Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 20:35

Günel Mövlud. Təyyarədə körpəmin başına gətirilənlər


Günel Mövlud
Günel Mövlud

-

Sırf xidmətin ucuzdur deyə, sənin təyyarənlə uçan adamın cibini ekstralarla: yemək, içki, artıq yük, ədyal, yastıq və s. (tualeti də ödənişli eləsəydilər, mənzərə tam olardı ) soymaq heç bir işgüzar əxlaqa sığmır...

Günel Mövlud

“PEGASUS”DA NİYƏ HEÇ KİM GÜLÜMSƏMİR?

Və ya bir təyyarədə körpənizi nələr gözləyir…

Çox güman ki, mən o qədər də yaxşı ana deyiləm. Pediatrların, mütəxəssislərin fikirlərini öyrənmədən, üç ayı yenicə tamam olmuş oğlumu təyyarəyə mindirdim. Oğlum doğulandan bəri ilk səma yolçuluğuna çıxırdı: Berlin-İstanbul-Tiflis. Seçdiyimiz uçuş şirkəti: Pegasus. Berlindən uçuş saatı: 14:35.

Bileti üç nəfərlik aldıq. Qucağımızda uçmalı olacaq (hər dəfə «uçacaq» deyəndə Cem Yılmazı xatırlayaq) oğlumuza ayrıca, uşaq bileti almışıq. Bu bilet körpə üçün ayrıca yer nəzərdə tutmur. Biletin körpə sərnişinə verdiyi yeganə xidmət - 10 kilo baqaj haqqıdır.

Check-in vaxtı satın aldığımız baqaj limitindən əlavə 12 kilo yükümüzün olduğu aşkarlanır. Çox düşünmədən, haqqını ödəmək qərarına gəlirik. Amma məsələ bununla bitmir. Məmur bəy oğlumuzun oturduğu «lülka»nı da boşaldıb, çəkisini yoxlayır və 3 kilonu da artıq yük kimi hesablayır. 15 kilo əlavə yükə görə 150 avro pul ödəməli oluruq.

Təbii ki, bir uçuş şirkətinin yükə qoyduğu pul bir kiloya 10 avrodursa, edəcək bir şey yoxdur. Burada nə qanunsuzluq var, nə də əxlaqsızlıq… Əxlaq söhbəti bir neçə dəqiqə sonra başlayacaq…

Günel Mövlud həyat yoldaşı və yenicə doğulan övladı ilə.
Günel Mövlud həyat yoldaşı və yenicə doğulan övladı ilə.

Yüngülvari, dəqiqələr çəkən gecikmə ilə təyyarəyə minik başlayır. Təyyarənin girişində bizi qarşılayan sarısaçlı, tatu qaşlı türk qızı üzümüzə gülümsəməyi ağlına belə gətirmir. Hərçənd, bildiyim qədərilə, hostes təbəssümü (uçuş şirkəti türk şirkətidirsə, biz də onun öz servis işçisinə qoyduğu adla müraciət edək), biletin qiymətinə daxildir. Yəni hostesin gülüşü uçuş xidmətinin bir hissəsidir.

Nəsə, haqqını ödədiyimiz təbəssümdən məhrum halda yerimizə keçib, otururuq. Əlimizdə uşağın paltarları, yeməyi, uçuş vaxtı lazım ola biləcək ləvazimatı ilə dolu bir neçə çanta var. Çantaları yerləşdirməli, sonra yerimizi rahatlamalıyıq. Amma bu, çətindir və bir neçə dəqiqəni alır. Bu dəqiqələr ərzində biz ortada tıxac yaradırıq və irəli gedənlərə mane oluruq. Kömək üçün o tərəf-bu tərəfə baxıb, hostes bacılardan yardım istəməyə salışsam da, qaşqabaqlı xanımlardan heç biri yaxın durmağı ağlına belə gətirmir.

Yanımızdakı üçüncü yerin sahibi, yaşlı sərnişin xanım olduqca yumşaq və anlayışlı qarşılayır uşaqlı ailənin vəziyyətini. Birtəhər yerləşirik. Yerimizi rahatlayıb, uçuşu gözləyirik. Uçuş başlayır və iyirmi dəqiqədən sonra səma kafesi öz təkliflərinə başlayır. Su, şirələr, çay-qəhvə, yemək… Təbii ki, göy üzündə satılan hər şey, ayağın yerə dəyəndə ala biləcəyin şeylərdən beşqat bahadır, amma buna bir iradım yoxdur. Sənə göy üzündə alma şirəsi satır adamlar, neyləsinlər, əlbəttə, beşqat artıq alacaqlar.

