Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:24

Vaqif Sultanlı. Qütb gecəsi


-

Vaqif Sultanlı

QÜTB GECƏSİ

Hekayə

– Mən əvvəlki adam deyiləm. – Altı illik ayrılıqdan sonra sonsuz bir həyəcanla gözlədiyi ilk görüşdəcə hal-əhval sorarkən aldığı bu gözlənilməz ca­vab onu diksindirən kimi oldu və ayrı yaşadıqları bu illər ərzində xəyalında qurduğu dünyasını birdən­cə yerlə-yeksan etdi.

Onun idarə etdiyi maşın ətrafı qranit qayalar və seyrək ormanla örtülü yolla şütüdükcə göz­ləri ilk dəfə gördüyü qeyri-adi mənzərələrə dikilsə də, insanın bu qədər dəyişə biləcəyinin heyrətləri içərisində fikrini bir səmtə cəmləşdirə bilmirdi.

O inanılmaz dərəcədə yadlaşmış, ifrat soyuqqanlı və qaradinməz bir adama çevrilmişdi. Xeyli cavanlaşmış vücu­dun­da, çöhrəsinin hansısa bir cizgisində birgə ya­şadıqları o əzablı il­lərin, dözülməz sıxıntılar içə­ri­sində keçən günlərin ötəri nişa­nələrini belə tapmaq mümkün deyil­di.

Aldığı ilk cavabdan sonra onu düşündürən məsələ iki həftəni bu adamla bir mənzildə necə keçirəcəyi idi.

Maşın ormanların arası ilə irəlilədikcə insanın əsəblərinə sığal çəkən yaşıl­lığın və yabanı gözəlliyin arxasında gizlənən qəribliyi və tənhalığı bütün vü­cudu ilə duyurdu.

Eşitdiyi o sözlərdən sonra onun ardınca bu ölkəyə gəl­məyinin peşmançılıq duyğusu içini bürüməyə başladı və ötən aylar ərzində büsbütün başqa ovqata kök­lənmiş yaddaşı biri-bi­rinə qarışdı.

«İndi nə etsin, hayana getsin?» – öz-özü ilə söhbət edir­miş kimi düşünür, qərar qəbul etməkdə çətinlik çəkirdi.

«Bəs onda niyə gəlib qarşıladı? Niyə telefon zənglərində həmişə görüşməyə həvəsləndirirdi, onun üçün darıxdığını söylə­yirdi? Axı, hərəkətlər deyilənlərlə qətiyyən uyğun gəlmirdi».

Hava limanından şəhərə aparan yol boyu biri-birini əvəz eləyən yaşıl mənzərələr seyrək tikililərlə əvəz olunanda nara­hatlığı biz az da artmağa başladı. Evlər biri-birindən aralı idi, ancaq ins-cins gözə dəymirdi, sanki bu binalarda insan yaşa­mırdı və burda həyat, gözəllik tənhalıq örtüyünə bürün­müşdü, insan xoşbəxtliyi yalnız təklik və tənhalıq cildindəydi.

Əslində son illər hər dəfə hansı məqsədləsə ölkədən çı­xanda bir daha geri dönməyəcəyini düşündüyündən zəruri sə­nədlərini və əşyalarını özüylə götü­rür­dü. Çünki daha öz ölkə­sində yaşaya bilmədiyini, həyatının yarıdan çoxunun keçdiyi vətənin onunçün əsil cəhən­nəmə çevril­diyini bütün əzasıyla hiss eləyir­di. Bir zamanlar bağlı olduğu insanların əqidə­sini, məs­ləyini də­yişib tanınmaz dərəcədə başqalaşdıqlarını heç cür an­laya bilmir, özünü bu insanların çev­rəsində büsbütün yad hiss eləyirdi.

– Deyəsən, mənim sözlərim xətrinə dəydi, ancaq yalan danışmağı sev­mirəm. ­– O, gözlərini yoldan ayırmadan bir daha bayaq söylədiklərini təkrar elədi: – Mən əvvəlki adam deyiləm. Sadəcə bunu bilməyini istədim.

Həbsxanada bir il sərasər eyni kamerada yatmış, məhbəs həyatının dözül­məz çətin­liklərini, ağrılı-acılı günlərini birgə yaşamışdılar. O çıxılmazlıqda dostunun iradəsinə heyran qal­mışdı. Dırnaqlarını çəkib çıxarsalar da, elektrik cərəyanına qo­şaraq dözülməz işgəncələrə məruz qoy­salar da, heç bir günahı olmadığı halda, min cür ləkə və iftiralar atsalar da, onu sın­dırmaq mümkün olmamışdı.

İndi qeyri-ixtiyari olaraq məhbəsdə keçən o dəhşətli gün­ləri gözlərinin önünə gətirir, ma­şında yanaşı oturduğu insanın hə­min adam olduğuna inanmağı gəlmirdi.

