Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 14:59

Qocalmağa Norveç yaxşı...


Arxiv fotosu: Özbəkistanda parkda dincələn yaşlı qadınlar.
Arxiv fotosu: Özbəkistanda parkda dincələn yaşlı qadınlar.

.

Ahıl yaşlı insanların həyat keyfiyyətini göstərən qlobal indeks reytinqinə görə Norveç ən yaxşı ölkə hesab olunub.

Qlobal Yaşlılıq Gözətçisinin 2014-cü il üçün reytinqinə (2014 Global AgeWatch Index) daxil edilmiş 96 ölkə arasında Norveçdən sonra İsveç, İsveçrə, Kanada və Almaniya gəlir.

Norveç hökumət tərəfindən maliyyələşdirilən pensiya sistemi, yaşı 60-dan çox olanların məşğulluğu və Yaşlı Vətəndaşların Milli Şurasının siyasi təmsilçiliyi kimi göstəricilərə görə ən yaxşı ölkə sayılır.

Norveç həmçinin yüksək vergilər hesabına maliyyələşdirilən keyfiyyətli tibb xidmətinə malikdir.

Yaponiyanı çıxmaq şərti ilə birinci onluğa daxil olan ölkələrin hamısı Qərbi Avropanı, Şimali Amerika və Avstralasiyanı təmsil edirlər.

ABŞ bu cədvəldə 8-ci yerdədir.

Əfqanıstan, Mozambik və Fələstin əraziləri qocalmaq üçün ən namünasib yerlər hesab olunub.

Böyük Britaniya reytinq cədvəlində 11-ci yerdədir və gəlirlərin təhlükəsizliyi və “məşğulluq mühitinə” görə yaxşı göstəricilərə malikdir.

Bununla belə, hesabatda Britaniya səhiyyə sisteminin kifayət qədər keyfiyyətli olmadığı göstərilir.

Hazırda Britaniya əhalisinin 23 faizi yaşı 60-dan çox olanlardır və bu rəqəm 2030-cu ildə 28 faizə çatacaq.

Dünya qocalır

Hesabatda verilən proqnoza görə 2050-ci ildə qlobal əhalinin 2,02 milyard nəfəri 60-ı haqlamış olacaq.

Sənəddə yoxsul yaşlılar üçün iş və vergilərlə bağlı olmayan “sosial pensiya” fondlarının yaradılması tövsiyə edilir.

The Global AgeWatch Indeksi ötən çərşənbə günü, BMT-nin Yaşlı Şəxslər Günündə açıqlanıb.

Yaxın-uzaq qonşular

Türkiyə reytinq cədvəlində 96 ölkə arasında 77-ci, Rusiya 65-ci, Tacikistan 61-ci, Litva 60-cı, Qırğızıstan 49-cu yeri tutur. Yeri gəlmişkən, Qırğızıstan müsəlman ölkələri arasında ən yaxşı göstəriciyə sahibdir.

Keçmiş sovet respublikaları arasında ən yaxşı göstəricilərə 20-ci yeri tutan Estoniya malikdir.

Onun ardınca 28-ci yerdə Gürcüstan gəlir. Hesabatda bildirlir ki, Gürcüstanda yaşı 65-dən çox olanların 89 faizi pensiya ilə təmin olunub.

Reytinq cədvəlində 40-cı yeri tutan Ermənistanda yaşı 65-dən yuxarı olanların 100 faizinin pensiya ilə təmin olunduğu göstərilsə də, bu ölkə 60 yaşdan sonra keyfiyyətli yaşana biləcək qocalıq illərinin sayına görə Gürcüstandan geri qalır.

Cədvəldə Azərbaycan niyə yoxdur?

Azərbaycan bu indeksə daxil edilməyib.

Bunun səbəbi barədə məlumatı ötən ilin indeksinə yazılmış qeydlərdə tapmaq mümkündür.

“Cənubi Qafqaz ölkələri arasında yalnız Azərbaycan qocaların statusu barədə məlumatları təqdim etməyib” – deyilir 2013-cü ilin hesabatında.

Ötən ilin göstəricilərindən bu da görünür ki, Gürcüstan 37-ci yerdən 28-ci yerə, Ermənistan isə 51-ci yerdən 40-cı yerə qalxıb.

Hesabatda bildirilir ki, BMT-nin baş katibi Ban Ki-moon 2015-ci ildə “məlumat inqilabına” və heç bir ölkənin bu cədvəldən kənarda qalmamasına çağırıb.

XS
SM
MD
LG