Səma kafesi alver edən vaxt oğlum acır. Əslində, sakit, şən uşaqdır oğlum. Amma aclığa dözümü heç yoxdur. Acdı, gərək saniyə də gecikməyəsən. Hər saniyə dəhşətli bağırtılar, göz yaşları, intensiv əl-qol hərəkətləri, uşaq dilində söyüşlər və daha nələr deməkdir. Çağırış düyməsini basıb, hostesi gözləyirəm. Dəqiqələr keçir. Oğlum bağırır. Mən sakitləşdirməyə çalışıram. Yanımızdakı yaşlı sərnişin xanım anlayışla gülümsəyir. Yenə dəqiqələr keçir. Sərnişinləri narahat elədiyimizə görə çox pərt olmuşuq. 150 qram ilıq su lazımdır ki, oğluma yemək düzəldim. Suyu ehtiyat götürə bilərdik. Amma təyyarəyə maye buraxmırlar.

Axır ki, host gəlib çıxır. Yemək qabını ona uzadıb, uşağa yemək düzəldəcəyimi deyib, qabı doldurmağını xahiş edirəm. Host 5 dəqiqədən sonra qabın dibində 60 qram qaynar su ilə qayıdır. Suyun qaynar olduğunu, bu su ilə uşağa yemək düzəldilə bilməyəcəyimi deyirəm. Amma host axır ki, gülümsəyib, başqa sularının olmadığını deyir və qayıdıb, gedir. Əlbəttə, cəmi 2 avroya şüşədə su alıb, bu qaynar suya qarışdıra bilərəm. Amma uşaq yeməyi qaynanmış su ilə düzəldilməlidir.

Əlacımız kəsilir. Qabın ağzını açıb, qaynar suyu körpənin üstünə tökmək riski ilə suyu üfürə-üfürə soyutmağa çalışırıq. Bütün bu zaman ərzində, uşağın bağırtısı bütün təyyarəni başına götürür. Axır ki, su birtəhər soyuyur. Tez yemək düzəldib, uşağa verirəm. 3 aylıq körpə o qədər acıb ki, yemək qabını iki əli ilə tutub, az qala birnəfəsə udur. İlkin aclığını öldürən körpə bir qədər yuxulayır.

Yarım saatdan sonra oyanır və hiss edirəm ki, onun bezini dəyişmək vaxtıdır. Yenə düyməni basıram. 10 dəqiqədən sonra bizi təyyarənin girişində qaşqabaqla qarşılayan sarışın, tatu qaşlı türk qızı yaxınlaşıb, nə istədiyimi soruşur. Qaşqabaq da ki öz yerində. Mənə elə gəldi ki, o ömründə gülümsəməyib. Ümumiyyətlə, belə bir insan halının mövcudluğundan xəbəri də yoxdur.

Uşağın bezini harda dəyişə biləcəyimi soruşmaq istəyirəm ki, sözüm ağzımda qalır. Məlum olur ki, xanım dinləməyi də bacarmır. Nə istədiyimi başa düşüb, əli ilə təyyarənin uc tərəfini göstərir və çıxıb gedir. Uşaq qucağımda tualetə keçirəm, bezini dəyişib, çıxıram. Hosteslərdən biri tualetin yanında dayanıb. Xahiş edirəm ki, körpəni iki dəqiqə tutsun ki, mən əllərimi yuyum. Xanım xahişimi böyük heyrət hissi ilə qarşılayır. Onun heyrətlənə bilmək bacarığına sevinib, uşağı acıqla onun qucağına verirəm və əllərimi yuyub, geri alıram.

Təyyarə İstanbula çatır. Səbihə Kökçən hava limanında enib, 7 saatlıq aradan sonra səfərə davam edirik. Bu yeddi saat ərzində uşaq özünü çox yaxşı aparır. Kafedən ona bol-bol su tapıb, çay, yemək düzəldirik, gəzdiririk, sonra vaxt çatanda təzədən təyyarəyə minirik.

