Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:29

«Naxçıvanda heç kim bələdiyyə üzvü olmaq istəmir»


Foto: Arxiv
Foto: Arxiv

-

«Naxçıvanda insanları saxlayıb onlardanbu gün əlamətdar nə baş verdiyini soruşsan, əksəriyyət bilməyəcək ki, seçki keçirilir. Burada bələdiyyə heç kimi maraqlandırmır. Nə seçicini, nə də namizədi».

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Naxçıvan təşkilatının sədri Abdulla Abdullayev muxtar respublikada seçki ovqatını AzadlıqRadiosuna belə səciyyələndirir. Həmin partiya Naxçıvanda bələdiyyə seçkilərinə 2 namizədlə qatılıb. Bunlardan biri elə Abdulla Abdullayevin özüdür. O, 4 saylı Naxçıvan şəhər Dairə Seçki Komissiyasından namizəddir.

«SƏSVERMƏYƏ GƏLƏN YOXDUR»

Təşkilat sədri bildirir ki, namizədliyinin qeydə alınmasında problem yaşamasa da, seçkilərin şəffaf keçiriləcəyinə inanmır:

«Səsverməyə gələn yoxdur. Bu da saxtalaşdırmalara şərait yaradır. Səhər səsverməyə gələndə, məntəqədə mənimlə komissiya üzvlərindən başqa heç kim yox idi. Bütün məntəqələr belədir. Durublar qapının ağzında, gözləyirlər ki, bəlkə bir nəfər səs verməyə gəldi. Məntəqələrdə müşahidəçi yoxdur. Əvvəllər seçki görüntüsü yaratmaq üçün «karusel»dən istifadə edirdilər. Bu seçkilər o dərəcədə maraqsızdır ki, indi buna da ehtiyac görmürlər. Bütün bunlara baxmayaraq, yəqin ki, axşama doğru öz işlərini görəcək və həmişəki kimi, elan edəcəklər ki, guya aktivlik 80-90 faizdir».

Abdulla Abdullayev normal seçki keçirilsə, qalib gələcəyinə əminliyini də dilə gətirir:

«Bizim dairədən 17 yerə 27 namizəd var. İdarə işçilərinə əvvəlcədən göstəriş verilib ki, YAP üzvlərinə səs versinlər. Heç, buna ehtiyac da yoxdur. Axşam öz işlərini görəcəklər. Siyahılarında kimlərin adı varsa, onlar da «seçiləcək»lər».

«NAMİZƏDLİYƏ MƏCBUR EDİRLƏR»

Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən bir başqanamizəd deyir ki, seçkidə iştiraka zorla məcbur edilib:

«Mən YAP-ın namizədiyəm. Çalışdığım idarədə çağırdılar və dedilər ki, namizədliyini verməlisən. Əks halda işdən çıxarılacağımla hədələdilər. Naxçıvanda heç kim bələdiyyə üzvü olmaq istəmir. Maaş vermirlər, hələ bir əlavə məsuliyyət qoyurlar üzərinə. Bələdiyyə üzvü oldunsa, icra hakimiyyətinin göstərişi ilə oturub-durmalısan. Ən acınacaqlısı da iməcilik məsələsidir. Bələdiyyələrin boynuna hektarlarla sahə qoyurlar ki, yaşıllaşdırmalısan. Tələb edirlər ki, insanları zorla iməciliyə çıxaraq. Bu səbəbdən hamı bələdiyyə üzvlüyündən qaçır. Ona görə də namizədliyə məcbur edirlər».

«PROBLEM YOXDUR, KİM BAŞQA SÖZ DEYİRSƏ, DÜZ DEMİR»

Naxçıvan Muxtar Respublika MSK-nın sədri Məhərrəm Seyidov səslənən iddiaları rədd edir:

«Naxçıvanda hər kəs namizədliyini könüllü şəkildə irəli sürüb. Bu məsələdə rəqabət də var. 1453 yerə uğrunda 2106 namizəd mübarizə aparır. Təbliğat dövrü də qanunauyğun şəkildə keçirilib. Seçki fəallığı yüksəkdir, heç bir problem də yoxdur. Kim başqa söz deyirsə, düz demir».

XS
SM
MD
LG