Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:28

«Əsrin müqaviləsi» yeni əsrdə Azərbaycana nə vəd edir?


«Əsrin müqaviləsi»nin imzalanması - 20 sentyabr 1994
«Əsrin müqaviləsi»nin imzalanması - 20 sentyabr 1994

-

«Bizim yol» qəzeti ««Əsrin müqaviləsi» yeni əsrdə Azərbaycana nə vəd edir?» sərlövhəli yazıda yüksək neft gəlirlərinə səbəb olan neft müqavilələrinin ölkəyə faydasını araşdırıb. «Əsrin müqaviləsi» Azərbaycana nə verdi və bundan sonra nələr qazanmağa ümid var?

İqtisadçı-ekspert Qubad İbadoğlu «Bizim Yol»a şərhində bildirib ki, «Əsrin müqaviləsi» 20 il ərzində dövlət gəlirlərinin formalaşmasında mühüm rola malik olub:

«Ölkəyə milyardlarla investisiya cəlb edilib, iri şirkətlər fəaliyyətə başlayıb, yeni texnologiyalar gətirilib. «Əsrin müqaviləsi»nin əsas qazancları maliyyə və iqtisadi kontekstdə olub».

Q.İbadoğluya görə, sosial sərmayələr genişlənib, iş yerlərinin sayı artıb. Lakin ekspert gəlirlərin xərclənməsində şəffaflığın təmin edilməməsinin, səmərəsiz istifadələrin çox olmasının əsas problemlərdən biri olduğunu bildirdi. Xüsusilə, bu gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsi prosesinin ləng getdiyini vurğuladı.

İqtisadçı qeyd etdi ki, siyasi baxımdan bu müqavilənin də önəmli yeri var idi:

«Bu müqavilə Azərbaycanın müstəqilliyinin qorunması üçün vacib bir sənəd idi. O dövrdə ölkənin müstəqilliyinə olan təhlükələri dəf etmək üçün mühüm əhəmiyyət daşıyırdı. Amma başqa gözləntilərimiz də var idi. Ümid edilirdi ki, beynəlxalq aləmdə Qarabağ məsələsinə görə Azərbaycanın ədalətli mövqeyini dəstəkləyənlərin sayı artacaq. Lakin gözləntilərimiz özünü doğrultmadı».

Q.İbadoğlu əlavə etdi ki, son zamanlar hasilatın aşağı düşməsi, əməliyyat fəaliyyətinin azalması bütövlükdə iş yerlərinin azalmasına gətirib çıxaracaq:

Natiq Əliyev
Natiq Əliyev

«Amma ölkənin yaxın dövr ərzində əsas gəlir mənbəyini yenə də «Əsrin müqaviləsi»ndən daxil olmalar təşkil edəcək».

«ÖLKƏNİN GÜCLÜ İQTİSADİ POTENSİALININ ƏSASINI NEFT TƏŞKİL EDİR»

Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev «Azərbaycan» qəzetində «Əsrin müqavilə»sinin 20 illiyi münasibətilə neft-qaz sektorunun ölkə iqtisadiyyatında oynadığı rol barədə öz fikirlərini paylaşıb. Natiq Əliyev müəllifi olduğu məqalədə yazır:

«Heydər Əliyev avqustun 9-da ARDNŞ-nin prezidentini təyin etməzdən əvvəl mənimlə saat yarım bu mövzuda söhbət etdi. Bunun da səbəbi mənim 1984-1991-ci illərdə Azərbaycan KP MK-da işlədiyim dövrdə neft-qaz sənayesinə cavabdehlik daşımağım idi. Digər tərəfdən mənim həm sahə haqqında geniş məlumatlı olmağım, həm də dünyanın tanınmış «Amoco», «British Petroleum», «McDermott» və digər şirkətlərlə aparılan danışıqlarda iştirakım nəticəsində onları tanımağım öz rolunu oynayırdı. Bu aspektdə bir qədər söhbət etdikdən sonra ümummilli lider sual verdi: «Sən Azərbaycanın neft-qaz sənayesinin perspektivini necə görürsən?». Mən müvafiq istiqamətin inkişafı ilə bağlı kifayət qədər stimulverici amillərin, xüsusən də iqtisadi potensialın olmasını bildirdim. Eyni zamanda qeyd etdim ki, problemlər də az deyil. Bunu da onunla əsaslandırdım ki, neft və qazın hasilatında enmə templəri müşahidə edilməkdədir. Bu vəziyyət neft üzrə ildə təxminən 6-7, qaz üzrə isə 13 faiz təşkil edir».

