Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:45

Şahmar Mövsümov: «Hökumətin dözmək fikri yoxdur»


-

Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü tərk etmək məsələsini nəzərdən keçirəcək. Bunu Təşəbbüs üzrə Hökumət Komissiyasının sədri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov AzadlıqRadiosuna eksklüziv açıqlamasında bildirib.

TƏŞƏBBÜSÜN İLKİN MƏQSƏDİ

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü oktyabrın 15-də qərar verib ki, Azərbaycanın bu beynəlxalq şəffaflıq qurumunun öhdəliklərini necə yerinə yetirməsinin erkən monitorinqi aparılsın. Bu məqsədlə gələn ilin yanvarında Azərbaycana erkən dəyərləndirmə missiyası göndəriləcək.

Komissiya sədri AzadlıqRadiosunun sorğusuna cavabında xatırladır ki, Azərbaycan Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünə (MHŞT) 2003-cü ildən qoşulub. Yaradıldığı vaxtda MHŞT mədən sənayesindən əldə edilən gəlirlər barədə şəffaflığın təmin edilməsi məqsədini daşıyırdı. Bu məqsədə uyğun olaraq Azərbaycanda mədən hasilatından əldə edilən gəlirlər üzrə hesabatlar dərc edilib, gəlirlər üzrə tam şəffaflığa nail olunub, bütün məlumatlar vətəndaşlara açıqlanıb. Ölkədə prosesə rəhbərlik QHT Koalisiyasının da daxil olduğu MHŞT üzrə Çoxtərəfli Qrup tərəfindən həyata keçirilir.

QHT-LƏRİN HÜQUQLARINI QORUMAQ TƏSƏVVÜRÜ

«Lakin son bir neçə ildir ki, MHŞT üzrə Beynəlxalq İdarə Heyəti səviyyəsində MHŞT-nin mandatının dəyişdirilməsinə cəhdlər başlanılıb. Təəssüflə qeyd edilməlidir ki, Təşəbbüs MHŞT-nin ilkin məqsədini unudaraq insan hüquqları və ya daha dəqiq desək QHT-lərin hüquqlarının qorunmasını təmin edən təşkilat təsəvvürü yaratmağa başlayıb. Son illər ərzində MHŞT barədə müxtəlif beynəlxalq təşkilatlar tərəfindən verilən bəyanatlarda, nüfuzlu media orqanları tərəfindən dərc olunan məqalələrdə yalnız QHT-lərin mövqeyi əks etdirilib, şəffaflıq məsələləri kənarda qalıb, Təşəbbüsün əsas mandatı unudulub».

«HÖKUMƏTİN DÖZMƏK FİKRİ YOXDUR»

MHŞT üzrə hökumət Komissiyasının sədri Şahmar Mövsümov bildirir:

Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov
Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov

«2003-cü ildə Təşəbbüsə qoşularkən Azərbaycan hökumətinin əsas məqsədi ölkə vətəndaşları üçün mədən hasilatından əldə edilən gəlirlər üzrə tam şəffaflığın təmin edilməsi olub. Bu gün isə Azərbaycan müxtəlif ikili standartlara xidmət edən təşkilatlar tərəfindən tənqid edilir. MHŞT-nin növbəti bu cür təşkilata çevrilməsi yolverilməzdir. Azərbaycan hər hansı ölkə hüdudlarından kənar bir qurum qarşısında hesabat vermək, onun əsas mandatına uyğun olmayan tənqidlərini dinləmək üçün bu Təşəbbüsə qoşulmayıb. Bununla bağlı təzyiqlərə Azərbaycan hökumətinin dözmək fikri yoxdur. Bütün bunları nəzərə alaraq Azərbaycan hökuməti MHŞT-ni tərk etmək məsələsini nəzərdən keçirəcək. Bütün digər MHŞT üzvü olan ölkələrə də narahatlığını çatdıracaq».

Dövlət Neft Fondunun icraçı direktoru vurğulayır ki, qeyd edilənlərə baxmayaraq Azərbaycan MHŞT daxilində və ya ondan kənarda hər zaman olduğu kimi öz vətəndaşları üçün mədən hasilatından əldə etdiyi gəlirlər barədə şəffaflığın təmin edilməsi sahəsində fəaliyyətini davam etdirəcək.

MÜZAKİRƏ NƏDƏN BAŞLADI

Xatırladaq ki, MSŞT-nin oktyabrın 14-15-də Myanmada keçirilən iclasında qurum sədri Clare Short Azərbaycanda vətəndaş cəmiyyətinin durumunu «problemli» adlandırıb. Onun sözlərinə görə, idarə heyəti Bakıya göndərdiyi faktaraşdırıcı missiyanın hesabatını müzakirə edib və dərin narahatlığını bildirib. İdarə Heyəti razılaşıb ki, MSŞT standartına uyğun olaraq, Azərbaycanla bağlı yanvarda ilkin dəyərləndirmə başlansın. Qrafiklə Azərbaycana dəyərləndirmə missiyası gələn ilin iyulunda gəlməli idi.

MSŞT Azərbaycanla bağlı müzakirələrə məhz vətəndaş cəmiyyətinə təzyiqlər səbəbindən başlamışdı. Sentyabrın sonunda ölkəyə faktaraşdırıcı missiya göndərilmişdi. İlkin olaraq üç variant – Azərbaycanın təşəbbüsdən çıxarılması, fəaliyyətin müvəqqəti dayandırılması, ölkəyə erkən dəyərləndirmə missiyasının göndərilməsi müzakirə olunub. Lakin birinci variantla bağlı konsensus əldə olunmayıb.

XS
SM
MD
LG