Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:03

22-ci əsr üçün 5 proqnoz


Michio Kaku
Michio Kaku

-

22-ci əsrdə kosmik liftlər qurula və insan “Yuxarı” düyməsini basmaqla kosmosa yüksələ bilər.

Michio Kaku New York-dakı City Universitetinin nəzəri fizika üzrə professorudur.

O, “Elm 2100-cü ilə qədər bəşəriyyətin taleyini və insanın gündəlik həyatını necə dəyişəcək?” kitabını yazmaq üçün dünyanın 300-dən çox aparıcı alimindən müsahibələr alıb.

Kitabda gələcəklə bağlı çoxsaylı proqnozlar var. Professor Kaku CNN üçün yazdığı məqalədə həmin proqnozları ümumiləşdirib:

1.. KOSMİK LİFT

Dənizdəki platformadan qalxa bilən kosmik liftin layihəsi
Dənizdəki platformadan qalxa bilən kosmik liftin layihəsi

​Hazırda insanın başqa planetlərə səfərlərini, kosmik turizmin inkişafını çətinləşdirən bir səbəb var – QİYMƏTİN BAHALIĞI.

Texnologiyanın inkişafı kosmosun fəth olunmasını asanlaşdıra və Yer kürəsi sakinlərinin kosmosa gedib-gəlməsini adi hala çevirə bilər.

Kosmik lift. Fantastika ədəbiyyatı üçün illüstrasiya
Kosmik lift. Fantastika ədəbiyyatı üçün illüstrasiya

İndi bir insan Yerin orbitinə çıxmaq istəsə, bu ona, çəkisinin hər ​kiloqramı üçün 20 min dollara başa gələcək, Aya getmək istəsə, çəkisinin hər kiloqramı üçün 200 min dollara, Marsa getmək istəsə, çəkisinin hər kiloqramı üçün 2 milyon dollara. 22-ci əsrdə isə kosmik liftlər qurula və insan “Yuxarı” düyməsini basmaqla kosmosa yüksələ bilər.

Bəs lift yuxarı necə qalxacaq?

Bu, nanotexnologiyaların inkişafı sayəsində mümkün olacaq.

Qrafen
Qrafen

Hazırda elmə məlum olan ən möhkəm (almazdan da möhkəm) materiya ​qrafendir.

Amma hələ ki onun çox məhdud çərçivədə istehsalı mümkündür.

Gələcəkdə isə ondan kosmik lift üçün uzunluğu on minlərlə kilometr olan tros düzəldilə bilər.

Bu trosun bir ucu Yerin səthinə, digər ucusa kosmosdakı obyektə bərkidilə və beləcə, insan raketsiz fəzaya yüksələ bilər.

2. DÜNYANI DƏYİŞƏN YENİ ENERJİ NÖVÜ

Günəşdən, küləkdən və s. mənbələrdən enerji alınması üçün texnologiyalar yaxın 10 ildə çox inkişaf edəcək, bərpa olunan enerjinin qiyməti düşəcək və neft, qaz, kömürlə rəqabətə girə biləcək.

Bundan başqa 10 milyard dollar sərmayə qoyularaq Fransanın cənubunda tikilmiş Beynəlxalq Eksperimental Termonüvə Reaktoru 2019-cu ilə qədər tam gücü ilə işləməyə başlayacaq. Həmin reaktor uran yox, suyun tərkibindəki hidrogeni yandıraraq enerjiyə çevirəcək. Günəş, ulduzlar, kainatı hərəkətə gətirən də məhz bu cür idarə olunan termonüvə sintezidir. Daha 10 il sonra belə reaktorlar kommersiya layihəsi olaraq bütün dünyada tikilməyə başlayacaq. Bu isə bahalı və çirkli enerjinin arxa plana keçməsi, qlobal istiləşmə probleminin həllinə yol açacaq, 21-ci əsrin ortalarında dünya iqtisadiyyatının inkişafına güclü təkan verəcək.

3. QOCALMA PROSESİNİN DAYANDIRILMASI

Minilliklər boyu hökmdarlar cavanlıq iksiri haqda xəyallar qurublar, dirilik suyu dalınca dünyanı gəziblər. Müasir dövrdə insan öz həyatını bir qədər uzada bilsə də, əcdadları kimi ölümün qarşısında tam acizdir.