Bahar Muradova
Bahar Muradova

BAHAR MURADOVA: «AVROPA PARLAMENTİNİN QƏTNAMƏSİ AZƏRBAYCANA QARŞI “QARA PİAR»IN TƏRKİB HİSSƏSİDİR»

«Yeni Azərbaycan» qəzeti 20 sentyabr tarixli sayında Milli Məclis sədrinin müavini Bahar Muradovanın Avropa Parlamentinin qətnaməsi ilə bağlı Trend-ə verdiyi müsahibəsini yayımlayıb.

Bahar Muradova deyib ki, Avropa Parlamenti kimi nüfuzlu təşkilatın belə bir sənəd qəbul etməsi yolverilməzdir:

«Təəssüf edirəm ki, AP-nin bir qrup deputatı növbəti dəfə Azərbaycandakı demokratiyanın vəziyyətinə dair ciddi şəkildə «narahat olublar» və təcili şəkildə belə bir qətnamənin qəbulunu vacib biliblər. Bunun hansı dairələrə lazım olduğu onlara daha çox bəllidir. Amma biz də az-çox təxmin edirik ki, Azərbaycana qarşı belə bir qətnamənin qəbulunda hansı dairələr maraqlıdırlar».

B.Muradova qeyd edib ki, həmin dairələr AŞ, AŞ PA, ATƏT və digər beynəlxalq təşkilatlarda daim belə məsələləri gündəmə gətirməyə çalışıblar:

«İndi isə həmin qurumlardakı bəd niyyətlərini həyata keçirə bilməyən qruplar bu dəfə ağırlıq mərkəzini AP-yə köçürüblər. Hətta orada çıxış edənlərin arasında müsbət fikirlər söyləyənlər olubsa da, onları nəzərə almayıblar. Bu qətnaməni birtərəfli, qərəzli, qeyri-obyektiv və Azərbaycana qarşı «qara piar»ın tərkib hissəsi hesab edirəm».

Seymur Həzi
Seymur Həzi

«SEYMUR HƏZİ, YOLUN MÜBARƏK!»

«Azadlıq» qəzeti Milli Şura üzvü Gültəkin Hacıbəylinin «Seymur Həzi, yolun mübarək!» adlı yazısını dərc edib.

Müəllif yazır ki, AXCP üzvü Seymur Həzi «özü öz ayağı ilə» həbsə girdi:

«Seymur bu absurdlar ölkəsində sağlam məntiq və düşüncə adına qalan yeganə azad qəzetin baş yazarı idi. Onun daxili və xarici siyasət haqqında dərin politoloji təhlillərini, intellekt, istedad və cəsarətdən yoğrulmuş analitik yazılarını yüz minlər oxuyur, on minlər isə nəfəs kimi ciyərlərinə çəkirdi. Razılaşın ki, indi Seymurun yeri «Azadlıq» qəzetində də, ciddi analitik jurnalistika da çox görünür. Lakin bu savadlı, intellektli, cəsarətli və dərin analizləri ilə fərqlənən gənc könüllü olaraq həbsi seçdi. Həbsindən az əvvəl Leyla Yunusa məktubunda belə yazmışdı Seymur: «Sizin həbs xəbərinizdən sonra anam mənə artıq «ehtiyatlı ol» demir. Yəqin ki, bunu öz qüruruna sığışdırmır. O, artıq anlayır ki, oğlunun yeri bu böyük həbsxana deyil, sizin yanınızdır».

XS
SM
MD
LG