Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:16

Zigmund Freud-in sevgi məktubları


-

“Qanun” nəşriyyatından 3 yeni kitab gəldi.

1. ​Zigmund Freud. Sevgi məktubları

Elə yaradıcı şəxsiyyətlər var ki, onların irsinə zaman-zaman ehtiyac duyulur, müraciətlər edilir, fikirlərinə yeni-yeni baxışlar yaranır. Freud da bu baxımdan istisna deyil. Onun yazdığı elmi əsərlər, oxuduğu mühazirələr bu gün də aktuallığını saxlayır. Onun əsərləri bütün dünyada yeni müstəvidə öyrənilir: Freud yenə də insanların köməyinə gəlir.

Bu kitabda isə onun tamam başqa keyfiyyətləri üzə çıxır: sevən bir aşiq kimi qələmə aldığı sevgi məktublarıdır bunlar. Son dərəcə səmimi hisslər, bədii, bəlağətli bir tərzdə yazılan bu məktublar insan qəlbinin sonsuzluğunu və ehtirasının hüdudsuzluğunu bir daha nümayiş etdirir.

Tərcümə Araz Gündüz

2. Gregory Samak. Sirr kitabı

Əgər tarixi, müqəddəratınızı dəyişmək imkanınız olsaydı, nəyi dəyişərdiniz? – Qreqori Samakın “Sirr kitabı” oxucuya bu sualla müraciət edir.

Əsərdəki hadisələr günümüzdə cərəyan edir. Elias Ayn tənha, müdrik qocadır, “yaşıdlarının əksəriyyəti kimi, onun da öz vərdişləri və həyatı kifayət qədər dolğun yaşamadığına dair dumanlı təəssüratları var”.

Təqaüd yaşına çatanda, “ömrünü dinclik içində yaşamaq, taqətdən düşmüş vücudunun, nəhayət ki, ona xain çıxacağını və ölüm vədəsinin yetişəcəyini gözləmək üçün” Avstriyanın Braunau-am-İnn şəhərciyinə köçərək tənhalığa çəkilir. Lakin təzə evində nəhəng yeraltı kitabxananı kəşf etdikdən sonra maraqsız, tənha həyatı qeyri-adi hadisələr burulğanına çevrilir. Və Elias tənha qocadan tarixin gedişatını dəyişə bilən, zamanda və məkanda səyahət edə bilən bir insana çevrilir.

Özündə həmçinin fantastik elementləri birləşdirən bu roman Qreqori Samakın ilk əsəridir. Yazıçı belə deyir: “Bu əsər insanlığa öyüd vermək niyyətindən tamamilə uzaqdır. O, insanın taleyi ilə bağlı suallara toxunur. Bəzi tarixi hadisələr yaddaşlardan silinəndən sonra bizi nə gözləyir? Axı hazırda biz unutqanlıq prosesini yaşayırıq”.

Tərcüməçi Çimnaz Vəliyeva

3. Aydın Talıbzadə. ƏBUHÜBB

«Əbuhübb» təsəvvüf parolundan götürülmüş bir addır; mənasını tapmaq üçün gərək romanı oxuyasan.

«Monamor» isə artıq müəllif şifrəsidir. Bu sözü güzgü prinsipilə açanda «roman om» alınır, yəni «Om romanı»... Veda ənənəsində Om mantradır, özündə hər şeyi və bütövlükdə kainatı ehtiva edən sakral səsdir.

Roman iki müxtəlif gerçəklik, iki müxtəlif zaman müstəvisində inkişaf etdirilir və bu müstəvilər yalnız ruhsal qatda bir-birilə baxışır. Əslində isə bu roman müasir dərvişəbənzər bir rəssamın yaşantı və düşüncələrindən hörgülənib.

Sevgi və qanun, sevgi və mənəvi borc, sevgi və əxlaq romanın hədəflədiyi mövzulardır.

Əgər oxusanız, fərqli bir romanla qarşılaşacaqsınız...»

XS
SM
MD
LG