Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:20

İŞİD-in çeçen komandiri Putin-i hədələdi


Omar al-Shishani xəbərdarlıq edib ki, Rusiya qruplaşmanın növbəti hədəfi olacaq.

-

Keçmişdə İŞİD kimi tanınan İslam Dövlətinin (İD) çeçen döyüşçülərinin komandiri Omar al-Shishani xəbərdarlıq edib ki, Rusiya qruplaşmanın növbəti hədəfi olacaq.

Bloomberg saytında yayılmış məlumata görə Omar al-Shishani Gürcüstanın Pankisi dərəsində olan atası Temur Batirashvili-yə zəng edərək deyib ki, Rusiya prezidenti Vladimir Putindən qisas alacaq.

“Darıxma ata, mən evə qayıdacaq və ruslara hədlərini göstərəcəyəm” – deyib al-Shishani – Mənim minlərlə davamçım var və biz Rusiyadan qisas alacağıq”.

Lakin bəzi təxminlərə görə, Suriyada döyüşən çeçen cihadçıların sayı 200-lə 1000 arasındadır.

Cəbhədən cəbhəyə

Çeçen döyüşçülərin əksəriyyəti al-Shishani kimi əslən Gürcüstanla Çeçenistan sərhədində yerləşən Pankisi vadisindəndir.

Bəzi İŞİD döyüşçülərinin separatçı çeçen müharibəsinin veteranları və ya bu müharibədə həlak olanların qohumları olduqları xəbər verilir.

İŞİD-dəki çeçen döyüşçülər ötən avqustda yaydıqları videoda Çeçenistanı və Qafqazı ruslardan azad edəcəklərini vəd edirdilər.

Video Suriyanın Tabqa hərbi hava bazasında çəkilmişdi. Videoda bir döyüşçü Suriya hərbi hava donanmasından ələ keçirilmiş qırıcı təyyarənin üstündə oturaraq deyirdi: “Vladimir Putin, bu sənin Bashar-a göndərdiyin təyyarələrdir. Allah qoysa, biz onları da götürüb Çeçenistanı və Qafqazı azad edəcəyik. Sənin taxt-tacın təhlükədədir. Biz gəlirik”…

Putini və Rusiyanı Kadyrov qoruyacaq?

Bu təyyarələrin həqiqətən də Rusiyadan gətirildiyi rəsmən təsdiq edilməyib, lakin Çeçen Respublikasının Moskva tərəfindən təyin edilmiş prezidenti Ramzan Kadyrov videoya hiddətli reaksiya verib.

O deyib ki, bu cihadçılar bütün müsəlmanların düşmənləridir.

Russia Today agentliyinin məlumatına görə, Ramzan Kadyrov özünün Facebook səhifəsində yazıb ki, ki, Rusiyanı hədələyən və prezident Putinin adını ucadan çəkən hər bir kəs məhv ediləcək.

Kadyrov yazır ki, “cihadçılar axırda cəhənnəmə vasil olacaqlar”.

Əsgər, məhbus, cihadçı…

Əsl adı Tarkhan Batirashvili olan al-Shishani Gürcütsan tərxis olunduqdan sonra qanunsuz silah gəzdirdiyinə görə azadlıqdan məhrum edilib və həbsxanada olarkən radikallaşıb.

2012-ci ildə səhhətinə görə həbsxanadan azad edilən Batirashvili 2012-ci ildə Suriyaya gedib və orada İŞİD-in sıralarında sürətlə yüksəlib.

Onun Suriyadakı İŞİD bölüklərindən birinin komandiri olduğu bəlli idi, lakin son videolardakı titullarından ordu komandanı vəzifəsinə yüksəldiyi ehtimal edilir.

“The Daily Telegraph” qəzeti yazır ki, Gürcüstan da Britaniya və başqa ölkələr kimi özünün İŞİD sıralarında döyüşən vətəndaşları barədə tədbirlər görür və son nəticədə onların vətənə qayıda bilməmələrinə çalışır.

Gürcüstan Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri İrakli Sesiashvili deyib ki, əsas məqsəd başqalarının belə vətəndaşlardan nümunə götürmələrinin qarşısını almaqdır.

“Onlar bilməlidirlər ki, bu yolu tutanlar cəzasız qalmayacaqlar” – deyib Sesiashvili.

XS
SM
MD
LG