Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 17:35

Arabir özü də o itlərə qoşulub zingildəmək istəyirdi...


Mehri Mustafa
Mehri Mustafa

-

-Onunla görüşürsənmi?

-Nədi, bir-iki dəfə görüşmüşük deyə özünü ağam hesab edirsən?

-Sulıma cavab ver.

-Hə, görüşürəm. Nəinki onunla, o birisi ilə də, bir başqasıyla da...

Mehri Mustafa

QURÜB

...axşam çökmüşdü. O, səssiz xəyal kimi şəhərin dolanbac yollarında yeriyərək haralardasa ilişib qalmış özünü axtarır, bəzən qaranlığın hayqıran sükutuna qarışıb itir, az keçmiş yenidən peyda olurdu.

Çiliklənmiş həyatının qırıntılarını bir yerə cəm etmək istəsə də, köks ötürüb başını yelləməkdən savayı əlindən heç nə gəlmirdi. Onun aləmində küçələri səfil-sərgərdan dolaşan sahibsiz itlər daha bəxtigətirən idilər. Arabir özü də o itlərə qoşulub zingildəmək istəyirdi, uzun-uzadı zingildəmək.

İnsanlıq dedikdə yalnız müharibə və qan-qada fikirləşdiyindən bütün həmcinslərinə nifrət bəsləyirdi. Axı müharibə təkcə onun ailəsini, kəndini viran qoymamış, bütün uşaqlığını da darmadağın etmişdi.

İllərdir şəhərdə olsa da gözləri daim çər-çəpərə əlavə gözəllik qatan itburnu kollarını arayır, bir vaxtlar qoxusunu ürəkdolusu içinə çəkdiyi kövşənliyi gəzirdi.

Bircə həqiqəti vardı: uşaq vaxtı xoşbəxt idi, həm də çox xoşbəxt. Günəş şüalarının ağacların titrək yarpaqları ilə oynaşdığı bir vaxtda anasının hörüklərindən asıldığı gün bu xoşbəxtliyi də sona yetmişdi. Cansız vücudun ayaqlarına sarılaraq için-için ağlamış, var gücü ilə bağırmaq istəsə də, qorxmuşdu.

Qaş qaralana qədər beləcə dayanmış, canavarların ulartısını eşidəndə tez-tələsik evlərinə bitişik çardağa dırmanmışdı. Oradan kəndə nəzər salanda gözləri par-par parıldayan vəhşiləri görmüş, nəfəsini udaraq cınqırını çıxarmadan bir küncə qısılıb səhərin açılmasını gözləmişdi.

Ertəsi gün kənddə hər tərəfə səpələnmiş gəmirilən sür-sümüklər, üst-üstə qalaqlanaraq yandırılmış meyitlərin qoxusu, bir də o vardı. Lillənmiş qan gölməçələri meh əsdikcə yavaşca titrəşirdi.

Gün gəldi, dəbdəbəli şəhərin sakininə çevrildi. Bir vaxtlar eşitdiyi, qulağı dələn ah-nalələr bu şəhərin hay-küyü içində itib-batdı. Göz qamaşdıran işıqlar yaddaşındakı keçmişinin üzərinə elə şığıdı ki, hər şey ağ pərdənin parlaqlığı altında tər-təmiz əriyib yoxa çıxdı. Edam edilən, yandırılıb xarabalığa döndərilən kəndin tüstüsü də artıq gözlərini acışdırmırdı.

Dəniz sahilinə ən yaxın bildiyi binanın zirzəmisini özünə məskən etmişdi. Xoşbəxtlikdən o zirzəmidə nəmişlik və rütubətdən başqa sınıq-salxaq iki kətil, bir də içi çökmüş divan vardı. Ayazlı gecələrdə bir neçə sahibsiz iti də yanına salıb bura gətirər, elə o içi çökmüş divandaca bir-birilərinə qısılaraq səhərin açılmağını gözləyərdilər.

