Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:47

Milli Bankın sədri qalmaqallı rüşvət araşdırmasında


Elman Rüstəmov
Elman Rüstəmov

-

«2005-ci ilin dekabr günlərindən birində, dan yerinin sökülməsinə bir-iki saat qalmış Avstriya Mərkəzi bankının mavixalatlı işçiləri 30 milyonluq əskinasları taxta paletlərin üstünə döşəməyə başladılar. Onlar Azərbaycan valyutası olan manat əskinaslarını, bu yükdən xəbərdar olanların dediklərinə görə, 38 tonluq maşınlara yükləyirdilər. Nömrəsiz BMW avtomobillərində polislərin müşayiət etdiyi bu karvan Vyananın çoxəsrlik tarixi olan kilsələrinin və Habsburq saraylarının yanından ötərək Slovakiya sərhədini keçdi və Bratislava aeroportuna gəldi. Burada sıx bürünmüş paletlər Azərbaycanın Xəzər dənizi sahillərində yerləşən paytaxtı Bakıya uçacaq təyyarəyə yükləndi».

Kit Chellel və Alexander Weber-in «Bloomberg» saytında dərc olunmuş məqaləsinin başlanğıcı detektiv romanlarını xatırlatsa da, materialda söhbət tamamilə real hadisələrdən gedir.

«Bloomberg Markets» jurnalı hələ dekabr ayında yazırdı ki, bu tranş sərt təhlükəsizlik tədbirlərinin müşayiəti ilə baş verən və beynəlxalq pul çapı ilə məşğul olan bazarın başqa tranşlarına bənzəyirdi.

Lakin Avstriya prokurorları deyirlər ki, bu alqı-satqı Avstriya Mərkəzi Bankının rəsmiləri ilə onların Azərbaycandakı həmkarlarının ortaq korrupsiya sövdələşməsinin bir hissəsi olub.

18 MİLYON DOLLAR

Bu işlə əlaqədar bu il doqquz nəfər rüşvət və «çirkli pullar»ın yuyulması ittihamları ilə mühakimə edilib. Müttəhimlər arasında Avstriya Mərkəzi Bankı – «Oesterreichische Nationalbank»ın pul çapı sahəsindəki podratçısı - «Oesterreichische Banknoten und Sicherheitsdruck GmbH» və ya qısaca OeBS şirkətinin icraçı rəhbərləri də vardı.

Avstriya prokurorluğu bildirir ki, mərkəzi bankın işçiləri sonradan rüşvət üçün istifadə olunacaq əlavə gəlir əldə etmək məqsədilə pul çapının xərclərini şişirdiblər. Prokurorluğun sənədlərinə əsasən, pul çapı üçün kontraktı qazanmaq məqsədilə Azərbaycan rəsmilərinin ofşor bank hesablarına, daha sonra isə Suriyanın Mərkəzi Bankındakı hesablara 14 milyon avro (və ya 18 milyon dollar) köçürülüb.

İKİ NƏFƏRİN İŞİNƏ XİTAM VERİLİB

Məqalədə deyilir ki, oktyabrın 3-də Vyananın Cinayət Məhkəməsi 7 müttəhimi məhkum edib. İki nəfərin işinə xitam verilib. Bunlardan biri OeBS-nin keçmiş sədri və bankın sabiq sədr müavini Wolfgang Duchatczek olub. Pul çapı şirkətinin keçmiş icraçı həmsədrləri Michael WolfJohannes Miller isə təqsirlərini etiraf ediblər.

Müəlliflər yazırlar ki, Avstriya işi məxfilik və müəmma pərdəsinə bürünmüş pul çapı sənayesinin qaranlıqlarına işıq salan nadir hadisələrdən biridir.

RÜŞVƏT PULUN ÖZÜ QƏDƏR QƏDİMDİR

«Valyuta qalmaqalları hələ eramızdan əvvəl 650-ci ildən, ilk pulu çap etmiş lidiyalıların zamanından vaxtaşırı baş verir. 1278-ci ildə Philip de Cambio adlı bir ingilis funt sikkələrinə normadan artıq mis qatdığı üçün mühakimə edilmiş, asılmış və şaqqalanmışdı» – deyilir məqalədə.