Artıq gecədir. Təyyarəyə minəndə təbii, yenə də təbəssümdən, yerləşməyə köməkdən söhbət gedə bilməz. Bununla artıq barışmışıq. Otururuq və təyyarənin olduqca soyuq olduğunun fərqinə varıram. Körpəyə əynindəki gödəkcə ilə oturmaq çox narahatdır. Gödəkcəsini soyundurub, başımın üstündəki düyməni basıram. 5 dəqiqədən sonra host gəlir. Körpəyə soyuq olduğunu deyib, ədyal istəyirəm. Host deyəsən Pegasus-da ancaq «yox» sözünü əvəz etməyə yarayan şirkət təbəssümü ilə cavab verir:

- Əfəndim, battaniyə və yastıq set olaraq hizmetimizde var. Amma ücretli…

Soruşuram ki, yaxşı, bəs sərnişinin pulu olmasa, onun körpəsi donmağa məhkumdurmu? Oğlan qısaca cavab verir:

- Əfəndim, istərsəniz, sizə şikayət defterini getirəlim. Orda yazın şunları…

«Yazmaq yaxşı fikirdir, amma sizin şikayət dəftərinizə deyil, medyaya yazmaq…» deyir və oğlanı rahat buraxıram.

Vacib qeydlər. Pegasus ucuz uçuş şirkətidir. Burdan bilet alanlar da ya kasıb, ya da qənaətə üstünlük verən orta təbəqənin nümayəndələridir. Əlacları, artıq pulları olsa, mal tövləsindəki axurlara oxşayan təyyarələrdə uçmazlar. Əgər bir təbəqə üçün xidmət təklif edirsənsə, bunu nəzərə almaq vacibdir. Sırf xidmətin ucuzdur deyə, sənin təyyarənlə uçan adamın cibini ekstralarla: yemək, içki, artıq yük, ədyal, yastıq və s. (tualeti də ödənişli eləsəydilər, mənzərə tam olardı ) soymaq heç bir işgüzar əxlaqa sığmır.

Əgər sən körpəyə də bilet satırsansa, deməli, təyyarəndə o körpə üçün xüsusi xidmət olmalıdır. Mən qucağımda körpə uşaq daşıyım, allahın 60 qram suyunu minnətlə ver, körpəni təyyarədə soyuqdan dondur ki, «hizmətimiz ücrətilidir» - bu heç bir əxlaqa sığmır. Deyək ki, mən 10-15 avrodan keçib, soyuqdan donan körpəyə ədyal aldım, bəs heç pulu olmayan sərnişin nə etsin? Onun körpəsi donsunmu? Bu, hansı işgüzar əxlaqa sığır?

Mən o təyyarədə gülümsəməyən hosteslərə ona görə acıqlanmadım ki, onları başa düşdüm. Sərnişinlərinə qarşı bu qədər anlayışsız, qeyri-etik davranan bir şirkət öz işçilərinə də belə davranır hər halda. O hostesin maaşını isə təsəvvür etmək belə istəmirəm.

Daha vacib bir qeyd: adıçəkilən uçuş şirkətinin gecikmələri, aldatmaları ilə bağlı narazılıqlar saysız-hesabsızdır. Əgər siz internetdə bir balaca axtarış eləsəniz, qarşınıza bununla bağlı saysız məlumatlar çıxacaq. Sosial şəbəkələrdə hətta «Pegasus rezaleti» adlı səhifə də var. Amma ən inanılmazını mənə dostumuz Fərid Məmmədov danışdı.

Fərid bu ilin yanvar ayının 6-da Tiflisdən İstanbula, ordan da Almaniyanın Köln şəhərinə uçmalı imiş. Səhər saat 04.00-da havaya qalxmalı olan təyyarə saatlarla gecikib. Şirkət sözçüsü sərnişinləri inandırmağa salışıb ki, Sabiha Gökçən hava limanı ətrafında hava pis olduğuna görə təyyarə ordan qalxıb, Tiflisə gələ bilmir. Amma həmin ərəfədə eyni hava limanından digər uçuş şirkətlərinin təyyarələri gəlib.

Səhər saat 08.00-da şirkət yetkililəri sərnişinləri evlərinə göndəriblər. Deyiblər ki, təyyarə gələndə sizə xəbər edəcəyik. Narazılıq edən bir neçə nəfər isə səsini çıxarmasın deyə, onlara otel kirayələnib.

Təyyyarə isə bir sutkadan sonra gəlib. İstanbulda isə eyni şey təkrarlanıb. Sərnişinlərə elan ediblər ki, Kölnə uçmalı olanları ancaq iki gündən sonra ora apara biləcəklər. Xüsusi etiraz edənləri başqa uçuş şirkətləri ilə göndərib, səsini çıxarmayanları isə İstanbula göndəriblər ki, gedin iki gün şəhəri gəzin. Öz hesabınıza oteldə, ya da tanışlarınızın evində qalın.

Bu da sizə ucuz uçuş şirkəti…

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələrdir. Şirkətin də mövqeyini çap etməyə hazırıq)

"Ucuz aviaşirkət" (Satira)

XS
SM
MD
LG