Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 13:44

"Böyük bahalaşma qapımızı döyür"


Bakı, ərzaq bazarı
Bakı, ərzaq bazarı

-

“Azərbaycan” qəzeti yazır ki, Quba fermerləri bu ilki alma bayramında yüz min tondan artıq meyvə yetişdirdiklərini fəxarətlə qeyd etdilər.

Xaçmaz alması
Xaçmaz alması

“Bütün yolların enişi-yoxuşu və döngələri olduğu kimi, bu il də dünyada gedən qlobal proseslərin rus rubluna dəyən zərbəsinin acısını azərbaycanlı fermerlər də daddı. Meyvə mövsümünün əvvəlindən bu günə kimi rublun kursunun dollara nisbətdə 30 faizdən artıq ucuzlaşması qubalı fermerləri hələlik qonşu dövlətin bazarına çıxmaqdan çəkindirir. Azərbaycan hökuməti Rusiya ilə apardığı danışıqlarda öz kəndlisini müdafiə edir və aqrar sektorun istehsalçılarını daimi və etibarlı xarici bazarla təmin etməyə çalışır”.

“Payızın əvvəlində isə belə bir görüntü yarandı ki, Azərbaycandan şimala gedən meyvə-tərəvəz axınında artım var. Lakin real rəqəmlərə söykənən kənd təsərrüfatı mütəxəssisləri elə bir ciddi dönüşün olmadığını bildirdilər. Diqqəti çəkən isə başqa bir məqamdır. Rublun inflyasiyaya məruz qalması bazarda almanın qiymətini anındaca qaldırmır. Bunun üçün həftələr və bəzən də aylar keçir. Rusiya bazarında mal satan azərbaycanlı da rublla alver edib, topladığı pulu dollara çevirəndə onun qazancının bir hissəsini inflyasiya udur”.

“BÖYÜK BAHALAŞMA QAPIMIZI DÖYÜR”

“Yeni Müsavat”ın yazdığına görə, dolların bahalaşması, rublun isə dəyərdən düşməsi Azərbaycandan Rusiya bazarlarına ucuz ərzaq və kənd təsərrüfatı məhsullarının ixracını artıracaq. İqtisadçı ekspertlərin rəyincə, Azərbaycanda həmin məhsulların qıtlığının yaranması qiymətlərin avtomatik şəkildə qalxması ilə müşayiət oluna bilər.

“Yada salaq ki, ötən ayın ortalarında Rusiya İqtisadiyyat Nazirliyinin rəsmisi bildirmişdi ki, Azərbaycandan Rusiyaya keyfiyyətli ət və ət məhsullarının, habelə süd məhsullarının idxalı üçün uzağı, dekabrın sonunadək monitorinqlər başa çatacaq və Yeni ildən etibarən keyfiyyətli məhsulların Rusiya bazarlarına girməsi tam təmin ediləcək. Yəni yanvardan etibarən Azərbaycan məhsulları daha problemsiz şəkildə şimal qonşumuzun bazarlarına daxil olacaq. Bu proses artıq özünü göstərməkdədir. Ancaq iqtisadçılara görə, ixracın kəskin artması Azərbaycanda eyni məhsulların qıtlığına gətirə bilər ki, bu da avtomatik şəkildə özü ilə bərabər bahalaşma doğuracaq”.

“ƏDƏBİYYATIN XİLASEDİCİ GÜCÜNƏ İNANIRAM”

“Azadlıq” qəzeti bu günlərdə “Oktyabra məktublar” adlı yeni şeirlər kitabı çap olunan şair-publisist Elnur Astanbəyli ilə müsahibə dərc edib.

- İlk kitabınız - “Almadan küsən” iki il əvvəl çap olunmuşdu. İki il sonra yeni kitabınızın çap olunması sizin şair kimi az çap olunmağınız barədə qınaqlara cavabdır?

- Qətiyyən. Əslində “Oktyabra məktublar”a daxil edilən şeirlərin bir qismi ilk kitabda yer almalı idi. Sadəcə, düz-əməlli arxivimin olmaması səbəbindən bu, mümkün olmadı. Ümumiyyətlə isə mən hər kitabı bir yazarın yaradıcılığında bir mərhələnin qapanması, yeni bir mərhələnin başlanğıcı hesab edirəm. “Almadan küsən”dən sonra özüm üçün belə bir gözləntim yox idi, yuxarıda da dedim, kitab müəyyən mənada yarımçıq idi. “Oktyabra məktublar”dan sonra isə bu günədək yazdıqlarımdan xilas olduğumu hiss edirəm. Onlar artıq yaradıcı mənada keçmiş və keçilmiş mərhələdir. Indi daha rahatlıqla gələcəyə baxa bilərəm.

XS
SM
MD
LG