Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:36

Natiq Cəfərli: «Neftin qiyməti 85-90 dollara düşəcək»


Natiq Cəfərli
Natiq Cəfərli

-

Dünya birjalarında neft ucuzlaşıb. Nyu-Yorkun NYMEX birjasında «Layt» markalı neftin bir barelinin qiyməti 3.41 dollar düşərək 91.16, Londonun ICE birjasında isə «Brent» markalı neftin bir barelinin qiyməti 2.53 dollar azalaraq 94.67 dollar olub.

Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən AzərTAc-a verilən məlumata görə, «AzəriLayt» markalı neftin bir bareli London birjasında 1.06 dollar ucuzlaşaraq 96.57 dollar təşkil edib.

İqtisadçı Natiq Cəfərli AzadlıqRadiosuna müsahibəsində neftin ucuzlaşmasının səbəbləri və yerli iqtisadiyyata təsiri haqqında danışır.

- Dünya bazarında neftin qiymətinin düşməsi müşahidə olunur. Belə bir enmə gözlənilirdimi?

- Neftin qiymətinin bir neçə fundamental iqtisadi səbəbləri də var, siyasi səbəbləri də. İqtisadi səbəblər ondan ibarətdir ki, dünyada dolların avroya, funt-sterlinqə nisbətdə məzənnəsi qalxır. İkinci səbəb odur ki, ABŞ avqustda özünün neft idxalından asılılığına son qoydu. Hətta 40 ildir olmayan hadisə baş verdi: ABŞ Konqresi gündə 600 min barel neftin ixracına icazə verdi. Yaxın gələcəkdə də bu ixracı artıracaqları gözlənilir. Bir anlıq təsəvvür edin ki, dünya neft bazarının az qala üçdə birini istehlak edən ABŞ bunun bir hissəsini Venesueladan, Ərəb Əmirliklərindən və digər neft ölkələrindən alırdı. Amma artıq ABŞ bu ildən xaricdən neft almağı dayandırıb və istehsal etdiyi neftlə özünü təmin edə bilir. Bu, çox ciddi məsələdir və dünya neft bazarına təsirsiz ötüşməyə bilməz.

- Bəs Avropa bazarlarının tələbatı təklifə adekvat deyilmi?

- Avropada iqtisadi artım tempi nəzərdə tutulduğundan zəifdir. Gözlənilirdi ki, 2014-cü ildə Avropa bazarında canlanma olacaq, bu, iqtisadi artım yaradacaq. İqtisadi artım daha çox neft tələbatı demək idi. Çünki iqtisadiyyatın mexanizmlərini işlədən əsas enerji mənbəyi neftdir. İqtisadi artım 2.5-3 faiz civarında gözlənirdisə də, bu ancaq 1 faiz oldu. Üçüncü səbəb isə odur ki, bu il Çində də gözlənən artım tempi olmadı. Proqnozlara görə, bu il Çində 8 faizlik artım olmalı idi, amma analitiklər indi bunun 6 faizi ötməyəcəyini deyirlər. Çin dünyada ən böyük neft istehlakçısıdır. Təbii ki, bu da neftin qiymətinə təsir edib. O biri tərəfdən getdikcə bərpaolunan enerjinin istehsalı, buna keçid gündəmə gəldi və bu il bir sıra mühüm texnoloji irəliləyişlər oldu. Gələn ildən Avropa ölkələri hibrid avtomobillərə keçmək haqqında qərar verdilər. Dünyada neftin 25-30 faizi avtomobillərə yanacaq kimi istifadə olunur. Hibrid avtomobillərdən istifadə yanacağa olan tələbatı azaldacaq.

- Siyasi səbəblər deyəndə isə yəqin Rusiya amilini nəzərdə tutursunuz...

- Bəli, son aylarda Rusiya ilə Qərbin iqtisadi müharibəsində neft faktoru ciddi rol oynayır. Rusiya iqtisadiyyatının 60 faiz gəlirlərini neft sektoru təşkil edir. Neftin qiymətinin enməsi Rusiya iqtisadiyyatında ciddi problemlər yaradır. Məsələn, gələcək nəsil üçün nəzərdə tutulan Təqaüd Fondundan istifadə gündəmə gəlib. Rusiyanın öyündüyü bir layihə var idi, ikinci uşağa 300-500 min rubl yardım ödənirdi. İndi bu layihəni dayandırırlar. Rusiya bazarlarında qiymətlər qalxıb.

- Neftin qiymətinin düşməsi Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? Dövlət büdcəsinin böyük hissəsi neft gəlirlərindən formalaşır.

- Çox təəssüf ki, Azərbaycan çoxşaxəli iqtisadi model yarada bilmədi. Büdcənin 72 faizi birbaşa neft gəlirlərindən formalaşır. Üstəlik, dolayısı ilə neft gəlirlərindən asılı olan hissəni hesablasaq, bu, 85 faiz demək olur. Büdcədə neftin baza qiyməti 100 dollar götürülüb. Neftin 100 dollardan aşağı satılması Azərbaycan büdcəsi üçün əlavə yük gətirəcək. Amma bu gün 2014-cü il büdcəsinin icrası üçün ciddi narahatçılıq yoxdur, çünki ilboyu neftin qiyməti 100 dollardan çox olub. Kəskin enmə olmasa, məsələn, 80 dollara enməsə, ilin sonuna qədər Azərbaycan neftinin orta qiyməti 100 dollar olacaq. Amma gələn ilin büdcəsi üçün yenə də neftin baza qiyməti 100 dollar götürülsə, neftin isə dünya bazarında qiymətinin enmə tendensiyası davam etsə, onda ciddi problemlər yarana bilər.

- Neft hansı həddə qədər ucuzlaşa bilər?

- Nüfuzlu beynəlxalq təşkilatlar hesab edirlər ki, gələn il neftin qiyməti 85-90 dollar civarında olacaq. Dünyanın ikinci ən böyük neft istehsalçısı Birləşmiş Ərəb Əmirliyinin energetika naziri bildirib ki, onlar gələn il dövlət büdcəsi üçün neftin baza qiymətini 85 dollardan hesablayacaqlar. Bu da ciddi siqnaldır ki, gələn il neftin qiyməti 85-90 dollardan yuxarı olmayacaq, əlbəttə, dünyada ciddi dəyişikliklər, müharibələr olmasa...

XS
SM
MD
LG