Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:28

BP Azərbaycanda insan haqları ilə bağlı sözünü deməlidir


British Petrolium
British Petrolium

-

Nyu Yorkda mənzillənmiş insan haqları qrupu Human Rights Watch bu gün açılqladığı məktubda, həm də mədən sənayesində şəffaflıq təşəbbüsünün lideri sayılan neft nəhənginə belə bir çağırış edib.

Məktubda deyilir ki, BP Azərbaycan hökumətinin müstəqil qrupların və fəlların üzərinə qaba hücumlarının dayandırılmasına çalışmalıdır.

Qeyd olunur ki, bu hücumlar BP-nin Mədən Sənayesində Şəffaflıq Təşəbbüsnün (Extractive Industries Transparency Initiative - EITI) lideri kimi roluna kölgə salıb.

Məktubda xatırladılır ki, BP bu ayın 20-də EITI təşəbbüs qrupunun üzvlərindən olan Azərbaycan hökuməti ilə birlikdə Azərbaycan qazını Avropaya nəql edəcək kəmər layihəsinin inaqurasiyasında iştirak edib.

BP AZƏRBAYCANDAKI VƏZİYYƏTƏ GÖRƏ MƏSULİYYƏT DAŞIYIR

BP aparıcı neft şirkəti kimi hökumətlərin, şirkətlərin və QHT-lərin koalisiyasından ibarət olan təşəbbüs qrupunun təsisçi üzvlərindəndir. Bu təşəbbüsdən məqsəd enerji ilə zəngin ölkələrdə daha yaxşı idarəetməyə nail olunması, neft, qaz və digər mədən sahələrinin gəlirlərindən necə istifadə olunduğu barədə açıq cəmiyyət müzakirələrinin himayə edilməsidir.

Arxiv foto
Arxiv foto

Məktubda qeyd olunur ki, BP şirkəti təsisçi üzv olmaqla yanaşı həm də təşəbbüs qrupunun beynəlxalq şurasının aparıcı nümayəndəsi hesab olunur.

Bu təşəbbüs qrupunun işində şirkətlər, hökumətlər və ölkələrin müstəqil təşkilatları bütün səviyyələrdə, eyni dərəcədə iştirak etməlidirlər, lakin Azərbaycan hökuməti müstəqil təşkilatların iştirakına əngəl yaradaraq EITI üzvü kimi öhdəliklərini pozmuş olur.

“BP-nin şəffaflıq uğrunda qlobal koalisiyadakı liderliyi, onu həm də təşəbbüsün özək prinsiplərindən olan vətəndaş cəmiyyətinin iştirakı prinsipinə əməl edilməsi üçün məsul edir – deyib Human Rights Watch təşkilatının biznes və insan haqları üzrə vəzifəli tədqiqatçısı Lisa Misol, - BP Azərbaycan hökumətinə, onun müstəqil səslər üzərinə misilsiz hücumunun dayandırılması üçün təzyiq göstərməlidir”.

AZƏRBAYCAN "ÖHDƏLİKLƏRİNƏ ƏMƏL EDƏN ÖLKƏ" DEYİL

Məktubda deyilir ki, Azərbaycan özünün təşəbbüsdəki iştirakını tez-tez qabartmağı xoşlayır, təşəvbbüsün təsisçi üzvlərindəndir və hazırda “öhdəliklərinə əməl edən ölkə” statusunda EITI-nin beynəlxalq şurasında oturur.

Human Rights Watch təşkilatının məktubunda vurğulanır ki, vətəndaş cəmiyyətinin iştirakı EITI-nin məhək daşıdır və bu təşəbbüs, namizəd və üzv ölkələrdən təməl insan haqlarına hörmət edilməsini birmənalı qaydada tələb edir.

“Lakin indi Azərbaycan, QHT-lərin fəaliyyətini tənzimləmək üçün məhdudlaşdırıcı yeni qanunlardan və EITI iştirakçısı olan qruplar da daxil olmaqla, müstəqil qrupların susdurulması üçün başqa taktikalardan istifadə edir – deyilir məktubda – Hökumət təşkilatların bank hesablarını dondurmaqla bu qrupların maliyyələşdirilməsinə blok qoyur, onların liderlərinin yeni qrantlarının qeydiyyatından əsassız və özbaşına qaydada imtina edir”.

Bu da vurğulanır ki, hakimiyyət iddia olunan vergidən yayınma və başaqa pozuntular barədə siyasi motivli cinayət işləri açmış və başqa təhdidedeci taktikalardan istifadə etmişdir.

BP MƏSƏLƏYƏ MÜNASİBƏTİNİ AÇIB-AĞARTMAQ İSTƏMİR

Məktubda xatırladılır ki, BP şirkətinə 12 sentyabr tarixli məktubunda Human Rights Watch təşkilatı, şirkəti Azərbaycandakı məhdudlaşdırmalarla bağlı narahatlıq bildirməyə və Azərbaycan hökuməti siyasi fəlların və müstəqil qrupların hədəflənməsini dayandıranadək, onun təşəbbüs qrupunun üzvlyündən xaric ediməsi təkliflərini dəstəkləməyə çağırıb.

BP xahiş edib ki, onun bu məktuba cavabına şəxsi kommunikasiya kimi baxılsın.

EITI şurasının Birmanın Naypyadav şəhərində oktyabrın 14-15-də keçiriləcək növbəti iclasında Azərbaycanın məsələsinə baxılacağı xəbər verilir.

EITI-nin fakttoplama missiyası QHT-lərlə bağlı vəziyyətin araşdırılması üçün sentybarın 20-22-də Bakıya ezam edilib.

AZƏRBAYCAN EİTİ-DƏN ÇIXARILA BİLƏR

Jonas Moberg
Jonas Moberg

“The Financial Times” qəzetinə müsahibəsində təşəbbüs qrupu katibliyinin başçısı Jonas Moberg deyib ki, EITI Azərbaycanın qaydalara əməl etmədiyini aşkara çıxararsa, şura öz iclasında onun təşəbbüs qrupundan xaric edilməsi məsələsinə baxa bilər”.

“BP və bu mühüm şəffaflıq təşəbbüsün digər liderləri Azərbaycanın öz kursunu dəyişdirməsinə yönəlmiş səylərinə yubanmadan başlamalıdırlar – deyib Human Rights Watch təşkilatının biznes və insan haqları üzrə vəzifəli tədqiqatçısı Lisa Misol – Onlar çox tezliklə hökumətə fəallara qarşı təhdid və qısnamaları dərhal dayandırması barədə açıq mesaj göndərməsələr, Azərbaycanda bu təşəbbüsdə iştirak edəcək müstəqil qrup qalmayacaq”.

BP və Azərbaycandakı hücumlara dair cənab Dudley-ə məktubu buradan oxuya bilərsiniz.

Human Rights Watch təşkilatının Azərbaycana aid digər hesabatları ilə burada tanış ola bilıərsiniz.

XS
SM
MD
LG