Almaniya jurnalisti Klaus W.Bender-in «Pul bazarları: Əskinas Çapının Məxfi Dünyası» (Moneymakers: The Secret World of Banknote Printing) kitabında oxuyuruq: «1920-ci illərdə fırıldaqçı portuqaliyalı rəssam Artur Virgilio Alves Reis Britaniyanın pul kəsən firmasını özünün «Banco de Portugal» bankının nümayəndəsi olduğuna inandıra bilmiş və fırıldağın üstü açılanadək şirkət ona bir neçə milyon portəgiz eskudosu vermişdi.

TONLARLA PUL

Məqalədə qeyd olunur ki, bu gün pul əskinaslarının çapı geniş və yüksək texnologiyalı biznesdir. Hökumət agentlikləri və onların fərdi podratçıları ildə 165 min ton pul çap edirlər. Bu əskinasların saxtalaşdırılmaması üçün onlara holoqramlar və xüsusi rənglər vurulur.

Bu işi görmək bir çox ölkələrin imkanları xaricindədir və buna görə də dünya əskinaslarının üçdə biri özəl şirkətlər tərəfindən çap olunur. Bu sahədə satışın 60 faizinə sahib olan üç əsas şirkət mövcuddur: Britaniya funtunu çap edən və İngiltərənin Basinqstok şəhərində mənzillənmiş «De La Rue Plc» (DLAR), Almaniyanın «Giesecke & Devrient GmbH» və Fransanın «Arjowiggins SAS» şirkətləri.

Kaliforniyada mənzillənmiş «Impacts.Ca.» məsləhət firmasının 2011-ci ilə aid məlumatına əsasən, pulkəsmə sənayesinin ümumi dəyəri 1.3 milyard dollardır.

QLOBAL ÇAPÇI

Məqalədə bildirilir ki, OeBS bu sahədə kiçik oyunçu olsa da, Avstriya və onun avrozona üzrə qonşuları üçün ildə 600 milyon əskinas çap edir. Şirkət həmçinin Afrikanın mərkəzi bankları da daxil olmaqla başqa ölkələrin də pullarını çap edir. Məhkəmə materiallarına əsasən, 2003-cü ildə Avstriya Mərkəzi Bankının şurası Duchatczek-i sədr təyin edəndə, firma çətinliklər içində vurnuxurmuş. Şirkət öz məhsulunu Avropa xaricinə çıxarmaq istəyir, lakin itkilərə məruz qalırmış.

Duchatczek biznesi sahmana salmaq üçün 65 yaşlı Wolf-u və 51 yaşlı Miller-i işə cəlb edir.

Məqalədə deyilir ki, 2004-cü ilin sonlarında Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkə valyutasının dizaynını dəyişmək qərarına gəlir. OeBS-in satış üzrə direktorlarından xanım Raluca Tanasescu sövdələşməni əldə etmək məqsədilə Baklıya uçur. Azərbaycanın bank rəsmiləri isə avstriyalılara təklif edirlər ki, pul çapının xərclərinə 20 faiz əlavə olunsun ki, sonradan Azərbaycan tərəfi bu fərqi mənimsəyə bilsin. Məhkəmə dinləməsində 55 yaşlı Tanasescu etiraf edir ki, rəhbərliyindən icazə aldıqdan sonra bu sövdələşməyə razılıq verib.

PULU AZƏRBAYCAN XALQI ÖDƏYƏCƏK

«Bu pulu Azərbaycan xalqı ödəməli olacaq» –fevral ayında keçirilən məhkəmə dinləməsində prokuror Volkert Sackmann deyib.

«Bu rəsmi ittihamnamədə adı çəkilən, lakin heç vaxt məhkəmə qarşısına çıxmayan iki nəfər var» – yazır müəlliflər. «Azərbaycan Mərkəzi Bankının başçısı Elman Rüstəmov və Suriya Mərkəzi Bankının başçısı Adib Mayaleh-ə qarşı Avstriyada cinayət ittihamı irəli sürülməyib. 62 yaşlı Rüstəmov Vyana məhkəməsində onun və ona tabe bankın başqa işçilərinin rüşvət aldıqlarına dair şahidlərin səsləndirdikləri iddialara cavab verməyib».

Kit Chellel və Alexander Weber yazırlar ki, Azərbaycan bankının nümayəndələri «Bloomberg News» saytına da şərh verməkdən imtina ediblər.

XS
SM
MD
LG