Səhər açılar-açılmaz ilk işi sahilə baş çəkmək olurdu. Qış günü ac qağayıların qığıltısı qulağı dəlirdi. Hər dəfə qağayıların yem üstdə bir-birilərini didişdirdiyini görəndə uşaq vaxtı atasının masası üzərində gördüyü kitabı vərəqləməsi, orada haşiyəyə alınmış hissəni höccəliyə-höccəliyə oxuması yadına düşürdü. Oxuduqları eyni ilə yadında qalmasa da, məzmunu təxmini də olsa xatirində idi: “ Bir tikə çörək var, iki ac adam. O tikə kimin haqqıdır? Ən ac olanın. Ən ac kimdir? Daha güclü olan” Yaddaşı səhv etmirdisə, atası o kitabın oxunmasının bir vaxtlar qonşu ölkələrin birində qadağan olunduğunu da demişdi. Nə illah etsə də, atası həmin kitabı oxumağa icazə verməmiş, “böyüyəndə oxuyarsan,” -deyə əlindən almış, əvəzində rəfdən başqa bir kitab seçib ona uzatmışdı. O da kitabı heç vərəqləməmiş, iki gün sonra yerinə qoymuşdu.

Əlindəki sonuncu çörək qırıntısını dənizə atarkən kinayəli şəkildə gülümsəyərək dedi:

-İndi bunu kim yeyəcək? Ən ac olanınız. Ən ac hansınızdır? Yəqin ki, yanındakını didişdirərək daha çox əzab verə biləniniz.

Əllərini çırpıb çınqıllı yolla geri qayıtmağa başladı.

Həmin gün atasının başı kənd meydanında idi, bədəni isə böyük ehtimal yandırılan cəsədləirn arasında olardı. O, başı qucağına almış, öpdükcə öpmüş, amma göz yaşı tökməmişdi. Atası həmişə: “Kişi ağlamaz,”-dediyindən ağlamaqdan utanmışdı. Sonra nə edəcəyini bilmədiyindən başı elə oradaca qoyub meydandan uzaqlaşmışdı. İndi isə ağlamaqdan deyil, məhz kişi olduğundan utanırdı, anasının hörüklərindən, atasının kəsilmiş başından xəcalət çəkirdi.

Nə işi vardı axı burda?! Nə o bu şəhərin ola bildi, nə də şəhər onu qəbul etdi. Bircə iki-üç ay əvvəl tanıdığı o qız vardı ki, onu da neçə gündü görmürdü. Sərin payız gecələrinin birində rastlaşmışdılar. Əynində payıza xas olmayan, çəharyı rəngdə don vardı. Çox nazik olsa da, qızı hər vəchlə küləkdən qorumağa çalışır, üşüyən vücuduna bərk-bərk sarılırdı. Soyuqdan göyərmiş əlləri ilə dizlərini qucaqlayıb skamyada oturmuşdu. Harasa çox uzaqlara baxırdı. Üzündəki göz yaşları gecə fənərinin işığı altda mirvari dənəsi kimi bərq vurur, yağış mehribanlıqla üst-başına çilənirdi. Kürəyinə tökülmüş saçları tamam islanmışdı. Çöhrəsində də uşaqsayağı bir məsumluq vardı. Qeyri-ixtiyari yaxınlaşdı:

-Nəyəsə ehtiyacın varmı?

-Başqa işin-gücün yoxdur?- deyərək qız acıqlı gözlərini ona zillədi. Səsindəki küdurətdən başa düşmək olardı ki, sanki başına gələnlərə görə onu günahlandırır.

-Yox, gördüyünüz kimi boş-bekaram,- deyə sakit tərzdə cavab verdi.Sonra nə düşündüsə,- Sizə köməyim dəyə bilər. Burda yağış altda islanmaqdansa, səhərə kimi qonağım ola bilərsiniz.

