Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:26

Xoşbəxtliyin 5 özəlliyi «İz»də görünəcək… [Dinlə]


Vaqif İbrahimoğlu
Vaqif İbrahimoğlu

-

Düz 5 il əvvəl – oktyabrın 18-dən bir neçə gün öncə, Azərbaycanın görkəmli rejissoru Vaqif İbrahimoğlunu proqramımıza çağırdıq.

Əslində, burda təəccüblü nə vardı ki?!

Vaqif bəy uzun illər AzadlıqRadiosunun bütün verilişlərinin əziz qonağı olmuşdu.

Amma bu dəfə durum dəyişmişdi – Vaqif bəy özündən danışmalıydı.

Nə teatrdan, nə aktyorlardan, nə ölkənin keçmişindən, gələcəyindən deyil, – özü barədə…Amma bu dəfə durum dəyişmişdi – Vaqif bəy özündən danışmalıydı.

Bir neçə gün sonra 60 yaşını dolduracaq Vaqif İbrahimoğlu özündən və yaratdığı «YUĞ»dan söz açacaqdı...

Məsələ burasındaydı ki, oktyabrın 18-də «YUĞ» Teatrının da doğum günüydü – teatr 20 yaşını tamamlayırdı. Rejissor teatrın yaranışını öz doğum günüylə qoşalaşdırmışdı…

Odur ki, Vaqif bəylə olan söhbətimizi «Qoşa qanad» adlandırdıq və bu görkəmli sənət adamının sevdiyi mahnılarla bəzədik.

Bu anonsda Vaqif bəylə olan söhbətimizi sizinlə bölüşmək fikrində deyiləm.

Hərçənd, Vaqif bəy nədən danışırsa-danışsın, – jurnalistləri tam razı salan nadir müsahiblərdən olub.

Mən ancaq ona ünvanladığım son sualımın üstündə dayanmaq istəyirəm. İndi dinləyəndə, bu sualın cavabı ürəyimi göynədir.

Sonda Vaqif bəydən «bir çeynənmiş sual»a cavab istədim. Dedim, «Vaqif bəy, xoşbəxtsinizmi?».

Cavab:

«Xoşbaxtlıq (o elə belə də dedi) anlayışını differensasiya eləsək, onun ən azı 5 səciyyəsi olmalıdır. Bunun 4-nə mən müsbət cavab verə bilərəm. Birini indiyənəcən əldə edə bilməmişəm (Vaqif bəy maddi vəziyyətini nəzərdə tuturdu. Uzun illər kirayədə yaşamağa məcbur qalmış rejissor ahıl vaxtlarında ev sahibi olmuşdu)… Amma insan kimi çox xoşbaxtam. Ailəmdən, uşaqlarımdan, dostlarımdan çox razıyam. Ətrafımda həmişə maraqlı insanlar olub. Şagirdlərim gözümün qabağında həmkarlarıma çevrilib. Onların inkişafını görmüşəm. Vətənin müstəqilliyini gördüm. Gurultulu səslənsə də, 16 yaşından bu istəklə yaşayırdım. Bütün çətinlikləriylə, əyintiləriylə… mən bunu gördüm! Əvvəl-axır, «Mən türkəm!» deməyi bacardım! Mən Təbrizi gördüm-gəzdim… Mən İstanbula, Ankaraya, Bursaya, İzmirə, Malatyaya toxundum… Koroğlu demiş, arzumanım qalmayıb… İndi yeni dövr – 10 illik, ya 5 illik, qismət Allahdandır, – bir neçə yeni məsələ qoyub və məni şirnikləndirir ki, bununla məşğul ol!».

Nə yazıq ki, arzuladığı bu vaxt Vaqif İbrahimoğluna qismət olmadı.

Bu söhbətimizdən ilyarım sonra amansız xəstəlik Vaqif bəyi əlimizdən aldı…

Qısası, AzadlıqRadiosunun «İz» proqramı Vaqif İbrahimoğlunun 65, «YUĞ» Teatrının 25 illiyini «Qoşa qanad» dastanıyla bir daha yad edəcək.

«İz»ə düşün, «İz»dən çıxmayın.

İz - Xoşbəxtliyin 5 özəlliyi «İz»də görünəcək…
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

XS
SM
MD
LG