Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:21

Müharibə əlilinin məmurlarla torpaq «mübarizəsi»


Foto: Arxiv
Foto: Arxiv

-

«1994-cü ildə Sumqayıt şəhər İcra Hakimiyyəti Qarabağ Veteranları Birliyinə Sumqayıt şəhər 1 saylı çörək zavoduna yaxın ərazidə 100 kv.m. sahəsi olan torpaq ayırıb. Qarabağ Veteranları Birliyinin İdarə Heyəti və Sədrlər Şurasının razılığına əsasən, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova həmin torpaq sahəsinin mənim adıma özəlləşdirilməsinə dair məktub göndərilib. Başçıya çoxsaylı müraciətlərimə baxmayaraq, həmin torpaq sahəsini rəsmiləşdirə bilmirəm».

Sumqayıt şəhər sakini, Qarabağ müharibəsi veteranı Mübariz Ağaməmmədov «Qaynar xətt»ə yazır. Onun deməsinə görə, illərdir ki, sənədləri qaydasında olmasına baxmayaraq, torpaq sahəsini rəsmiləşdirə bilmir. Sumqayıt şəhər İcra Hakimiyyəti, Şəhər Memarlıq İdarəsi və yerli bələdiyyə tərəfindən süründürməçiliyə məruz qaldığını deyir:

«Qəbula yazılsam da, başçı məni qəbul etmir. Problemimlə bağlı uzun yazışmalardan sonra başçı Sumqayıt şəhər Memarlıq İdarəsinə göstəriş verdi. Ancaq məsələ yenə həllini tapmadı. Bu ölkədə heç kim özündən yuxarının tapşırığını yerinə yetirmir».

Müharibə əlili deyir ki, süründürməçilikdən bezərək Prezident Administrasiyasına üz tutub:

«Söz verdilər ki, Sumqayıt icra hakimiyyətinə tapşırıq verəcəklər. Hətta Prezident Administrasiyasından Sumqayıt şəhər İcra Hakimiyyətinə problemin həlli ilə bağlı tapşırıq da verildi. Həmin məktubun bir surəti də mənə göndərilib. Buna baxmayaraq, Qarabağ Veteranları Birliyi tərəfindən mənim adıma verilmiş torpaq sahəsi hələ də adıma rəsmiləşdirilməmiş qalır».

«SAHƏNİ SATMAQ ÜÇÜN ƏLLƏRİNDƏ SAXLAYIBLAR»

Əlil yazır ki, səngər həyatı səhhətində dərin izlər buraxıb. Uzun illərdir can ağrıları ona rahatlıq vermir. Üstəlik də:

«Bu yaxınlarda həkim müayinəsindən keçəndə məndə xroniki böyrək xəstəliyi də aşkar edildi. Bir böyrəyim funksiyasını itirmək üzrədir. İmkansızlıqdan müalicə oluna bilmirəm. Maddi vəziyyətimlə əlaqədar üz tutacaq kimsəm yoxdur. İşsizəm, 2 övladım və ailəmlə birgə valideyn himayəsində yaşayıram. Həmin torpaq sahəsini sənədləşdirə bilsəm, maddi vəziyyətimi yoluna qoyaram. 3 il Qarabağ döyüşlərində olmuşam, döyüşdə yaralanıb ömürlük əlilə çevrilmişəm. Ağlıma da gətirməzdim ki, məmurlar mənə qarşı belə laqeyd olsun».

Əlil problemlərindən ölkə başçısına yazır, Prezident Administrasiyası həmin məktubu Sumqayıt şəhər İcra Hakimiyyətinə yollayır. İcra hakimiyyəti də şəhər Memarlıq İdarəsinə göndərir. Beləcə, illər ötür, problem isə hələ də yerində qalır, yazışmalardan kar aşmır.

Sumqayıt şəhər İcra Hakimiyyəti məsələnin həllini şəhər bələdiyyəsindən asılı olduğunu bildirir.

Bələdiyyə isə bildirir ki, Sumqayıt Şəhər Bələdiyyəsinin torpaq fondunda sərbəst sahələr yoxdur, əlilin müraciətini həll etmək mümkün deyil.

Ancaq əlil bu cavabla razılaşmır:

«Sumqayıt Qarabağ Veteranları Birliyinə ayrılmış sahə tam sərbəst torpaqdır. Həmin sahəni satmaq üçün əllərində saxlayıblarsa, bu, başqa söhbətdir. Bələdiyyə səlahiyyətsiz bir qurum olduğundan onun funksiyasını icra hakimiyyəti ələ keçirib. Ona görə də, məsələ bələdiyyədə yox, icra hakimiyyətində həll olunmalıdır».

Hüquqşünas Vaqif Alıyev torpağı sənədləşdirmək üçün əlilə məhkəməyə müraciət etməyi məsləhət görür.

XS
SM
MD
LG