Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:33

Əbdül Əbilovun anası: «Oğlum tanınmaz hala düşüb...»


Əbdül Əbilovun anası Nurcahan Əbilova
Əbdül Əbilovun anası Nurcahan Əbilova

.

Həbsdə olan bloqçu Əbdil Əbilovun səhhətində problemlər yaranıb. Bu haqda AzadlıqRadiosuna bloqçunun anası Nurcahan Əbilova məlumat verib. Anasının sözlərinə görə o, Əbdüllə iki gün öncə, yanvarın 25-də görüşüb. Nurcahan Əbilova deyir ki, oğlunun səhhətindəki geriləmə açıq-aydın hiss olunsa da, özü bunu boynuna almaq istəməyib. Anası deyir ki, səhhətindəki problemə görə oğlunun həyatına təhlükə olacağından ehtiyatlanır:

«ÇOX QORXURAM Kİ, OĞLUMU İTRƏRƏM»

Səsi zəifləyib. Sifətinin rəngi gah saralır, gah da qaralırdı. Soruşuram niyə belə olmusan, xəstəliyini boynuna almır deyir türmədi da, belə olmalıdı...

«Sonuncu dəfə iki ay öncə görüşmüşdüm. Səhhəti çox yaxşı idi. Bu dəfə görəndə, tanınmaz hala düşmüşdü. Həddən artıq arıqlayıb, rəngi solub. Mənimlə görüşdə tez-tez bayıra çıxırdı. Sonradan məlum oldu ki, öksürməyini məndən gizlətmək üçün belə edir. Əllərindən tutdum, tez geri çəkmək istədi. Əlləri buz kimi idi. Hamı bir köynəkdə gəzirdi, Əbdül üst-üstə qalın geyimlər geyinmişdi. Səsi zəifləyib. Sifətinin rəngi gah saralır, gah da qaralırdı. Soruşuram niyə belə olmusan, xəstəliyini boynuna almır deyir türmədi da, belə olmalıdı. Türmədə başqaları da var. Onlar niyə belə deyil? Çox qorxuram ki, bir şey olar oğluma, itirərəm onu».

«AİLƏNİN TƏK QAZANC GƏTİRƏNİ İDİ, ONU DA HƏBS ETDİLƏR»

Nurcahan Əbilova deyir ki, Əbdül tək qazanc gətirəni olduğundan hazırda ailənin maddi vəziyyəti ağırırdır. O bildirir ki, əvvəllər bir müddət siyasi məhbus ailəsi kimi onlara yardımlar olunsa da, hazırda bu da çox cüzi həddə düşüb. Nurcahan Əbilova deyir ki, imkansızlıqdan oğluna vəkil də tuta bilmir:

İndi vəkil tutmağa imkan da yoxdu...

«Vəkili Xalid Bağırov idi. Təmannasız hər şeyi canla, başala yerinə yetirirdi. Onu da vəkillikdən uzaqlaşdırdılar. İndi vəkil tutmağa imkan da yoxdu. Mənim bircə oğlum var. Tək ümidim ona idi. Onu da ki, şərləyib tutdular. Nə demişdi ki? Bir dənə «Yaltaqlara dur» deməklə gənc insanı türmələrə salarlar? Təkcə mənim oğlum deyil. Onun kimi neçələri var. Nədir onların günahı? Deyirlər guya söz azadlığı var. Belə söz azadlığı olar?»

AzadlıqRadiosu Əbdül Əbilovun səhhəti ilə bağlı Penitensiar Xidmətə sorğu göndərib. Sorğu cavablandıqdan sonra oxucuların diqqətinə çatdırılacaq.

Bundan öncə də həbsxanalarda bəzi məhbusların səhhətinin pisləşməsi ilə bağlı məlumatlar yayılıb. Penitensiar Xidmət hər dəfə bu cür məlumatlara cavab olaraq bildirib ki, həbsxanalarda şərait qanunun tələblərinə cavab verir və buradakı xəstələrə lazımi qayğı göstərilir.

Əbdül Əbilov 2013-cü il noyabrın 22-də tutulub, 2014-cü il mayın 27-də narkotik ittihamı ilə 5 il yarım azadlıqdan məhrum edilib.

Ailəsi onun sosial şəbəkələrdəki fəallığına görə həbs olunduğunu deyir.

Əbdül Əbilov Facebookda Yaltaqlara dur deyək səhifəsinin rəhbəri olub.

Həbsindən sonra səhifə bağlanıb.

XS
SM
MD
LG