Amma biotexnologiyaların inkişafı insana qocalma prosesini dayandırmaq və hətta geri çevirmək imkanı verə bilər. Müasir elm qocalma prosesinin mahiyyətini artıq bilir. Bu, molekulyar, genetik və hüceyrə səviyyəsində səhvlərin üst-üstə toplanmasıdır. Gələcəkdə səhvləri korrektə edən mexanizmlərin yaradılması və qocalma prosesinin dayandırılması mümkün ola bilər.

Hazırda müasir elm ən xırda canlılardan dovşanlara, itlərə, hətta meymunlara qədər heyvanların ömrünü iki dəfə uzada bilir. Gələcəkdə müxtəlif terapiya üsulları (məsələn, gen terapiyası, yeməyə kalori məhdudiyyəti qoyma, telomeraza və s.) insanın qocalma sirrini açmağa imkan verə bilər. Hazırda alimlər qocalma prosesi ilə əlaqəli olan 60-can geni təcrid edə bilirlər. Gələcəkdə hər bir insan öz genomu haqda məlumatları, irsi məlumatların məcmusunu bircə diskə yerləşdirə biləcək. Kompüterlər gənclərin milyonlarla genini nəzərdən keçirib onları qocaların genomu ilə müqayisə edə, qocalmaya səbəb olan bütün genləri təcrid edə biləcək. Gələcəkdə 30 yaşına çatan insan elə həmin yaşda qala, qocalma prosesini onilliklər boyu yubada bilər.

4. AĞILLI MAŞINLAR

Yaponiya - TOPIO tennis oynaya bilən humanoid robotdur, 2009
Yaponiya - TOPIO tennis oynaya bilən humanoid robotdur, 2009

Süni intellektin yaradılması 1950-ci illərdə alimlərin düşündüyündən daha mürəkkəb imiş. O zaman verilən proqnozlara görə, 2000-ci ilə qədər robot xidmətçilər, ofisiantlar və s. yaradılmalı idi.

Hazırda dünyanın ən ağıllı robotunun intellekti tarakandakı qədərdir. Onun otaqdakı sadə əşyaları tanımaq və onları götürüb nəsə etmək bacarığı ən ibtidai səviyyədədir. Amma qarşıdakı onilliklərdə bu sahədə böyük sıçrayış olacaq. Robotlar əvvəl siçan qədər, sonra pişik, it qədər, daha sonra meymun qədər intellektə sahib olacaqlar. Beləliklə, robotqayırma sənayesi hazırda maşınqayırma sənayesinin olduğundan geniş miqyas alacaq. Heç kəs bilmir ki, robotların intellektual səviyyəsinin insanınkına çatması nə vaxt baş verəcək. Mən güman edirəm ki, bu, 21-ci əsrin sonunda olacaq.

5. REPLİKATOR

Nanotexnologiyaların əsas hədəflərindən biri də az qala hər şeyin surətini çıxara, yarada bilən replikatorun kəşfidir. Fantastika janrında yazılan romanlarda bu, insanın xammalı qutuya qoyması və düyməni basmaqla istədiyi əşyanı yaratması kimi təsvir edilir: xörək, zinət əşyaları, kompüter… Nanotexnologiyaların inkişafı molekul səviyyəsində “nanorobot”un yaradılması, onun müxtəlif xammalları atom-atom emal edib lazımi əşyalara çevirməsini, məsələn, zibildən yepyeni bir əşya düzəltməsini mümkün edə bilər. İlk baxışda bu, qeyri-real görünür, amma Ana təbiət artıq belə bir “nanorobot” yaradıb – bu, ribosomdur. O, malekulları asanlıqla “kəsib-doğraya”, “copy-paste” edə bilir, məsələn, insanın “surəti” çıxarılır, atanın belindən gələn ananın bətnində canlı orqanizmə çevrilir. Əgər replikator kəşf olunsa, aclıq, kasıblıq kimi problemlər də həll edilə, bu, bəşəriyyət üçün qızıl dövr ola bilər.

“Oxu zalı”ndakı digər yazıya şərh yazmış Davud adlı oxucumuzun istəyilə hazırlanıb.

XS
SM
MD
LG