Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:38

Qəzalı evlər sürüşə-sürüşə hara gedir?


Arxiv fotosu
Arxiv fotosu

“Suraxanı Rayon İcra Hakimiyyəti şikayətimizə 3 ildən sonra reaksiyaverdi. Amma icra hakimiyyətinin problemlə bağlı qərarı “yağışdan çıxıb, yağmura düşməyə” bənzəyir”.

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə Suraxanı rayonu, Zığ qəsəbəsindəki sürüşmə ərazilərində qəzalı vəziyyətə düşən evlərin sakinləri deyir.

Şikayətçilərin sözlərinə görə, oktyabrın 22-də Zığ qəsəbə nümayəndəliyinin rəhbərləri sakinlərlə görüşüb:

SAKİNLƏRİ TƏKLİFDƏN NARAZI SALAN NƏ OLUB?

“Bizə dedilər ki, Suraxanı Rayon İcra Hakimiyyəti qəzalı evlərlə bağlı 150 min manat vəsait ayırıb. İlkin olaraq təxminən 35-40 ailə, yəni artıq yaşayışa yararlı olmayan evlərin sakinləri köçürüləcək. Amma bizə ev verilmir. Zığ bələdiyyəsinin yaxınlığında avtomobil təmiri sexi var. Sexin 3 mərtəbəli binasında üçüncü mərtəbəni bizim üçün ayıracaqlar. 150 min manatı da təmirə xərcləyəcəklər. Bundan sonra ailə üzvlərinin sayından asılı olmayaraq hər bir ailəyə bir otaq veriləcək. Hamam və sanitar qovşağı isə ümumidir. 35-40 ailə bir hamamdan, bir tualetdən istifadə edəcək”.

Təkliflə razılaşmayan sakinlərə deyiblər ki, əks halda bu qışı da təhlükəli evlərdə keçirəcəklər: “Evlərin əksəriyyətinin sənədi qaydasındadır. Sənədi qaydasında olmayan evlərin tikintisi üçün də pul xərclənib. İndi qapı-pəncərə dəyişəndə də gəlib razılaşma tələb edirlər. Amma iş bu yerə çatanda “sizin ev qanunsuzdur” bəhanəsi işə düşür”.

ÖLKƏ BAŞÇISINA SƏSLƏRİNİ ÇATDIRMAQ ÜÇÜN AKSİYA BARƏDƏ DÜŞÜNÜRLƏR

Sakinlər onu da dedilər ki, 3 ildir Suraxanı Rayon İcra Hakimiyyəti (RİH), Bakı Şəhər İcra Hakimiyyəti və Nazirlər Kabineti arasında qalıblar: “Hər dəfə şikayətlərdən sonra rayon icra hakimiyyətinin nümayəndələri gəlir, vəd verib gedirlər. Ötən il isə dedilər ki, məsələ həll olunub, Nazirlər Kabineti sənədləri Maliyyə Nazirliyinə göndərib. Dəfələrlə ekspertiza keçirilib, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi də baxış keçirib, evlərin sürüşmə nəticəsində qəzalı vəziyyət düşdüyü təsdiqlənib”.

Artıq bezdiklərini deyən sakinlər yalnız ölkə başçısından kömək istəyirlər: “Aksiya keçirməkdən başqa çarəmiz qalmayıb”.

Suraxanı Rayon İcra Hakimiyyətindən virtualaz.org saytına bildiriblər ki, qəzalı vəziyyətdə olan 100-dən çox fərdi yaşayış evi və binalarla bağlı əlaqədar orqanlar məlumatlandırılıb. Qəzalı evlərə 150 min manat ayrılması və sakinlərin avtomobil sexinin binasına köçürüləcəyi ilə bağlı suallar isə cavabsız qaldı.

SAKİNLƏRİN İTTİHAMLARINA KİM CAVAB VERƏCƏK?

Suraxanı RİH-dən bizi maraqlandıran suala cavab vermək üçün idarələr arasında ötür-ötür oyunu başladı. Lakin sonda “bu məsələ ilə bağlı açıqlama verməyə ixtiyarımız yoxdur” cavabını aldıq.

Zığ qəsəbə nümayəndəliyi də Suraxanı RİH-dən fərqli münasibət göstərmədi.

Zığ qəsəbə sakinləri deyirlər ki, nə qəsəbə nümayəndəsinin, nə də bələdiyyənin fəaliyyəti hiss olunmur, yəni işləri elə bir-birini qarşılıqlı ittiham etməkdən ibarətdir.

Zığda isə bir tərəfdən çökmə, sürüşmə gedir, bir tərəfdən qanunsuz tikililər çoxalır. Sənaye və mülki tikinti ixtisası üzrə ali təhsilli mütəxəssis olan Suraxanının icra başçısı İlqar Abbasovun gözü qabağındaca...

XS
SM
MD
LG