Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:04

Emil Məmmədov: «Həbsxanada gördüklərimdən bəzən sarsıldım, bəzən kövrəldim»


Emil Məmmədov
Emil Məmmədov

-

Hüquq müdafiəçisi, «Demokratiyaya Yardım» İctimai Birliyinin rəhbəri Emil Məmmədov 2 il şərti cəza almaqla azadlığa buraxılıb.

Məhkəmə bu haqda qərarı sentyabrın 26-da verib. Emil Məmmədov bir neçə vəzifəli şəxsdən hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunurdu.

- Emil bəy, həmişə azadlıqda.

- Sağ olun.

- Gözlənilən qərar idi?

- Düzü, gözləmirdim. Allah kömək oldu yəqin ki. Əslində, mən cinayət etməmişdim. Törətmədiyim cinayətə görə beş aya yaxındır özüm, ailəm əziyyət çəkirdik. Bu türməni mən yox, ailəm çəkdi beş ayda... Mən dörd uşaq atasıyam, ziyalıyam. Getdim həbsxananı da gördüm. Şükürlər olsun Allaha! Birinci göydə Allahdır. Digər tərəfdən mən ölkə rəhbərliyinə müraciət etmişdim, həyat yoldaşım Mehriban xanıma yazmışdı. Allah onlara da kömək olsun. Yəqin bunun da mənim şərti cəza almağıma köməyi olub. Mən belə başa düşdüm. 6 il iş verirdilər, beləcə onu 2 il şərti cəza etməklə məni azadlığa buraxdılar. Həbsxana həyatı çox ağırdır. Əslində hüquq müdafiəçisi olsam da, həbsxana həyatı görməmişdim. Elə bil həkim oxuyub, amma əməliyyat etməyib. Gördüklərimdən bəzən sarsıldım, bəzən kövrəldim. Həbsxana elə bir yerdir ki... Elə bil insan axirətlə bu həyat arasında bir dəhlizdə gedir.

- Emil bəy, siz həbsxanada nələr gördünüz ki, sarsıldınız? Saxlanma şəraiti pisdir, təzyiqlər var?

- Saxlanma şəraiti Bakı İstintaq Təcridxanasında normaldır. Söhbət hər halda istintaq təcridxanasından gedir, insan hər şeydən təcrid vəziyyətdə yaşayır. İnsan hər şeydən, kommunikasiyadan, yaxınları ilə görüşdən təcrid edilib.

- Sizə irəli sürülən ittiham haqda nə deyə bilərsiniz? İstənilən halda, şərti də olsa, 2 il cəza almısınız...

- Mən hüquq müdafiəçisi olaraq tərəfsiz olmuşam. Həmişə prezidentə problemləri göstərmişəm. Bəzən iradlarım müsbət həllini tapıb. Bu dəfə yüksəkçinli məmurlar məni şərlədilər. Beş ay həbsdə qaldım... Mən 182.2 ilə ittiham olunurdum. Bu reketdir. Orda da mənə gülürdülər, istintaq təcridxanasında. Həmin maddə hədə-qorxu ilə pul tələb etmədir. Reketlər silahla nəsə tələb edir, guya mən də internetlə tələb etmişəm. Əslində bu ifadə azadlığına qarşı yönəlmiş şey idi.

- Siz həbsdən çıxdınız. Ancaq həbsdə başqa hüquq müdafiəçisi, siyasi fəallar da var. Nə düşünürsüz?

- Allah bütün həbsdəkilərin qapısını açsın. Günahsızların qapısını açsın! Günahı olanların günahını azaltsın. Mən başqa nə deyə bilərəm?..

Bir neçə saat öncə azadlığa çıxan Emil Məmmədov artıq Salyanda evindədir. Həyəcanlıdır. «Gəlmişəm, elim-obam məni qarşılayır, qurbanlar kəsilir. Allah hamıdan razı olsun, Allah hamının qapısını açsın» deyir.

XS
SM
MD
LG