Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:25

Sulutəpədə evi sökülən ailə 2 ildir küçədə yaşayır


Arxiv fotosu
Arxiv fotosu

-

“2 ildir küçələrdəyik. Ayağımıza sellofan bağlayıb gəzirik. İki azyaşlı övladım böyrək, ciyər xəstəliklərinə tutulub. Həyat yoldaşımın vəziyyəti ağırdır".

AzadlıqRadiosunun "Qaynar xətt"inə zəng vuran Həsən Səfərov 2 il əvvələ qədər Sulutəpədə yaşadıqlarını deyir. Onun sözlərinə görə, bir gün işdə olarkən ona zəng vurublar ki, Sokar işçiləri evini sökür. Özünü hadisə yerinə çatdıranadək görüb ki, ev yerində yoxdur:

"Mən fəhləyəm. Bir məmurun həyətində çarhovuz tikirdik. Zəng gəldi, əlimdəki işimi atıb qaçdım. Gec idi..."

2 İLDİR ÇARƏ AXTARIŞINDADIR...

Ev sökülüb, əşyalar çıxarılmadan... Həsən Səfərova yalnız o qalıb ki, iki azyaşlı uşağının və həyat yoldaşının başına çarə qalsın. Amma 2 ildən çoxdur ki, bu çarəni tapa bilmir.

Deyir, torpağı Xocəsən bələdiyyəsindən alıb. İki yerdə fəhləlik edib, yarıac, yarıtox qarınla 2 otaq tikib, yarıtəmirli vəziyyətə gətirib içərisinə köçüb. Amma evdə heç 2 ay yaşaya bilməyib.

"Qışdır, küçələrdəyik. Telefonumuz da yoxdur, küçədən zəng vurmuşam... Donuruq... İlk vaxtlar qohumların evində qaldıq, daha onlar da saxlamır".

Həsən Səfərovu indi heç bir tikinti yerinə də yaxın buraxmırlar:

"Elə vəziyyətdəyəm ki... Aylarla çimmirik. Hara gedirəmsə içəri buraxmırlar. Deyirlər, bizdə "bomj"lara yer yoxdur".

Dövlət Neft Şirkəti iddia edir ki, Sulutəpədəki torpaqlar neft torpaqları, sökülən evlər isə qanunsuz tikililərdir. Şirkət hesab edir ki, adamlar yerli bələdiyyədən aldıqları saxta sənədlər əsasında şirkətə məxsus torpaqları zəbt ediblər. Evlərin çoxu məhkəmə qərarı olmadan sökülür.

Hüquqşünas Namizəd Səfərov deyir ki, mülk məhkəmə qərarı olmadan sökülə bilməz. Hətta məhkəmə qərarı olsa belə, ərazidəki söküntü işlərində yalnız icra məmurları iştirak edə bilərlər. Məhkəmə qərarının icrası çətinləşsə, icra məmurları icra yerinə polis də dəvət edə bilərlər ki, icra prosesində asayişi qorusun.

XS
SM
MD
LG