə, əlin öyrənəcək. Bax belə-belə, rayonun əsas klarnet çalanı oldum. Tam 7 il sərasər klarnet çaldım. Gördüm ki, boyun damarım şişir, əl saxladım. İndi qocalıq da öz sözünü deyir...».

«MƏNİ BURURLAR»

O, tez-tez narazı şəkildə bu sözü təkrar edir: «Məni bururlar». Əvvəl nə demək istədiyini heç cür başa düşə bilmirdim. Başına gələn bir əhvalatı danışmaqla bu ifadənin mənasını anlatdı:

«Tərəkəmə camaatı zurna sevən olur, gəlini evdən zurna-qavalla çıxarırlar. İllər öncə iki qardaşdan birinin toyunu çalmışdım. İkinci qardaş evlənəndə, valideynləri musiqiçilərə deyiblər ki, o kişini də gətirin. Başqa zurnaçı aparmağa görə toyu danışan musiqiçilər deyiblər ki, kişi çoxdan rəhmətə gedib».

EVLİLİYİN 63-CÜ İLİ

Kamran kişinin 2 oğlu, 5 qızı, 32 nəvəsi var. Övladlarının 3-ü atalarının yolunu tutub - qarmon və nağara ifa edir, qızı fortepiano müəllimidir. Amma bu qədər övladdan yanında kimsə qalmayıb. Ömür-gün yoldaşı Əntiqə xanımla evliliklərindən düz 62 il keçir. Kim bilir, bəlkə də onları bu yaşa gətirib çıxaran, acılara və məhrumiyyətlərə dözdürən aralarındakı qarşılıqlı anlaşma, hörmət, məhəbbətdir. Çox sevdiyi xalq mahnısında bu sözlər də var: «Yar yardan necə doysun, ay bülbüllər…».

XS
SM
MD
LG