Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:46

Xədicə İsmayıl vicdan məhbusu oldu


Azərbaycanın Gürcüstandakı səfirliyi qarşısında aksiya
Azərbaycanın Gürcüstandakı səfirliyi qarşısında aksiya

-

«Amnesty International» (AI) hüquq-müdafiə təşkilatı AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılı vicdan məhbusu elan edib. Qurum jurnalistin siyasi motivlə saxlandığını bildirir.

XƏDİCƏ VİCDAN MƏHBUSUDUR

AI-nin dekabrın 15-də yaydığı məlumatda deyilir ki, Xədicə İsmayıl dekabrın 5-də siyasi motivli ittihamla saxlanıb.

«Hakimiyyət iddia edir ki, Xədicə İsmayıl keçmiş həmkarı ilə münasibətləri pozulandan sonra sosial şəbəkələrdə onun şərəf və ləyaqətini təhqir edib. Eləcə də X.İsmayılın həmin şəxsin çalışdığı media qurumlarından işdən çıxarılmasına nail olduğu deyilir. Ancaq hakimiyyət X.İsmayıla qarşı həmin şəxsi qəsdən intihar həddinə çatdırmasına dair əlavə sübut-dəlil ortalığa qoya bilməyib», - AI bildirir.

Bu səbəbdən qurum hesab edir ki, jurnalistə ittiham siyasi motivlidir və onun jurnalist fəaliyyətini susdurmağa yönəlik son cəhddir. Xədicə İsmayıl öncə də araşdırıcı jurnalistikasına görə təhdidlərlə üzləşib, hazırda da ona qarşı defamasiya iddiası üzrə cinayət işi var. «Amnesty International» Xədicə İsmayılı vicdan məhbusu hesab edir.

DƏRHAL AZADLIĞA BURAXILSIN

Qurum jurnalistin vəkili Xalid Bağırovun vəkillik fəaliyyətindən uzaqlaşdırıldığını da xatırladır. Bir gün öncə o, Xədicə İsmayılı təmsil etməyə razılaşıb.

AI hakimiyyət təmsilçilərinə məktublar göndərməyə çağırır. Hakimiyyətə çağırış olunur ki, Xədicə İsmayılı dərhal və qeyd-şərtsiz azadlığa buraxsın, çünki o, vicdan məhbusudur və yalnız ifadə azadlığından yararlandığı üçün saxlanıb.

AI hakimiyyəti çağırır ki, vəkillərə qarşı intizam prosedurları hüquq müdafiəçilərinin ədalətli məhkəmə hüququna zərbə vurmasın.

İFADƏ AZADLIĞI TAM QORUNSUN

Qurum Azərbaycanda ifadə azadlığı hüququna tam hörmət qoyulmasının, qorunmasının vacibliyini vurğulayır.

Məktubların 2015-ci il yanvarın 26-dək prezident İlham Əliyev, baş prokuror Zakir Qaralova göndərilməsi xahiş olunur.

AI Xədicə İsmayılın hakimiyyəti açıq tənqid etdiyini, ölkədə korrupsiya və insan haqları pozuntularını ifşa etdiyini, bunlara görə şantaj kampaniyasına məruz qaldığını yada salır. Həbsindən bir gün öncə isə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev X.İsmayılı hökumətə qarşı işləyən jurnalistlərə «ən yaxşı nümunə» adlandırıb.

23 VİCDAN MƏHBUSU

Hüquq müdafiə təşkilatı onu da qeyd edir ki, Azərbaycanda narazı səslər vaxtaşırı saxta ittihamlarla üzləşir, hücuma, qısnamaya, şantaja məruz qalır. Hüquq-mühafizə orqanlarının əməkdaşları vətəndaş cəmiyyəti fəallarına qarşı işgəncədən istifadə edir və cəzasız qalır.

«Amnesty International» Azərbaycanda 23 nəfəri vicdan məhbusu kimi tanıyıb. Həmin şəxslər yalnız ifadə azadlığından yararlandığı üçün dəmir barmaqlıqlar arxasına atılıb.

Hakimiyyət təmsilçiləri ölkədə siyasi məhbus və vicdan məhbusu olmadığını, həmin şəxslərin konkret cinayətlərə görə saxlandığını bildirir. «Amnesty International» və digər beynəlxalq hüquq-müdafiə təşkilatları isə Azərbaycana qarşı məqsədyönlü qərəzli kampaniya aparmaqda ittiham olunur.

XS
SM
MD
LG