Yamanca üşüdüyündən qız təklifi eşitdikdə etiraz etməyib ayağa qalxdı. Həm də nədənsə qız onu özü üçün təhlükəli birisi bilmədi.

-Hansı tərəfə getməliyik?

-Bir az irəliyə gedib, sağa dönəcəyik. Sahilə lap yaxındı.

-Onda getdik.

Qız ərklə onun qoluna girdi. İlk dəfə idi ki, bədənində qəribə bir gizilti duydu. Bir-iki addım getmişdilər ki, qızın ayaqyalın olduğunu sezib, öz yarım-yamalaq ayaqqabılarını ona təklif etsə də, qız: “Vərdişəm, narahat olmayın”-deyib yalın ayaqla yeriməyi üstün tutdu. Hər biri başqa aləmdə idi. O, yanındakının kimliyini bilmək istəyir, yanındakısa sabah hər şeyin yoluna düşəcəyini, yenidən əvvəlki həyata qayıda biləcəyini fikirləşirdi. Zirzəmiyə çatdılar.

-Mən başqa bir şey gözləyirdim, eybi yox, daldalanmaq üçün bu da pis deyil,-deyə qız öz-özünə danışırmış kimi dilləndi.

Qaranlıq zirzəmi öləziyən şamla işıqlandı. Qız dinməzcə divanda əyləşmişdi.

-İstəsən mən çöl-bayırda gecələyə bilərəm.

-Yox, yox, narahat olma. Həm də bu gecəlik kömək etdiyincün sağ ol.

Sonra söz-sözü gətirmiş, səhərə kimi söhbətləşmişdilər. Qız uşaq evinə gətirildiyi gün saçlarının kökündən qırxıldığını dedikdə, anasının hörükləri yadına düşmüşdü. “Qız-qadını niyə görən saçları ilə cəzalandırır, saçları ilə hədələyirlər?”- deyə öz-özünə düşünmüşdü. Xəyalı onu uşaqlığına qonaq etmişdi. Bir dəfə at belində atası ilə birgə ova getmiş, səhərə yaxın qayıtmışdılar. Həmin gün anası dəli-divanə olduğundan saç-başı açıq qapıda gözləyirmiş. Atası at tərkindən düşər-düşməz: “Az, Gülsüm, saçını örtsənə”- deyə anasını acılamışdı. Zavallı qadın da dinməmiş, sakitcə evə keçmişdi.

Yuxudan ayılanda təkcə idi. Şam da əriyib qurtarmışdı. Gecə olub-bitənlər yadına düşən kimi cəld küçəyə qaçdı. Heç kim yox idi. Yağış kəsmişdi. Bir az aralıda yenə qağayılar qığıldayır, yem axtarırdılar.

***

Qış gəlmişdi. Yay boyu bir-birləri ilə gizlənqaç oynayan ulduzlar belə donmuşdular. Göylərdən soyuq, ölgün işıq süzülürdü. Dəniz sakitdi.

-Burda neyləyirsən?

Tanış səs idi. Bu odur, dəqiq odur. Çoxdan gözləyiridi. Bir daha rastlaşa biləcəklərinə ümidini itirmişdi. Cavab verməyə macal tapmamış qız dilləndi:

-Bəlkə, bu dəfə mən səni qonaq edim, hə?

Sevincini gizlətməyə çalışaraq:

-Niyə olmasın ki?! Ha tərəfə gedəcəyik?- dedi.

-Elə də uzaq deyil. Bir də ki, mən də sənin kimi yerin altında yaşayıram. Yerin üstü ilə qəti işim olmaz. Həm də özün bilirsən ki, yerin üstü bizlik deyil. Oraların da öz adamları var. Gedək?

