Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:31

Xədicə yazır: Bu iqtidarı Rusiyaya bağlayan tellərin milli maraqlara dəxli yoxdur


Xədicə məhkəməyə gətirilərkən. Bakı. 27 yanvar 2015
Xədicə məhkəməyə gətirilərkən. Bakı. 27 yanvar 2015

- Bu yazılara görə onu karserə salır, əlyazmalarını müsadirə edirlər. Lakin Xədicə məhbəsdən öz dostlarına ünvanlanan fikirlərini göndərməyə davam edir. Onun növbəti yazısını diqqətinizə təqdim edirik​

Əzizlərim!

Mən yaxşıyam, nigarançılığa əsas yoxdur. Mənə və ailəmə göstərdiyiniz dəstəyə görə sizə təşəkkürümü bilmirəm necə ifadə edim.

Hazırda vacib olanı - mübarizəni davam etdirməkdir. Radiodakı həmkarların indi işi necə qurduqlarını, nə ilə məşgul olduqlarını bilmirəm, amma əminəm ki, onlar harada olsalar Azərbaycan insanının məlumatlandırılması üçün vicdanla çalışacaqlar.

Bu işin ölkənin içində də, çölündə də davam etməsi olduqca vacibdir. Ölkəni quldurlara təhvil verib, kənardan baş bulamaq da olar. Amma son nəfəsimizə qədər döyüşmədən, meydanı yalana, yaltaqlığa təhvil verdiyimizə görə sonradan vicdanımızı susdura bilməyəcəyik. Axı bu ölkədə hər gün öz balaca mücadiləsində uduzan və udan minlərlə adsız qəhrəman var. Onların eyni məkanda, eyni şərtlər altında mübarizə aparan qəhrəmanların örnəyinə ehtiyacı var. Və nə qədər ki bu örnəklər var, doğru qalib gələcək.

«Azadlıq» qəzetinə xeyirlə şərin savaşında bu örnəyi göstərməkdə davam etdiyi üçün böyük bir təşəkkür düşür. Var olun, dostlar!

“Hər şey bitdi, heç nə düzəlməyəcək” deyə bədbinliyə qapılan dostlarım da var yəqin. Mənim də nə vaxtsa bədbinliyə qapılmaq üçün səbəblərim olub. Amma hər dəfə köməyimə çatan prinsiplərim olub: “Bu işin uğur hekayəsi dəyişən hökumətlər barədə deyil, sənin qoyacağın nümunə haqqındadır”.

Uğur hekayəsini siz, biz, hər birimiz yazırıq. Sınmadıqsa, deməli yenilmədik.

Uzun müddətli sükutumu bağışlayarsınız yəqin. Əvvəlki məktublardan sonra karserə salındım. Amma yenə də yazmaqda davam etdim. Bundan sonra kameramda axtarış aparıb, mənim xəttimlə yazılan bütün kağızları, o cümlədən, evdən istəyəcəyim əşyalarin siyahısını da apardılar. Sizin üçün yazdığım və Penitensiar Xidmətinə poçt vasitəsilə göndərmək istədiyim yazılar da vardı müsadirə olunanlar arasında. Hələ qaytarmayıblar. Yəqin Penitensiar Xidmətdə oxucum çoxdur, hələ hamısı oxuyub bitirməyib.

Qəzetləri də iki-üç gün gecikmə ilə və seyrək-seyrək alıram. Təcridxana rəsmilərinə “qəzetlərimə ehtiyacınız varsa, sizi də abunə yazdırım, amma mənim nüsxələrimi özümə gətirin” təklifim o qədər də kar etmədi. Nə isə, imkan düşdükcə oxuyuram. Ailə görüşlərinə hələ icazə verməyiblər. Odur ki, məlumatım olduqca azdır. Amma yenə də kitablar var və oxuduqlarımdan birini – İran rejiminə qarşı mübarizədə faciələrlə üzləşən iki nəsil təmsilçilərinin hekayəsini sizin üçün tərcümə edirəm. Bu, Səhər Delijaninin “Children of the Jacaranda tree” (Yasəmən ağacının uşaqları) əsəridir.

Azərbaycan TV-lərində hökumət daxilində Rusiya yönümlü və Qərb tərəfdarlarının savaşını açıq görmək olur. İnsafən həmişə umub-küsdüyümüz ANS Rusiyanın beşinci kolonuna qarşı təkbaşına döyüşür.

"20 Yanvarda rus qoşunlarını Amerika yeridib" kimi absurda varan Rusiya tərəfdarlarına cavabı ANS ürkəkcəsinə verməyə çalışır. Prezidentin nitqindəki cümlələri qulağından uzadıb “Rusiya işğalçıdır” kontekstinə salmağa çalışır. Bu şeyləri indiki senzura şəraitində olduqca cəsarətli addım hesab etməklə bərabər, effektinə o qədər də inamım yoxdur.

Axı İlham Əliyevin Xocalı soyqırımında birbaşa iştirak edən Rusiyanın üzünə bunu vurmağa indiyə qədər cəsarət etmədiyi, 20 Yanvar qırğını, torpaqların işğalı, Ermənistanı silahlandırma və başqa mövzularda Rusiyaya heç bir irad bildirmədiyi bir faktdır.

Rəsmi Bakının Moskva qarşısındakı mütiliyinin "balans siyasətindən" daha dayaz səbəbləri var. Prezident İlham Əliyevin hər iki qızı Rusiya vətəndaşları ilə ailə qurublar. Vircin adalarındakı şirkətlərini də Moskvadakı hüquq firması vasitəsilə yaradıblar. İndi də Rusiya iqtisadiyyatının çöküş məqamında Azərbaycanda qazanılan pulları öz səhmdarları olduğu Rusiya bankına yatırmaqda davam edirlər. Bu iqtidarı Rusiyaya bağlayan tellərin milli maraqlara heç bir dəxli yoxdur. Axı prezident seçkiləri öncəsi Azərbaycana hərbi dəniz gəmisi ilə səfər edən Putin Bakı buxtasında Azərbaycan xalqına yox, məhz İlham Əliyevə dəstəyini ifadə etməyə gəlmişdi.

Ermənistanda Rusiya əleyhinə etirazlar, münasibətlərdə soyuqlaşma olduqca ibrətamiz hadisə idi. Ermənistan batan Rusiya gəmisində və artıq xilasetmə qayıqlarını suya salmış kimi görünür. Azərbaycan rəhbərliyi isə Rusiyaya alqış, Qərbə qarğış yağdırmaqda davam edir.

Batanların xilası onların öz işidir. Vacib olanı - batanların güdazına ölkənin getməməsidir.

Xədicə

Kürdəxanı. Fevral 2015

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir

XS
SM
MD
LG