Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:32

Ətin qiyməti niyə ucuzlaşıb?


Vahid Məhərrəmov
Vahid Məhərrəmov

-

Azərbaycanda digər ərzaq məhsullarının qiymətində artım müşahidə edilsə də, mal və qoyun əti bir-iki manat ucuzlaşıb. Aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov AzadlıqRadiosuna müsahibəsində ətin ucuzlaşmasının səbəblərindən danışır.

- Ətlə bağlı anormal vəziyyət yaranıb. Azərbaycan özünün ət və ət məhsullarına tələbatını ödəyə bilmir. Beynəlxalq normaya görə, adambaşına illik 84 kq ət düşməlidir, amma bizdə il ərzində istehsal olunan ət adambaşına 30-35 kq-dır. Ətin qiymətinin ucuzlaşmasına isə iki amil təsir edib: Birincisi, alıcılıq qabiliyyəti aşağıdır, ikincisi, bu il yem istehsalı azalıb. Ötən illərlə müqayisədə bu il 585 min ton az taxıl istehsal olunub. Taxıl heyvandarlıqda qüvvətli yem sayılır. Ot istehsalı ciddi azalıb. Bu isə bazarda yemin qiymətini qaldırıb. Heyvandarlığı inkişaf etdirmək üçün yem ən vacib şərtdir. Yem yoxdursa, ya çox bahadırsa, bu, özünü ət və süd istehsalında göstərəcək.

- Vahid bəy, yem bahalanıbsa, demək ki, fermerin istehsal etdiyi ətin qiymətində maya dəyəri artır. Bu məntiqlə, qiymət artımı olmalı idi axı...

- Düzdür, məntiqlə belə olmalı idi, yem bahalaşırsa, ət də bahalaşmalı idi. Amma biz bunun əksini gördük. Azərbaycanda alıcılıq qabiliyyəti aşağı düşüb, buna görə də fermerlər qiyməti artırıb davamlı sata bilmək riskini gözaltına ala bilməzdilər. Üstəlik, ətə tələbat azalıb. Bir səbəb budur ki, kökəltmədə saxlanan heyvanların təxminən 30 faizi ehsanlarda kəsilirdi. Ehsan verilməsi ilə bağlı məlum məsələlərdən sonra (ehsan məclislərinə qoyulan məhdudiyyətləri nəzərdə tutur-red.) heyvana tələbat azaldı. Həmin 30 faiz də bazardakı təklifin üstünə gəldi. Amma bazarda tələbat artmamışdı. Digər səbəblərdən biri budur ki, ət istehsalı üçün əsasən Gürcüstandan gətirilən diri mal-qara yerli mal-qaraya nisbətən ucuzdur. Bundan başqa, ölkəyə ət idxalı 28 faiz artıb. Dondurulmuş ətə olan tələbat bazara təsir edib.

- Dondurulmuş ət təzə ətdən daha ucuz satılır, eləmi?

- İki dəfə ucuz təklif edilir. İmkanı aşağı olan istehlakçılar daha çox dondurulmuş ət alırlar. Onu da sizə deyim ki, neçə vaxtdır bazara çıxarılan heyvanları müşahidə edirik, fiziki cəhətdən zəifdilər. Bu da heyvanların yaxşı yemlənmədiyini göstərir. Üstəlik, heyvanlar arasında xəstəliklər də geniş yayılıb. Heyvanların zəifləməsi xəstəliyin artmasına, mal-qarada başsayının azalmasına gətirib çıxaracaq.

- Belə çıxır ki, ətin qiymətində ucuzlaşma müvəqqətidir...

- Bəli, hazırda fermerlər heyvanı saxlaya bilmirlər, ona görə də dəyər-dəyməzinə satırlar. Heyvanı saxlamaq üçün yem lazımdır. Bayaq da dedim, yem istehsalı azalıb axı. Bu günlərdə İsmayıllının İvanovka kəndinin sovxoz direktoru deyib ki, onların yem ehtiyatı tükənib, bircə küləş qalıb. O da fevralın ortasına kimi görəcək. Bu, çox ciddi siqnaldır, çünki inkişaf etmiş ölkələrdə küləşlə heyvanı yemləmirlər, onun altına sərirlər. Yemə küləş qatmaq olar, bunun heyvana ziyanı olmaz, amma heyvanı təkcə küləşlə yemləmək mal-qaranı əldən salmaq deməkdir. Yeni ot may ayında çıxacaq, ona görə hələ ət bir az da ucuzlaşacaq, fermerlər hələ bir sıra çətinliklərlə üzləşəcəklər.

- Vahid bəy, heyvandarlıq ölkənin kənd təsərrüfatında yeganə rentabelli sahə sayılır. Baş verənlər bu sahənin rentabelliyinə təsir edəcəkmi?

- Rentabelliyə təsir edəcək. Fermerlər artıq etiraf edirlər ki, çəkdikləri xərci qarşılaya bilmirlər. Bizdə, ümumiyyətlə, ət istehsalı baha başa gəlir. Yem bazası yaradılmayıb, qida rasionu zəngin deyil. Bizim fermerlər bir heyvanda 4 günə bir kilo çəki artıra bilirlər, avropalı fermer isə mal-qarada bir günə bir kilo çəki artırır. Hətta qonşu Gürcüstanda da çəki artımı bizlə müqayisədə daha sürətli baş verir.

- Ətin qiymətində təbii ucuzlaşmaya nail olmaq üçün hökumət hansı yardımı edə bilər?

- Hökumət kənd təsərrüfatını sistemli dəstəkləməlidir. Heyvandarlıq həm də bitkiçiliyə bağlıdır. İlk növbədə bitkiçilik inkişaf etdirilməlidir ki, güclü, zəngin yem bazası yaradılsın. Kənd təsərrüfatı sahəsində ciddi islahatlar aparılmalı, kadr potensialı gücləndirilməlidir. Aqrar sahəyə ayrılan kreditlərin faiz dərəcələri aşağı salınmalıdır. Bazarda uzunmüddətli və təbii şəkildə ucuz ət istəyiriksə, sadaladığım və sadalamadığım bir çox problemlər həll olunmalıdır.

XS
SM
MD
LG