O günlər məhbəs həyatının ağırlığı onları biri-birinə daha da yaxın­laşdırmışdı. Bəzən gecələr kameranın kiçik nəfəsli­yin­dən içəri axan ay işığının solğun şəfəqləri altında baş-başa ve­rərək gələcək üçün xəyallar qurardılar. Əlbəttə, o zaman ən çox arzuladıqları azadlığa qovuşmaq idi; ancaq ümidsiz də deyil­dilər. Məhbəs həyatı nə qədər ağır keçsə də, hər an azadlığın nəfəsini duyur, o günün yaxında olduğunu anla­dıqlarından ruh yüksəkliyi içindəydilər.

Məhbəsdə olanda daha bu ölkədə yaşamayacaqlarına qəti şəkildə qərar vermişdilər. Həbsdən çıxarkən ölkəni birgə tərk eləməyi düşünürdülər, ancaq iş elə gətirdi ki, o, uşaqlıq dostuna yoldaşlıq eləyə bilmədi. İradəsimi çatmadı, yoxsa yaşlı ata-ana­sını taleyin ümidinə qoyub getməyimi vicdanına sı­ğışdır­madı, - bunun səbəbləri özünə də aydın deyildi.

Dostunun ölkəni tərk etməsindən bir neçə gün sonra xə­bər tutdu. Anası xəstələndiyi üçün ona baş çəkməyə getdiyindən şəhərdə deyildi. Əvvəlcə bu xəbərdən sarsılan kimi oldu, daha doğrusu, uzun illərdən bəri tanıdığı, bağlandığı yaxın bir dos­tu­nu, simsarını əbədi olaraq itiribmiş kimi içinə bir qəriblik duy­­ğusu çökdü. Ancaq bu hiss çox çəkmədi, bir az sonra özü­nün də çıxıb gedəcəyini düşü­nərək bir qədər sakit­ləşən kimi oldu.

O, bu görüşü belə təsəvvür eləmirdi; sanki onun gəlişi dostunu qətiyyən maraqlandırmırdı. Elə bil ki, yanında otur­duğu yad bir insan idi; söhbətə təşəbbüs etməməsi, dinib-da­nışmaması, tanış-bilişlərdən hal-əhval tut­maması, ölkədəki və­ziy­yətlə maraqlanmaması onu təəccübləndirirdi.

Vətəndən çıxıb gedənlərə yalnız ona görə haqq qazan­dırırdı ki, onlar əqidəsini, məsləyini qorumaq üçün bu addımı atmağa məcburdular. Ancaq insan vətəndən ayrılıb getdiyi yurd­­da da əqidəsini, məsləyini qoruyub saxlaya bilmirsə, onda bu addımı atmağın mənası nə idi?

Dostunun ailəsini də özüylə gətirdiyini bilirdi, ancaq ya­ranmış soyuq­luqdan onların hal-əhvalını soruşmağa cəsarət eləmir, necə olsa, evə yetişən­də hər şeyi öyrənəcəyini düşünür­dü.

Nəhayət, maşın beşmərtəbəli bir binanın qarşısında da­yandı.

Dostu:

– Çatdıq, - dedi, - gördüyün bu evdə yaşayıram.

Hər ikisi tələsmədən maşından endilər, o, baqajı açaraq əşyalarını götür­dü, sonra birlik­də bloka daxil oldular. Liftlə dör­düncü mərtəbəyə qalxana qə­dər heç biri da­nış­madı.

İki otaqlı kiçik mənzilə daxil olanda o, içəridəki ab-ha­vadan dostunun tənha yaşadığını hiss elədi, ancaq hisslərini bü­ruzə verməmək üçün başını aşağı salıb ayaq­qabı­ları­nın qıyını aç­mağa başladı.

Yerbəyer olandan sonra duş qəbul elədi, sonra birlikdə çay içdilər və çaydan sonra dostu evin açarının birini ona verərək vacib iş üçün gedəcəyini söylədi. Çıxanda isə ürəyi bir şey istəyən zaman soyuducudan götürüb yeyə bilə­cəyini söy­lədi.

...O gedəndən sonra uzun müddət pəncərənin qarşısında dayandı, ətrafı bürüyən yaşıllıqları tələsmədən gözdən keçirdi. Sonra divara vurulmuş böyük xəritənin qarşısında dayanaraq gəldiyi şəhəri axtarıb tapdı. Bu gün səhər evdən çıx­mışdı; cəmi bir neçə saata bu qədər yol qət elədiyinə heyrətləndi.

Bu ölkə haqqında çox oxumuşdu, tarixini, mədəniyyətini, ədəbiyyatını burda yaşayan­ların bir çoxundan yaxşı bilirdi. Ancaq bu ölkədə yaşaya bilərdimi? Taleyini birdəfəlik bu yurda bağlaya bilərdimi? Bunu heç cür təsəvvür eləyə bilmirdi.

Sonra qonaq otağına göz gəzdirdi. Son dərəcə sadə döşən­miş otağın divar boyaları, uyğun seçilmiş rahat mebelləri bir tamlıq yaradır, insanın əsəblərinə sığal çəkirdi.

...Dostu evə axşamdan xeyli keçəndən sonra qayıtdı. İçəri girən kimi onu tənha buraxdığı üçün üzrxahlıq elədi, bir daha işlərinin çox olduğunu xatırlatdı:

– Ağlın başqa yerlərə getməsin, - dedi, - burda yaşamaq üçün gecə-gündüz çalışmalısan.