Ayağa durdu. Fürsəti qaçırmaq istəmirdi. Qız yenə qoluna girdi. Qeyri-ixtiyari ayaqlarına baxdı, yalın deyildi. Qəlbində anlaşılmaz duyğular vardı. Bəlkə, sevirdi. Axı bircə dəfə gördüyün insanı necə sevə bilərsən ki?! Bəlkə, heç sevmir, sadəcə… Nə isə… Fikirlərini yaxşı ki qız anlamadı. Çox getmədilər. Yaşadığı yerdən iki tin aralıdakı başqa bir binaya yanaşdılar. Deməli, yaxın yerlərdə imişlər. Zirzəmiyə pilləkənlə düşdülər. Səs-küydən qulaq tutulur, tüstü-dumandan qarşındakını güclə seçmək olurdu.

-Nə vaxt darıxsan, bura gələ bilərsən. Qəti çəkinmə, qapıda da tapşıraram.

Gedib küncdəki divanda əyləşdi. Kimsə gətirib masaya bir şüşə qoydu. Musiqi, ab-hava yavaş-yavaş ona hər şeyi: keçmişini, uşaqlığını, hətta özünü belə unutdururdu.

***

-Onunla görüşürsənmi?

-Nədi, bir-iki dəfə görüşmüşük deyə özünü ağam hesab edirsən?

-Sulıma cavab ver.

-Hə, görüşürəm. Nəinki onunla, o birisi ilə də, bir başqasıyla da. Razı qaldın? Sən kimsən axı? İndi burax gedim.

Gözü dönmüşdü. O ağ nə idisə, onu dadandan bəri sanki yırtıcıya çevrilmişdi. Qız üst-başını səliqəyə sala-sala danışırdı:

-Axmaqlıq məndədir. Axı mən niyə səni adam yerinə qoyuram ki, sən də…

Başı dumanlı idi. Qızın nə dedikləri getdikcə onu sıxır, laxlayan qüruru bir az da yerindən oynayırdı. Dözməyib qızın boyanmış saçlarından yapışdı. Artıq düşündüyünü sona çatdırmaq məqamı idi. Əl atıb dolabın üstündəki bıçağı götürdü. Bir az sonra otağa qatı bir sakitlik hakim oldu. Qız yerdə hərəkətsiz

uzanmışdı. O da canına yayılan rahatlıqla üzüqoylu çarpayıya sərildi. Heç nə olmamış kimi gözlərini yumaraq rahatlıqla yuxuya getdi.

Oyananda günortadan keçmişdi. Axşama kimi gözlədi. Qaş qaralanda evdən çıxdı, qapını da açıq buraxdı. İlk əvvəl istədi ki, təslim olsun. Sonra nə düşündüsə, dənizə doğru addımlamağa başladı.

Gecənin qaranlığında ayaq üstdə durub göz işlədikcə uzanan dənizə baxırdı. Birdən üz-gözünü şapalaqlamağa başladı.

-Sən nə kişisən? Sən kimsən axı? Gücün elə qadın xeylağına çatar. Ay alçaq, bundansa gedib bir-iki düşmən öldürəydin də. Ən azından ananın qanı yerdə qalmazdı. Sən nə biqeyrət, binamus imişsən…

Üz-gözünü döyəcləyir, bəzən nə dediyi belə anlaşılmırdı.

Dənizin də onu bəyənməyəcəyini, lazımsız zir-zibil kimi sahilə tullayacağını düşünsə də sulara baş vurur. Bumbuz suyun soyuqluğu iliklərinə qədər işlədikcə ölüm əzabı və rahatlıq duyğusunun qarışığı olan bir hiss bütün bədəninə hakim kəsilir. Məhz bu anlarda həyat ona həmişə olduğu kimi dəhşətli görünmürdü. Əvvəl-əvvəl bədəni dözməsə də, hər an ötdükcə daha da keyləşən vücudu üçün ölüm əzabı da adi hal alırdı.

Səhəri lal-dinməz olan dəniz həmişəki kimi ağır-ağır yırğalanırdı. Qağayılarsa həmin gün heç olmadıqları kimi sakit idilər.

XS
SM
MD
LG