O heç bir cavab vermədi və birgə masanın arxasına oturdular.

Dostu:

– Mən yeməyəcəyəm, ac deyiləm,- dedi. – indi sənə bir şey hazırlayaram.

Gözləmədiyi bu təklifdən narahat olduğundan:

– Yox, yox, lazım deyil, zəhmət çəkməyin, - deyə qəti şəkildə etirazını bildi­rərək iştahının olmadığını söylədi.

Əslində bu gün təyyarədə yediyinin üstün­dəydi və o ye­məyin ürəkbulan­dıran qoxusu hələ burnundan çəkilib getmə­mişdi. Bəlkə aradan bu qədər vaxt keçəndən sonra iştahının olmaması da elə onunla bağlıyıdı.

– Yaxşı, onda sərin pivə içərik. - Dostu soyuducudan iki şüşə pivə çıxararaq açıb qədəhlərə süzdü.

Bütün günü bir şey yemədiyi üçün pivə ona yüngül məstlik gətirdi, əhval-ruhiyyəsi bir qədər dəyişdi.

– Xanım, uşaqlar hardadır,- nəhayət soruşa bildi.

Dostu bircə kəlmə ilə:

– Ayrılmışıq, - dedi.

Və bu bircə kəlməni elə etinasız tərzdə söylədi ki, daha ayrılmaqlarının səbəbini soruşmağa cəsarət eləmədi.

Ancaq dostunun onun nigarançılığına son qoyması çox çəkmədi:

– Biri-birimizi anlaya bilmədik, - dedi.

– İndi hardadırlar, barı uşağını görə bilirsənmi? – deyə soruşdu.

Dostu başını bulayaraq:

– Onlar daha məni maraqlandırmır, - dedi.

Hiss etdi ki, dostu ailə mövzusunda danışmaq istəmir, ona görə də söhbəti dəyişərək işin üstünə gətirdi:

Dostu:

– Bir şirkətdə çalışıram, - dedi.- mazut alveri ilə məşğul oluram.

Gözləmədiyi bu cavabdan sarsılan kimi oldu, çünki dostu siyasət adamı idi, onun siyasətdən uzaqlaşaraq başqa işdə çalışmasını ağlına, təsəvvürünə gətirə bilmirdi.

– Bəs siyasi işlərə necə, vaxtınız qalırmı?

Dostu eynən bayaqkı əsəbiliklə:

– Daha məni siyasət maraqlandırmır, ömrümün o illərinə təəssüf eləyirəm- dedi və bununla da söhbəti biryolluq kəsmək istədiyni bildirdi.

Bir azdan dostu sabah erkən qalxacağı üçün tez yatmalı olduğunu söy­ləyərək onu qonaq otağında tənha buraxdı.

* * *

...O isə yata bilmədi.

Gündüzdən seçilməyən qütb gecəsinin aydınlığında səhə­rə qədər gözlərinə yuxu getmədi və həyatında ilk dəfə olaraq tələsmədən yaşadığı ömrün yad­daşına hopmuş səhifələrini aşa­ğı-yuxarı vərəqləyə bildi.

Zaman hiss olunmadan axıb gedirdi.

Yaddaşında qarışmış vaxt duyğusunu sahmanlamaq üçün qalxıb pəncə­rənin önünə gəldi və qütb gecəsinin süd kimi ay­dınlığında yuyunan şəhərə, şəhərin üstünə yeriyən səssizlik və kimsəsizliyin cansıxıcı mənzərəsinə tamaşa eləməyə başladı. Göy qüb­bəsinin ortasında fırlanan günəş seyrək buludlarla əhatə olunmuşdu. Gecənin bu vədəsi günəşi göyün ortasında görmək çox heyrətamiz idi. Gecə o qədər işıqlı idi ki, həyatında ilk dəfə işığın bolluğundan narahatlıq duydu. Gecələri qaranlıq təsəvvür elədiyindən ona elə gəlirdi ki, bu işıq seli yalnız qaranlıqları deyil, dünyanın bütün gizlinliklərini, sirlərini yuyub aparır və insanı mübhəmliyini itirmiş dünya ilə baş-başa qoyur.

Şəhərin işıq selində üzən kimsəsiz küçələri bir anlığa ona insanları məhv olmuş dünyanı xatırlatdı. Ona elə gəldi ki, şə­hərdə ondan başqa bir kimsə yoxdu və bu böyüklükdə şəhər kü­çələri, imarətləri, bağ-bağçaları, çayları, gölməçələri ilə bir­likdə yalnız ona məxsusdur.

Ruhunu zədələyib keçən bu düşüncə içərisində yatağına gir­sə də, gözlərinə yuxu getmədi.

O, kölgəsindən sıyrılıb çıxmaq inadıyla bu yerdən, bu öl­kə­dən uzaqlaş­maq istəyirdi.

Ancaq haraya gedəcəyini bilmirdi.

Vətən onunçün ölmüşdü.

2007, Oslo, Norveç

XS
SM
MD
LG